14 May 2018 10:16
2 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində tamah məqsədilə qadını öldürməkdə təqsirli bilinən Elçin Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Sevindik Əzizovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, bu il fevralın 27-də gecə saat 3 radələrində Gəncə şəhəri N.Nərimanov prospektindəki mənzillərdən birində yanğın baş verib.

Nəticədə mənzilin konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra orada yaşayan Natella Katiblinin yanmış meyiti tapılıb.

Məhkəmə tibbi ekspertizasının müayinəsi zamanı Natella Katiblinin boğaz nahiyəsində kəsiyin olması, qabırğalarının isə sınması müəyyən edilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Natella Katiblinin tamah məqsədi ilə boğularaq öldürülməsi, sonradan evinin yandırılması müəyyən edilib.

Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən qətlə yetirilən şəxsin qonşusu, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Mustafayev tutulub. Məlum olub ki, Elçin Mustafayev qadının evinə oğurluq məqsədilə girib.

İstintaqa ifadə verən Elçin Mustafayevin hadisə vaxtı sərxoş olduğu və qonşusunu pula görə öldürdüyü deyib. Qeyd edib ki, gecə saatlarında Natelladan 3 manat almaq üçün evinə gedib. Qadın pul verməkdən imtina edəndən sonra zorakılığa əl atıb.

Təqsirləndirilən şəxs qadının söyüş söyməsindən sonra daha da hiddətləndiyini deyib: “Bir də dedim, 3 manat ver. Dedi ki, pulum yoxdu, sonra məni söydü. Bundan əsəbləşdim, qadını özümdə olan bıçaqla vurmağa başladım. Gördüm, vəziyyəti pis oldu, ölümcüldür. Sonra onu boğmağa başladım. Qadın öləndən sonra evdə axtarış apardım, amma heç nə tapa bilmədim”.

O, qeyd edib ki, evdən mərhumun “Nokia” markalı mobil telefonunu götürüb.

Spirtli içki alüdəçisi olan Elçin Mustafayev qətli törətdikdən sonra evi yandırmaqla izi itirmək istəyib.

Elçin Mustafayevin ifadəsinə görə, mətbəxdən tapdığı neftlə evi yandırıb və sonra mənzili tərk edib.

İstintaq orqanı tərəfindən Elçin Mustafayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov