19 Yanvar 2018 16:34
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda arvadını bıçaqlamaqda təqsirli bilinən Hacıbala Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hacıbala Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq bağları adlı ərazidə Ülkər Şıxəliyeva atasının evində əri Hacıbala Məmmədov tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. İlkin müayinələr zamanı Ülkər Şıxəliyevada daxilə nüfuz edən bıçaq xəsarətlərinin olduğu aşkarlanıb.

Hadisəni törədən şəxs 2-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. İlkin izahatında saxlanılan şəxs bildirib ki, bu onun 3-cü evliliyidir. Ülkər Şıxəliyeva ilə hadisədən 1 ay əvvəl ailə qurub. Yenicə ailə qurmalarına baxmayaraq xarakterləri uyğun gəlmir.

Qeyd edək ki, bu, Ülkər Şıxəliyevanın da ikinci ailə həyatıdır. Birinci nikahdan 9 yaşlı övladı var.


Müəllif: Hacı Zeynalov