2 May 2015 15:58
486

Dünən III Qlobal Bakı Forumu çərçivəsində paytaxtımızda olan Türkiyənin 11-ci prezidenti Abdullah Gülün Qafqaz İslam Ordusunun əsgərlərinin xatirəsinə həsr olunmuş abidənin önündəki çıxışına qulaq asdım.

Abdullah Gül on ildən çoxdur ki, ölkə siyasətini müəyyənləşdirən R.T.Ərdoğandan və əsas müxalifət partiyalarının liderləri olan Kemal Kılıçdaroğlu (CHP) və Devlet Bahçelidən (MHP) fərqli olaraq daha sakit, barışcıl mövqeli siyasətçi kimi tanınır.

Bu, onun həm prezident olaraq daşıdığı vəzifənin səlahiyyətlərindən irəli gəlir, həm də siyasi proseslərə hirslə deyil, səbirlə yanaşmanın daha düzgün qərarlar doğuracağına olan inamından qaynaqlanır.
Bir neçə gündür paytaxtımızda olan sabiq prezidentin vətəndaşlara və jurnalistlərə pozitiv münasibət göstərməsi də onun bu yanaşmalardan irəli gələn addımı idi.

Abdullah Gül 28 avqust 2007-ci ildə parlament tərəfindən prezident seçilənə qədər uzun müddət millət vəkili kimi fəaliyyət göstərib, nazir, hökumət sözçüsü kimi vəzifələrdə çalışıb. 2001-ci ildə Türkiyənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyasının təsisində iştirak edib, 2002-ci ildə 58-ci hökuməti quraraq baş nazir olub. Baş nazirliyi Ərdoğana təhvil verdikdən sonra 2003-2007-ci illərdə xarici işlər naziri, baş nazirin müavini olaraq fəaliyyət göstərib.

Ötən ilin avqustunda prezidentlik müddəti bitdikdən sonra isə onu xalq tərəfindən seçilmiş ilk prezident olan R.T.Ərdoğan əvəz edib.

Ərdoğandan fərqli olaraq Abdullah Gül prezidentliyi müddətində xalqın bütünlüyü üçün cəhd göstərən bir lider kimi tarixə keçdi.

Ərdoğandan fərqli olaraq, Gəzi hadisələrində o, barışcıl mövqedə dayandı, etirazçıların fikirlərini anlayışla qarşılayaraq proseslərin Türkiyənin imicinə zərbə vurmadan sona çatmasına çalışdı.

Eləcə də, Fəthullah Gülənlə hökumət arasındakı qarşıdurmalarda da tərəf olmağı seçmədi, bu oyunlardan həm öz şəxsi nüfuzuna, həm də xalqa ziyan dəyməməsinə çalışdı.

Ona görə də, Gülün AKP daxilində və kənarda kifayət qədər dəstəkçisi var idi. Bu amil isə Ərdoğan tərəfindən onun tezliklə dışlanacağını göstərirdi. Necə ki, onun baş nazir olmaması, Ərdoğanı Əhməd Davudoğlunun əvəzləməsi üçün təqvim oyunu quruldu.

Beləliklə, Abdullah Gül siyasətdən çəkilmiş görünsə də, çox güman ki, 7 iyul seçkilərindən sonra gələcək fəaliyyəti üçün ilkin addımlarını atmağa başlayacaq.

Çünki Ərdoğanın baş nazirliyi dönəmində xalqın 51 və 49 faizi arasındakı qarşıdurma onun prezidentliyi dönəmində də aradan qalxmayıb.


Ona görə də Abdullah Gülün digər AKP-lilərlə müqayisədə Türkiyəyə daha çox xeyri dəyə bilər.


Müəllif: Dilqəm Əhməd