23 İyun 2016 13:18
2 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

1983-1990-cı illərdə Mirzəağa Əliyev adına Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində, Moskva Teatr İnstitutunda Mark Zaxarovun kursunda təhsil alıb. Müxtəlif vaxtlarda “Azərbaycanfilm” kinostudiyasında “Akademstudioda”, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində çalışıb.

50-dən çox sənədli və festivallarda uğurla nümayiş olunub, mükafatlar alan “40-cı qapı”, “Nabat” bədii filmlərinin müəllifi və rejissorudur.

Həmsöhbətim kinorejissor Elçin Musaoğludur. Onunla “Azərbaycanfilm” kinostudiyasındakı otağında görüşdük.

"Əslində onu şərləmişdilər"

-Ötən həftələr sizinlə əlaqə saxlayanda çəkilişdə olduğunu dediniz. Deyəsən, yeni film üzərində işləyirsiniz?

-Bəli. Şəhid Natiq Qasımov haqqında sənədli film çəkirəm. Film maraqlı bir həyat hadisəsi üzərində qurulub. Çəkilişlər bitib, montaj mərhələsindəyik.

-Rejissor kimi daha çox sifariş verilən ssenariyə, yoxsa özünüzün müəllifi olduğunuz ssenariyə film çəkməyə üstünlük verirsiniz? Hansının çəkisi daha ağırdır?

-Uzun illər “Azərbaycantelefim” Yaradıcılıq Birliyində işləmişəm. Məni ora direktor Nazim Abbasov dəvət etmişdi. O, gənclərlə işləməyi sevirdi, onları qoruyurdu. Mən də, eləcə bu gün kinoda gördüyünüz bir çox insanlar məhz orda işləyib. 50-dən çox sənədli film çəkmişəm, onların əksəriyyətinin ssenarisini yazmışam, yaxud həmmüəllif olmuşam. Filmlərimin hamısını istəyərək çəkmişəm.

Təsəvvür edin, uşaq həbsxanasından bəhs edən “Qum dənəsi” sənədli filmim bir il müddətə çəkilib. Çünki mən o həbsxana həyatını bütün fəsillərdə göstərmək və orda zamanın mövcud olmadığını göstərmək istəyirdim. O filmdən sonra 150 uşaqdan 80-ni azadlığa buraxdılar. Filmi dostlarım Rafiq Həşimov və Elxan Nəbiyevlə birgə çəkmişəm. Belə filmləri gərək dostlarla çəkəsən... Çünki ancaq dost səninçün belə fədakarlıq edə bilər. Biz zamanında Rafiq Həşimov, Elxan Nəbiyevlə tandem halında işləyirdik, cəsarətli işlər görürdük. Yenə o fikirdəyəm ki, sənədli kinonun təsir gücü bədii filmdən güclüdür. Ona görə sənədli filmi sevirəm. İndiyə kimi mənə nə öyrədibsə ancaq sənədli kino öyrədib.

Həbsxanada bir oğlan vardı, guya adam öldürmüşdü. Əslində onu şərləmişdilər. Hər halda mən ona inanırdım. Filmdə həmin uşağın gündəliyindən istifadə etdik. Yəni filmdə qondarma heç nə etməmişdik. Hər şey həyatın özündən idi. Həbsdən çıxan uşaqlar Rafiqlə mənim yanıma gəlirdilər, biz onlar üçün iş düzəldirdik. Film bitəndən sonra da filmin qəhrəmanları ilə ünsiyyəti heç vaxt kəsməmişəm.

-Bu, enerjinizi almır?

-Əksinə, çox böyük keyf alıram. Vaxt tapan kimi onlarla zəngləşirəm, bayramlarda görüşürəm. Çünki ssenari yazanda bütün bu yaşadıqlarım mənə yardımçı olur. Bu kabinetdə otursam, heç nə yaza bilmərəm. Hərçənd Kafka deyir, otursan bütün dünya pəncərənin qarşısından gəlib keçəcək... Yalandır.

-Qəhrəmanlarınızın sonrakı həyatı ilə maraqlanmaq asan iş deyil. Məsələn, mən əksər müsahiblərimin sonrakı həyatını izləyə bilmirəm.

-Sizə deyim ki, bu bacarıq, bu vərdiş məndə çox sonralar yaranıb. Mən ümumiyyətlə, adamayovuşmaz olmuşam. Uşaqlıqda tənhalığı sevərdim. Maraqlısı odur ki, 4-5 yaşından bilirdim kino çəkəcəm. Peşənin adını bilmirdim, amma kino ilə məşğul olacağımı bilirdim. Uşaqlarla oynadıqdan sonra mütləq özümə vaxt ayırırdım. Uşaq ağlımla film çəkirdim: həm canini, həm müstəntiqi oynayırdım. Çox gülməlidir, amma belədir. Bir də çoxlu kinoya baxırdım.

İnsanlarla ünsiyyət qurmaq bacarığı məndə sənədli film çəkdiyim dövrdə başladı. Sənədli kinonu çəkmək üçün adamlarla ünsiyyət qurmalısan ki, onlar da sənin üçün açılsınlar. Heç yadımdan çıxmaz, “Qum dənəsi”ni çəkəndə ilk iki-üç ay həbsxanadakı uşaqlar çəkilişə imkan vermirdilər. Şuluq uşaqlardı, gah assistentlərə ilişirdilər, gah kameranı itələyirdilər. Günlərin bir günü müdriyyətdən icazə aldım və uşaqlarla təklikdə görüşdüm. Dedim, mən də uşaq vaxtı sizin kimi şuluq olmuşam. Badamdarda böyümüşəm, mən də polisə düşmüşəm, sadəcə mənim bəxtim onda gətirib ki, valideyinlərim məni vaxtında müdafiə edib. Fikirləşirəm ki, burda layiqli oğlanlar oturub və mən sizə kömək etmək istəyirəm. Bu filmdən sonra bir uşaq belə azadlığa çıxsa, mən özümü xoşbəxt hesab edərəm. Ona görə mənə kömək edin. Arxadan bir cüssəli oğlan ayağa qalxdı, uşaqlara bərk-bərk tapşırdı ki, bundan sonra bizə heç kim mane olmasın. Amma bir şərt kəsdi, dedi məni çəkməyin.

Həbsxanada keçirdiyimiz bir il ərzində bir çox filmin ideyası yarandı. “Şüşə oyuncaqlar” və “40-cı qapı” filmlərinin ideyası da orda yaranmışdı.

Böyüklərin həbsxanasından mənə ismarış göndərmişdilər ki, filmi görüblər və istəyirlər, bizdən də film çəksin. Dedim, daha bəsdir, artıq yorulmuşdum. Təsəvvür edin, bir il həyatımızı türmədə yaşadıq. Səhər saat 9-da ora girib, axşam saat 10-da çıxırdıq.

-Bu qədər əhvalatları yadınızda saxlayırsınız, yoxsa yazırsınız?

-Mən yuxularımı da yazıram, çünki sonra filmlərdə istifadə edirəm. Hadisələrin çoxunu yazıram. Yaddaşımda olan da var.

-Aktyor rejissordan, rejissor də prodüserdən asılıdır. Bu asılılığı qəbul edirsiniz?

-İnsan həmişə kimdənsə, nədənsə asılıdır. Ehtiyacsız yeganə Allahdır. Qalan hər kəs möhtacdır.

"O qadını tələbə ikən gördüm, atam isə hekayəsini yazdı"

-“Nabat”la bağlı mətbuat konfransında bir söz demişdiniz: prodüserin çəkiliş meydançasında gəlib rejissora nəsə deməsi, detalları soruşması doğru deyil. Amma bu gün dünyada filmi az qala rejissor yox, prodüser çəkir. Prodüser istədiyi vaxt rejissoru filmdən kənarlaşdıra bilir...

-Bu günki dünyanın prodüser qanunları belədir. Amma biz hələ keçmiş sovet qanunları ilə işləyirik. “Avanti” layihəsində iştirak edəndə prodüserlik barədə geniş bir kurs keçdik. Bu o demək deyil ki, prodüser istədiyi vaxt rejissorla vidalaşa bilər. Çünki yaxşı rejissor prodüserə lazımdır. Bizə indi əcnəbilərlə ko-prodakşn layihələrdə çalışmaq daha yaxşı olardı. Amma bunun üçün öncə hazırlıq keçməliyik. Ko-prodakşn açıq hesab-kitab, açıq düşüncə deməkdir. Maliyyə məsələləri şəffaf olmalıdır: sən nə qədər xərcləmisən, mən nə qədər xərcləmişəm... Orda “mən ölüm-sən ölümlə” iş keçmir.

-Bir rejissor kimi indi sizi nə maraqlandırır, nə çəkmək istəyirsiniz?

-Ona qədər hazır ssenarim var. Amma nəsə alınmır... Bilmirəm qocalmışam, böyümüşəm, amma nə hikmətdirsə, artıq o ssenarilərə qayıda bilmirəm. Baxmayaraq ki, “Nabat”ın ideyasının 30 yaşı var. Mən o qadını tələbə vaxtı görmüşdüm, sonra atama danışdım, o da hekayəsini yazdı. “Nabat”ın çəkilməsi də təsadüfən baş verdi. Əslində o vaxt mən başqa ssenari üzərində işləyirdim, ona “stop” deyiləndən sonra soruşdular, başqa nəyin var. Mən də “Nabat”ı apardım.

-“Nabat”dan söz düşmüşkən, çoxları filmin son kadrlarının uzun olduğu düşüncəsindədir. Amma siz bu iradlara qarşı israrlısız, qəbul etmirsiniz...

-“Nabat” belə çəkilməli idi. Filmin ritmi budur. Mən filmdə sükutun ritmini axtarırdım. Ayaz Salayev isə demişdi ki, bu film ruhlar haqqındadır. Gözəl deyib... Bizim film haqqında çox rəylər, fikirlər yazılıb. Ən çox xoşuma gələn isə bir alman tənqidçinin yazısı idi. O, məqaləsində yazmışdı ki, “mən filmə baxmağa gəldim, 15 dəqiqədən sonra ürəyimin ritmi dəyişdi və filmin sehrinə düşdüm. Hər şeyi unutdum, bir də filmdən sonra ayıldım”. Biz filmi çəkməyə başlayanda bu ideyanı əsas götürmüşdük.

Tamaşaçı bu filmə əlində popkorn gəlib baxmamalıdır. Filmin ritminə düşməyincə hesab edin ki, bu film sizin üçün yoxdur. Yaponiyada filmə baxanlar deyirdilər ki, bu, yapon filmidir. Almaniyada tamaşaçılar zaldan getmirdilər. Biz lokal mənada azərbaycanlıyıq, qlobal götürəndə hamımız dünya adamıyıq. Lokal düşünmək, qlobal hərəkət etmək...

-Həmişə, hər zaman?..

-Aytmatov yazırdı ki, sənin vətənin göbəyinin qanının düşdüyü yerdir. Amma sən bütün dünyanın adamı olmalısan.

"Bəzən festivallarda elə filmə mükafat verirlər ki..."

-“40-cı qapı”nın ardından “Nabat” da yetərincə festivallara düşdü. Hətta dünyanın nüfuzlu Venesiya Festivalında da nümayiş olundu. Festivalda iştirak edib, uğur qazanmaq üçün əlaqələr, yoxsa filmin keyfiyyəti önəmlidir?

-Bəzən əlaqələr hər şeyi həll edir. Bəzən festivallarda elə filmə mükafat verirlər ki, bunun məntiqini anlamağa çətinlik çəkirsən. Sadəcə ona görə ki, filankəsindir və filan ölkədəndir. Çox vaxt ölkənin taleyi sənətkarın taleyində önəmli rol oynayır.

Düşünmürəm ki, festivallarda mükafat almaq həmişə vacibdir. Adicə iştirak belə bəzən çox önəmli rol oynayır. Dünyanın “A” festivallarından biri Venesiya Festivalıdır. “Nabat” orda nümayiş olunanda birinci sual belə oldu: “Biz Azərbaycan kinosu haqda indiyə qədər heç nə eşitməmişik? Bizə tanıdın”.

-Deməli, əlaqələri qura bilmirik...

-Əlaqələrin qurulması çox vacibdir. Bunlar da festivallarda başa gəlir. Bizim bu gün kinomuza bir neçə xarici dil bilən prodüserlərə, distribyutorlara ehtiyacı var. Bu işə daha çox gəncləri cəlb etmək lazımdır.

İndi kinomuzda çox maraqlı bir tendensiya müşahidə olunur. İki “Motivlər” layihəsi təqdim olundu, hər birində 5 qısa metraj film çəkilib. Filmləri gənc rejissorlar çəkiblər. Onların əksəriyyəti xaricdə yaşayan və təhsil alan gənclərdir. Neçə illərdir ki, gənclərə belə şərait yaradılmırdı. Bu işi dəstəkləyənlərdən biri də mən olmuşam.

-2006-2016- cı illərdə Azərbaycan kinosunun keçdiyi yol, qazanılan, itirilən keyfiyyətlər nələrdi?

-Onu deyə bilərəm ki, indi gedən proses nəyinsə başlanğıcı, daha yaxşı istiqamətə getməsi deməkdir. Yeni kino haqqında qanun üzərində iş gedir. Ümid edirəm ki, yeni qanunun Azərbaycan sinemasına xeyri dəyəcək. Mən demirəm o qanun idealdır. İdeal olması üçün gərək bütün kinematoqrafçılar əl-ələ verib birgə çalışsınlar. Həqiqəti hamı bir yerdə bilir.

Bizdə bəzən deyirlər ki, hansısa rejissor aktyoru xaricdən gətirib. Lap yaxşı. Filmin müəllifi rejissordur. O görübsə, deməli, belə olmalıdır. Bu gün sinema konkret bir regionun deyil, dünya işidir. Biz də bundan istifadə edib özümüzü dünyada tanıtmalıyıq.

-Son illər çəkilən filmlərdə qadın rolları o qədər az və epizodikdir ki, aktrisaların etirazını bu mənada anlamaq olar.

-Bir Allah şahiddir ki, mən aktrisanı tapmaq üçün uzun müddət axtarışda oldum. Azərbaycanda iki nəfərin üzərində dayandım. Onlardan biri ümumiyyətlə görüşə gəlmədi, dedi, mən “prob”a gəlmirəm. İkincisi dedi ki, bağışla, təzyiqim olduğundan dağa çıxa bilmərəm. Ona görə də mən Türkiyə, Özbəkistan, Tacikistan, Qazaxıstanda axtarışlar apardım. Türkiyədə aktrisa Yıldız Kültürü çox sevdim, onu məmnuniyyətlə çəkərdim, amma “Ay yapım” şirkəti ilə müqaviləsi olduğuna görə alınmadı.

Bir balaca sözü dəyişsək, deyir, cənnət qadınların ayağı altındadır. Məncə, bu hədis hər şeyi izah edir. Hər halda mənim üçün... Və inanın ki, bu dünyada yaxşı nə varsa ona görə biz analara-qadınlara minnətdar olmalıyıq.

"Artıq ona qayıda bilmirəm"

-Elçin müəllim, söz-sözü çəkdi, söhbət uzandı, amma mən “indi nə çəkmək istəyirsiniz” sualıma cavab almadım...

-Yarımçıq evlər haqqında bir yazı oxudum, bütün dünyam dəyişdi. İndi o haqda bir ssenari yazıram.

-Nə vaxtsa ola bilərmi, adınızı hansısa filmin ssenari müəllifi qrafasında görək? Özünüz çəkmək istəmədiyiniz ssenarinizi başqa rejissora verərsinizmi?

-Böyük məmnuniyyətlə verərəm. Bir ssenarim var ki, istərdim onu kimsə çəksin. Çünki özüm ona artıq qayıda bilmirəm. Hərçənd sevib yazmışdım, indi sevə bilmirəm. Ona bənzəyir ki, uşaq vaxtı kimisə sevirsən, böyüyürsən, daha sevimli deyil... Ya da o səni sevmir. Qonşu qızını məsələn... Amma mən qonşu qızını sevmişəm, ailə qurmuşam.

-Hələ də sevirsiniz?

-Hələ də sevirəm...

-Deyirlər sevgi üç ildən, on ildən, uşaqlar olandan sonra ölür.

-Yox, bu, enerjinin bir formadan başqa formaya keçidi kimidir. Bütün ailələrdə çətin dövr olur. Bəzən o ailəni daha da bərkidir. Belə bir deyim var ki, kişilərin hamısının içində bir Odissey yatır. Mən bununla tam razıyam. Baxmayaraq ki, Odissey xanımını qoyub gedir. Mənsə xanımımla bərabər gedib, dünyanı gəzərdim...

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər