24 May 2018 15:11
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “İraq Hava Yolları” şirkətinin ofisində qətl törədən Elşən Bəşirovun apelyasiya şikayəti və prokuror tərəfindən verilən apelyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi barədə şikayəti təmin edilməyib. Həmçinin prokuror tərəfindən təqsirləndirilən şəxsə ağır cəza verilməsi barədə apelyasiya protesti də təmin olunmayıb.

Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi, mərhum Əli Ağalının atası Valid Ağayevin də apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar verib.

Qeyd edək ki, Valid Ağayev Elşən Bəşirovun ömürlük azadlıqdan məhrum edilməsini tələb edirdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Bəşirov 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu il yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən Dəmirçi Plaza MMC-nin binasında icarə əsasında fəaliyyət göstərən “İraq Hava Yolları” şirkətinə məxsus ofisdə qətl hadisəsi baş verib.

Həmin şirkətdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer Əli Ağalını qətlə yetirib. O, qətli “COBALT” markalı tüfənglə törədib.

Hadisədən əvvəl Elşən Bəşirov idarə etdiyi “Toyoto” markalı avtomobillə hava limanına gedib. Avtomobildə Əli Ağalı da olub. Yolda mübahisə yaranıb. Elşən Bəşirov evə qayıdaraq ov tüfəngini götürərək ofisə gəlib və Əli Ağalını öldürüb.


Müəllif: Hacı Zeynalov