“Abbas Kiarostaminin ölüm xəbərini oxuyanda Qodarın onun haqda dediyi bir fikirlə rastlaşdım: “Kino Griffitlə başlayıb Kiarostami ilə bitir”.
Mübahisəli fikirdir. Amma məsələ bunda deyil. Məsələ dahi bir rejissorun, ümumiyyətlə dünya kinosunun Kiarostamiyə verdiyi qiymətdədir. Və bu qiymətdə zərrə qədər də olsun mübaliğə yoxdur”.
Bunu Sim-sim.az-a açıqlamasında tanınmış jurnalist, kinoşünas Sevda Sultanova deyib.
Sevda Sultanova bildirib ki, onu Kiarostaminin yaradıcılığında heyrətləndirən onun özünü təkrarlamadan, fərqli kino fəndlərindən istifadəsi, qeyri-müəyyənliyin ustası Antonionini yamsılamadan öz müəmmalı, çoxmənalı, saysız yozumlara açıq olan qeyri-müəyyən kinosunu yaratmasındadır: “Onun neorealizmlə mistikanı, kino sərhədləri ilə gerçəkliyin sərhədlərini ustaca, jonqlyora xas çevikliklə, hiss olunmadan itirməsinə, pozmasına heyranam.
Kiarostaminin əksər filmləri road moviedir, yol filmidir yəni. “Şirin” filmində isə o bundan imtina edir, son dərəcə məhdud məkanda işləyir, həddən artıq minimalizmə gedir, risqli forma seçir. Bütün film kinozalında qadınların Nizaminin “Fərhad və Şirin” əsəri əsasında film izləməsindən ibarətdir. Filmin dramaturgiyası zalda əyləşən qadınların üz ifadələri üzərində qurulub və təsəvür edin ki, belə bir radikal kamera filmi birnəfəsə baxılır. Yaxud “Surəti uyğundur” postmodern fəndlə işlənib.
Kiarostaminin ölümünə kədərlənmədim. Çünki o bir sənətkarın aruzusunda olduğu hər şeyi elədi, ən yüksək səviyyədə. Öz missiyasını ləyaqətlə yerinə yetirdi, dünya kinosuna adını yazdı, öz nəfəsini gətirdi, İran kinosunun siması oldu, bu ölkənin imicinin müsbətə doğru dəyişməsində rol oynadı. Daha nə olsun ki?! Bir rejissor üçün bundan böyük xoşbəxtlik ola bilməz”.
Abbas Kirastami dünən gecəyarısı Parisdə 76 yaşında dünyasını dəyişib.