Əməkdar artist Xalidə Quliyeva yeni seriala çəkilir.
Bu barədə aktrisa özü Teleqraf.com-a məlumat verib: “Bu gün yaradıcı heyətlə ilk toplantı keçirildi. Mən serialda nənə rolunu oynayacam. İmkanlı bir nənədir. Balaları, nəvələri maddi cəhətdən bu qadından asılıdır. Bu qadın onları idarə edir, istəyir ki, hamı onun fikri ilə razılaşsın. Ailədə diktator olmağa çalışır.
Həftəsonu mətnin oxunuşu olacaq, yəqin gələn həftədən çəkilişlərə başlayarıq. Serialın rejissoru Rüfət Şahbazovdur”.
Mənfi bir nənə rolunu yaradacaq olan aktrisa gələn tənqid və etirazlara hazırlıqlı olduğunu qeyd edib: “Yazılanları çox vaxt oxumuram. Çünki bilirəm ki, rolumu kimsə bəyənsə də, kimsə bəyənməyəcək. Onlar obraza münasibəti yazdıqları ilə bildirirlər. Amma sənət nöqteyi-nəzərindən aktyor işimə qarşı heç vaxt mənfi fikir eşitməmişəm. Çalışıram ki, tamaşaçıların ümidini doğruldum. İstəyirəm ki, obrazım inandırıcı, təbii, səmimi olsun.
Mənfi obrazın da mənfi olma səbəbi olur. Mən aktrisa kimi o səbəbləri tapıb, onları tamaşaçıya göstərərək obrazıma haqq qazandırmağa çalışıram”.
Nərmin