19 Mart 2015 17:40
492

Bakı Apelyasiya Məhkəməsində qısqanclıq zəminində qardaşı arvadını öldürməkdə təqsirləndirilən Rəfael Quliyevin barəsində ittiham hökmünün çıxarılması ilə bağlı Baş Prokurorluğun protestinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Rəfael ötən il mayın 25-də qardaşı arvadı Əzəmət Quliyevanı öldürüb.

Hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. Rəfael Quliyev qardaşı arvadının başqa-başqa kişilərlə görüşdüyünü öyrənib. Buna görə də, qardaşı arvadını öldürmək qərarına gəlib.

Son hadisəyə kimi Əzəmət Quliyeva iki dəfə ölümlə üz-üzə gəlibmiş. Onu ilk dəfə qardaşı, sonra isə həyat yoldaşı bıçaqlayıbmış. Ancaq Əzəmət Quliyeva hər dəfə ölümün pəncəsindən xilas olub. Buna görə də, Əzəmətin həm qardaşı, həm də həyat yoldaşı həbsxana həyatı yaşayır. Lakin Rəfaelin vurduğu zərbələr Əzəmət Quliyevanın sonu olub. Rəfael indiyə kimi bir neçə dəfə narkotik cinayəti üstündə məhkumluq həyatı yaşayıbmış.

Bakı Ağır Cinayətlər Məhkəməsi Rəfael Quliyevin barəsində ittiham hökmü çıxarmayıb. Səbəb isə Rəfael Quliyevin cinayəti törədərkən anlaqsız olması olub. Məhkəmə Rəfael Quliyevin barəsində məcburi müalicə təyin edib və o, müalicə almaq üçün 1 saylı Rusi Əsəb Dispanserinə göndərilib.

Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək Rəfael Quliyevin barəsində ittiham hökmünün çıxarılmasını istəyib.

Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti üzrə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: