7 İyun 2014 12:58
499

Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib. Belə ki, toy məclisi zamanı baş verən hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Teleqraf.com Kanal S-ə istinadən xəbər verir ki, hadisə iyunun 6-da Balakən rayonunun Qazma kəndindəki toy məclisində baş verib. Hadisə zamanı toyda Balakən rayonu Qazma kənd sakini, Vəliyev Bayram Muxtar oğlu, Mirəliyev Həsən Vahid oğlu və daha bir neçə nəfər arasında rəqs etmək üstündə mübahisə yaranıb.

Məlumatlara görə, mübahisə zamanı içkili vəziyyətdə olan Həsən Mirəliyev evinə gedərək oradan bıçaq götürüb və toy məclisinə qayıdıb. O, Bayram Vəliyevlə yenidən mübahisəyə girişib və əlindəki bıçaqla ona xəsarətlər yetirib. Həsən Mirəliyev hadisə zamanı Bayram Vəliyevin bacanağının anası, Quliyeva Mahizər Abduləziz qızına da bıçaq zərbəsi vurub.

Xəsarət alan şəxslər Balakən rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Onların üzərində cərrahiyyə əməliyyatı aparılıb, müalicələri davam etdirilir. Həkimlərin sözlərinə görə, Bayram Vəliyevin vəziyyəti orta stabil, Mahizər Quliyevanın vəziyyəti isə orta-ağır hesab olunur.

Məlumatlara görə, hadisəni törədən Həsən Mirəliyev ömrünün 33 ilini məhkumluq həyatı yaşayıb və cəmi 6 ay əvvəl həbsdən çıxıb. Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Balakən RPŞ tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif: