5 Avqust 2016 15:50
1 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onu belə xatırlayırlar: yalnızların, kimsəsizlərin, dilənçilərin, çirkinlərin, əcaib insanların şəklini çəkən fotoqraf. Nyu-yorklu fotoqraf Diana Arbuz həyatı boyu ancaq tənha insanların çəkib...

Onun haqqında bilinən məlumatlar çox ənənəvidir: varlı bir kürk tacirinin qızı, dayələrlə, xidmətçilərlə, aşpazlarla, sürücülərlə böyüyür. Gənc yaşlarında bir kişiylə qoşulub qaçır, sonra boşanır. Həyatını qəribə adamlarla, heç kimin üzünə belə baxmadığı insanları kameranın yaddaşına köçürməklə, çox böyük jurnallara fotolar çəkməklə keçirir və evinin hamamında biləyini kəsərək intihar edir.

Qalanı bildiyimiz şeylər: dostları gəlir, polis gəlir, intihar hadisəsi sənədlərə keçir və bitir. İntihar hesabatında 45 kilo olduğu yazılanda daşıdığı yükə dözmədiyi nəzərə alınmayıb. Uşaqları isə analarının ölümündən 36 il sonra binanın anbarından qutunun içində onlarla foto, yüzlərlə fotolent tapıb muzeyə təhvil veriblər. Hamının hekayəsini sürətlə danışanda ancaq bu qədər olur: uzağı bir paraqraf.

Arbuz özü isə həyatın qaranlıq tərəfində dayandığını belə nəql edib: “Ailəmin sərvəti mənə həmişə bir qüsur kimi görünüb, bundan utanmışam. Həyatım həmişə yalqız bir şahzadəni xatırladırdı”.

Ərindən boşanandan sonra “Vogue”, “Harper’s Bazaar”, “Esquire” kimi jurnallar üçün foto çəkməyə başlayır. Ancaq modelləri çəkmək ona bəs etmir: “Modellər plastikdir, süni güllərdən fərqi yoxdur”.

Fotosunu çəkdiyi adamlarla birgə vaxt keçirirmiş, bəzən günlərlə, bəzən həftələrlə bir yerdə olur: “Küçəyə çıxana qədər çətinlik çəkərdim, fotosunu çəkdiyim adamlara yaxınlaşana qədər qarnım ağrıyardı. Çünki doğulduqlarından bəri cəmiyyət tərəfindən yalnız buraxılan insanlarla danışmaq çətindir”.

Niyə məhz bu adamların şəkillərini çəkdiyimi soruşanda isə belə cavab verərmiş: “Sənətin çox da lazımlı bir şey olduğunu düşünmürəm. Mənim onları çəkməyimin səbəbi, mən onları çəkməsəm, heç kimin onların üzünə baxmamasıdır”.

Çox adam həyatda travmalı təcrübə yaşamaqdan qorxur. Bu adamlar isə öz travmalarıyla doğulduqlarından həyat imtahanından onsuz da keçiblər. Onlar aristokratdırlar”.

Arbuz onları çəkmək üçün sirkləri, lütlər düşərgəsini, parkları, ucuz, iylənmiş otel otaqlarını, ruhi dispanserləri gəzib dolaşır. O insanlar yalnız idi, ancaq yanlarında Diana Arbuz var idi.

O, heç vaxt ata minməsə də, foto çəkməyi ata minməyə bənzədirmiş. Düşünürmüş ki, atın üstündə duran yerdə qalanını da həll edər. Çəkdiyi bərbad şəkillərdə belə möhtəşəm bir gözəllik olduğunu hesab edərmiş.

Həmişə darıxırmış. Çinlilərə görə, əgər bir insan çox darıxırsa, bu sıxıntının ardınca sehirli anlar gələcək. Arbuz da şəkillərini çəkməyə razı saldığı adamları – fahişələri, avtobusda gedərkən çantasını bərk-bərk tutan kürklü qadını, döşləri sallanaraq kulisdə gözləyən sirk işçilərini, güzgü qabağında siqaret çəkən transseksualları səbirlə gözləyərmiş. Çünki bu boyda sıxıntının gözəl bir nəticə verəcəyini bilirmiş...

Sevinc


Müəllif:

Oxşar xəbərlər