7 Aprel 2016 15:19

Bu gün Ali Məhkəmədə “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində həbs olunan “Azad Xəbər” internet qəzetinin baş redaktoru Nicat Əliyevin kasasiya şikayətinə baxılıb.

Nicat Əliyevin vəkili Yalçın İmanov Teleqraf.com-a bildirib ki, prosesdə Nicat Əliyevin kasasiya şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 dekabr 2013-cü il tarixli hökmü qüvvədə saxlanılıb.

Nicat Əliyev və daha 9 nəfər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunub. Nicat Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən verilmiş apelyasiya şikayəti təmin edilməyib.

Bir müddət əvvəl Ali Məhkəmənin qərarı ilə digər təqsirləndirilən şəxslərin də kasasiya şikayəti təmin edilməmiş saxlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Əliyev 10 il, Elvin Nəzərov 9 il, Ceyhun Səfərli 9 il, Qorxmaz Camalov 7 il, Samir Hüseynov 7 il, Emin Tofiqi 7 il, Temirxan Hüseynov 7 il, Əli Əliyev 4 il, Səfər Məmmədov 3 il 4 ay, Valeh Abdullayev 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Əli Əliyev, Səfər Məmmədov və Valeh Abdullayev zamində olduqlarına görə məhkəmə zalından həbsə alınıblar.

İttihama görə, təqsirləndirilən şəxslər ötən ilin aprel-may aylarında Bakıda və Sumqayıtda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsinə etiraz olaraq dini ədəbiyyatları əldə edərək təhrif olunmuş formada ictimai yerlərdə yaymağa başlayıblar.

Onlar həmin il mayın 18-də Bakı şəhərində yerləşən “Məşədi Dadaş” məscidində “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsinə etirazla bağlı plan da hazırlayıblar.


Hacı Zeynalov


Müəllif: