24 Oktyabr 14:23
606

Bu yaxınlarda İstanbulda universitetlərin birində Azərbaycanı yaxşı bilən bir professor bunları dedi: “Biz artıq sizlərin cəsəd şəkli göstərməyinizdən yorulduq. Sizin ciddi ədəbiyyatınız, kültürünüz var, onlarla tanıdın özünüzü”.

Professor haqlı idi. Bəlkə də, türk millətləri içərisində yeganə bizik ki, 25 ildir, dünyaya özümüzü müti, əzilmiş, öldürülmüş kimi tanıdırıq. Əlbəttə ki, istər ermənilərin törətdiyi Xocalı soyqırımını, rusların həyata keçirdiyi 20 Yanvar qətliamını dünyaya yaymalıyıq. Amma Azərbaycan dünyaya, başda da qardaş Türkiyəyə ancaq bu mövzularla tanıdılmamalıdır.

Mühacirət mətbuatını 90 faiz oxumuş bir şəxs olaraq deyə bilərəm ki, mühacirlərimiz zamanında Azərbaycanı Türkiyədə daha yaxşı tanıdıblar. Albaniyadan tutmuş Əbülqasim Nəbatiyə qədər hər mövzu haqqında dərgilərində məlumat veriblər. Amma bu gün Azərbaycanda modern ədəbiyyatın, fikrin, fəlsəfənin əsasını qoyan Mirzə Fətəli Axundzadəni İstanbulda, demək olar ki, mütəxəssislərdən başqa kimsə tanımır. Hətta ədəbiyyatla məşğul olan insanlar da xəbərsizdirlər. Axundzadənin İstanbula 1863-cü ildə latın əlifbası gətirməsini eşidəndə isə heyrətlənir, inanmırlar. Bunun günahkarı onlar deyil. Mən günahı başqasında axtarmağın əleyhinəyəm. Demək ki, Axundzadəni tanıtmamışıq ki, bilmirlər. Bu yaxınlarda Türkiyədə Axundzadənin əsərlərinin nəşr tarixi ilə bağlı iki hissəli yazı yazdım. Məlum oldu ki, Axundzadənin nə öz əsərləri sistemli şəkildə çap olunub, nə də onun haqqında tədqiqat əsərləri yazılıb.

Türkiyə insanı Mirzə Fətəlini tanımır, onun ustadı, hələ XIX əsrdə Almaniyada əsərləri dəfələrlə çap olunan Mirzə Şəfi Vazehin adını isə ümumiyyətlə eşitməyib.

Türkiyədə böyük toplum Azərbaycanda cümhuriyyətin daha öncə qurulduğundan xəbərsizdir. Məhəmməd Əmin Rəsulzadə adlı bir şəxsin kim olmasını bilmir.

Azərbaycan yazıçılarının, şairlərinin əsərləri indiyə qədər prestijli, tanınan Türkiyə nəşriyyatlarında çap olunmayıb. Mirzə Ələkbər Sabirin “Hophopnamə”si “İş bankası” tərəfindən çap edilsə də, çox bərbad vəziyyətdədir.

Müasir Azərbaycan yazıçılarının əsərləri isə Türkiyədə tanınmayan nəşriyyatlarda çap olunur, böyük mağazaların heç birində rəflərdə olmur.

Əgər bu gün bir türkiyəli bir azərbaycanlını görəndə Axundzadədən, Rəsulzadədən, Hüseyn Caviddən, Ziya Bünyadovdan, Topçubaşovdan söz açmırsa, bunun günahı ilk növbədə bizdədir.

Bir ildən çoxdur, burada yaşayan biri kimi, əminliklə deyirəm ki, Türkiyə və Azərbaycan cəmiyyətləri arasında adını qoya bilmədiyim bir uzaqlıq var. Təbii, hər iki ölkədə mütəxəssislər, millətçilər mövzulara hakimdirlər, amma elə bu günlərdə “Sabah” qəzetində yaşanan qalmaqal göstərdi ki, neçə ilin yazarı Azərbaycan üçün necə həssas olan bir mövzudan xəbərsizdir.

Çıxış yolu nədir? Necə etmək lazımdır ki, sıravi bir türk Azərbaycan adını eşidəndə yadına “yahşi”, “ay balam” kimi ifadələr düşməsin?

Tək yol var. Başdan başlamaq. Sıfırdan. Özümüzü tanıtmaq üçün Türkiyədə ən yaxşı qəzetlərdə, jurnallarda, televiziyalarda nümayəndələrimiz olmalıdır. Azərbaycanla bağlı bir mövzu olanda “Hürriyyət” qəzetinin o an axtaracağı yazarlarımız, mütəxəsislərimiz yetişməlidir. Tək-tək uzun illərdir Türkiyədə çalışan alimlərimiz var. Məsələn, Toğrul İsmayıl kimi. Və ya müxtəlif konfranslarda iştirak edən azərbaycanlılar var. Amma çıxışı 80 milyona çatacaq şəxslərimiz həddindən artıq azdır.

Hər həftə “Agos” qəzetinin Azərbaycan əleyhinə necə fəaliyyət göstərdiyini gördüyüm üçün nəşriyyat məsələsinin çox vacib olduğunu düşünürəm. Böyük kitab mağazalarında Azərbaycanla bağlı “Teas Press” Nəşriyyat Evinin son zamanlar çap etdiyi nəşrləri çıxmaqla, heç nəyə rast gəlmək olmur. Yeri gəlmişkən, İstanbulun Kadıköy kimi məşhur ilçəsində kitab mağazasında “Teas Press”in yayımladığı Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti” kitabını görəndə çox sevindim. Tarixşünaslığımızda mənbə əsərlərdən olan bu kitabın çapı vacib idi.

Bəs, Azərbaycanda Türkiyə necə tanınır? Bu barədə isə sonrakı yazımızda.


Müəllif: Dilqəm Əhməd