1965-ci ildə 70 yaşında dünyasını dəyişən qəzəl ustadı Əliağa Vahid yeganə radio-müsahibəsini ömrünün son illərində verib. Müsahibənin gedişində özü də aparıcıya təəccüblə deyir ki, necə oldu sizə razılıq verdim, bunu heç özüm də bilmirəm. Amma indi də radionun arxivində saxlanılan müsahibədə Vahid çox səmimi və sadədir.
Aparıcının suallarına qətiyyən özündənrazı cavab verməyən Vahid dövrün bütün tarixi mənzərəsini sadə nitqində əks etdirir. Seyid Hüseyndən tutmuş, Məmmədəli Sidqi, Həsən Səyyar, Məşədi Azər və başqaları haqqında maraqlı söhbətlər edir. Cəfər Cabbarlı haqqında dedikləri isə daha maraqlıdır.
Moderator.az həmin radio-müsahibəyə istinad edərək Vahidin Cəfər Cabbarlı haqqında dediklərini təqdim edir:
“Cəfər məndən 4 yaş kiçik idi. Yaxşı şeirlər yazardı. Amma bədahətən mənim kimi demirdi. Deməyinə deyirdi, amma çox yavaş. Səməd də deyirdi (Səməd Vurğunu nəzərdə tutur). Amma o, bədahətən Cəfərdən də yavaş deyirdi.
Bir əhvalatı danışmaq istəyirəm. Düzdü, belə şey mənə başucalığı gətirmir, amma yadıma düşübsə, gərək danışım. Bir gün Həsən Səyyarla səhər görüşdük. Başımız möhkəm ağrıyırdı. Dedim gedək Məmmədəli Sidqinin yanına - Ordubadlı, çox yaxşı adam idi. Getdik gördük yerində yoxdu. Bir də gördük Cəfər gəlir. Kefimiz kökəldi. Ondan bir 3 manat alacaqdıq. O vaxtın 3 manatı da indiki pulla 40-50 manat eləyirdi. Hə, salam-əleykdən sonra 3 manatı dedim. Cəfər dedi tələsmə, bir az gözlə, evdə Sona xanım hər şey hazırlayıb. Getdik gördük doğrudan da Sona xanım yaxşı süfrə hazırlayıb. Cəfər evində qonaqlıq verməyi çox sevərdi. Amma biz yenə əl çəkmədik. Cəfər gördü bir xeyri olmayacaq, onda mənə dedi bir qafiyə deyəcəm, əgər sənin həmin qafiyəyə qoşduğun misralar xoşuma gəlsə, 3 manatı verəcəm, gəlməsə, yox! Dedim Cəfər, sən bilirən ki, mən hər vəziyyətdə bədahətən söz deyirəm. Qafiyəni dedi, mən də “Zalımın fitri-fəsadından Allah saxlasın” misrası ilə başlayan qəzəli o qafiyənin ardınca dedim. Cəfərin çox xoşuna gəldi. Cibindən şax onluq çıxarıb mənə verdi. Səhərdən 3 manata görə, arxasınca düşmüşdük, onu vermirdi. Amma qəzəldən sonra şax onluq çıxarıb verdi”.
Elmin Nuri