5 Mart 2016 11:32
1 949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onda nərgiz gülləri şəhərdə hələ təzə-təzə görünməyə başlamışdı; təbii ki, əllərdə... Ancaq mən bu qəribə ətri olan ürkək, yazıq nərgizlərdən qabaq baharın gəlişini hiss eləmişdim, ondan da əvvəl balaca, darısqal otaqda mehriban bir qadın həkimin gülümsər suallarını cavablandıra-cavablandıra, təsəlli verdiyinə yox, diaqnoz qoyduğuna inana-inana onu dinləmişdim. "Ürəyimdə yanğı var" demişdim. "Keçib gedəcək". O da belə demişdi.

Yadındasa sən hələ onda burdaydın, sənə bir köşə həsr edəcəyimə boyun olmuşdum, amma o köşə bu deyil. Onu sonra yazacam. Sonra sənin "Unutmadığım adamlar" silsiləndən hekayələr oxudum.

Daha sonra Dostoyevskinin çoxdan oxuduğum, bəlkə də unutduğum, yaşımın azlığı, mütaliə təcrübəmin zəifliyi ucbatından o zamanlar tam anlayıb zövq ala bilmədiyim "Alçaldılmış və təhqir olunmuş adamlar"a təzədən qayıtdım.

Bu dəfə müayinəyə gedəndə indiyə qədər həkim qəbulunda olanda duymadığım bir hissi kəşf elədim: kimsə sənin canında, bədən üzvlərində, əslində bütün bioloji-ruhi varlığında meydana çıxan, təsir gücü qazanan bir yad (yad?) ağrını yox eləməkdən ötrü düşünə-düşünə, çarə axtara-axtara, əslində, elə səni düşünür! Bu, xoş hissdi. Bundan ötrü ağrımağa dəyər.

Onu da sənə demişdim: silsilədən "Gecə qonağı" hekayəsini mən Orxan Pamukun "yuxuyla ayıqlıq arasında" adlandırdığı bir vəziyyətdə, səhər obaşdan fikrimdən keçirirdim. Xanım Tenardyeyə bənzər, qaz buraxan qəddar xala bu "aralığa" gəlib girmişdi.

Qarışıq yazıram, eləmi? Bu bir stildi - adını belə qoyaq.

***

Bu yaxınlarda - deyəsən, builki baharı ilk dəfə onda hiss elədim - metrodan çıxanda hansısa neyro-proses nəticəsində birdən-birə burnuma on beş yaşımın qoxusu, varlığıma həmin dövrün duyğuları qayıtdı. O dövrün mənimçün iki baş motivi vardı -sevgi, böyük sevgi və yazmaq, hər şeyi yazmaq məcburiyyəti. Məcburiyyəti eşqlə də əvəzləmək olar. Əslində eşq göylərin məcburiyyətidi!

Əlbəttə, on beş yaş, yəni mənim "on beşim" təkcə bunlardan ibarət deyil, orda çox şeylər var. Sızıltılı müəmma, qəribə gələcək, dolğun ümid, uçmaq həvəsi, sehirli göyüzü, cəzbə çağıran üfüqlər...

Yadındasa, mən sənə bir kənd səfərimdən danışmışdım. Səhərin erkən vədəsində yola düşən sürücüylə birgə beş adamlıq balaca maşında, kəndçilərimizin arasında qəflətən canlandım, dirildim, qayıtdım. Hər oğlanın salam verməyə cəsarət eləmədiyi, amma əksəriyyətin yanından ürəyi döyünə-döyünə keçdiyi o qız da maşındaydı. Hamı bir yerdə, hamı mehribanıdı. İllər nə rəsmlər çəkir!

Hər şeyi yazmaq eşqinin baş qaldırdığı, yavaş-yavaş hökm qazandığı həmin gün kənddə nadir hallarda qarşılaşdığım bir sinif yoldaşımı da gördüm.

Mən keçmişdəkiləri nadir hallarda görürəm...

Budu, Dostoyevskinin romanındakı sətirləri bura köçürürəm: "İndi mən nə olubsa, hamısını yazmaq istəyirəm, mənə elə gəlir ki, əgər bu məşğuliyyəti tapmasaydım, darıxıb ölərdim. Bütün bu keçmiş təəssürat bəzən məni həyəcanlandırır, mənə əzab və iztirab verir. Əlimə qələm alıb bu təəssüratı yazsam, onlar daha elə həyəcanlandırıcı və qatmaqarışıq olmaz, sayıqlamaya, qarabasmaya az oxşayar. Mənə belə gəlir".

***

Saday Budaqlının hekayələrinin birində, səhv eləmirəmsə, "Firuzə qaşlı üzük"də bir fikir var. Təxminən belədi. Deyir, insan cavan yaşda intihara ona görə meyilli olur ki, həyata hələ sıx bağlanmır. Yaşlaşdıqca həyatla insan arasında bağlar möhkəmlənir, onları qırmaq çətinləşir.

Hətta intihar statistikasının artıb qarışdığı indiki dönəmdə də bu həqiqət tərpənməzdi, itkisizdi. Uzaqbaşı bu fikrə bir əlavə eləmək olar: insan yaşlaşdıqca onu intihar kəndiri yox, edam kəndiri çəkir.

Sən başa düşürsən ki, şərəf və ləyaqət, həqiqət və keçmiş, yazı və kitab naminə olan-qalan hər şeyi fəda eləmək olar, çünki deyəsən, Allah öz bəndəsinə bundan təmiz, bundan qorumalı bir əmanət bəxş eləməyib. "Ol zamanlar"dan indiyə kimi, çox şeyin keçib getdiyi çağımızda da bu həqiqət itki verməyib, aşınmayıb, kiçilməyib, oğlum mənim...

Mənim bu yazını Mövlud Mövluda həsr elədiyim bəyəm bu yerədək bilinmədi?

Yenə Dostoyevski, yenə "Alçaldılmışlar..." Növbəti sitat: "Dostum, sənin birinci əsərin barədə deyirəm. Qardaş, elə ki oxudum, az qaldı ki, abırlı bir adam olum! Lap az qaldı! Ancaq bir az fikirləşdim, götür-qoy elədim, bu qərara gəldim ki, abırsız adam olmaq daha yaxşıdır. Bəli, belə..."

Xeyr.


Müəllif: Qurban Yaquboğlu