Teleqraf.com Mövlud Mövludun “Savaşdan doymayan” yazısını təqdim edir:
– İçirmi?
– İçir.
– Çəkirmi?
– Çəkir.
– Arvadını döyürmü?
– Arvadı nədi, hələ qayınanasını da!
– Menecerini də vurub, deyirlər.
– Hə, kələk gəlibmiş. Gedib ofisə, çənəsinə birini ilişdirib.
– Bəs niyə insanlar onu bu qədər sevir?
– Hə, qəribədir, çox sevirlər. Məğlub olduğu boksçulardan da çox…
“Uşaqlıqda göyərçin saxlayırdım. Göyərçinlər dəhşətli və ümidsiz reallıqdan qaçmağa kömək edirdilər. Kök və hərəkətsiz uşaq olmuşam. Oğlanlar həmişə pulumu əlimdən alıb, məni təhqir edirdilər. Bir gün quşlarımdan birinin başını üzdülər və mən dəliyə döndüm…”
1991-ci ilə qədər keçirdiyi 36 döyüşün hamısından qalib ayrılan Tayson həmin il ilk dəfə məğlub olur. Mətbuatda onu göylərə qaldıran jurnalistlər yerdən-yerə vururlar, dostları Maykdan səssizcə qırılır. Üstəgəl, sevdiyi qadınla yaşadığı qarğaşalar!
Beləcə, başı üzülmüş göyərçinin çırpınan bədəni Maykın zədəli uşaqlıq yaddaşının ürkək pərdələrini yırtıb, üzə çıxır. Zəncirvari nadincliklər başlayır; Amerika gözəllik yarışmasının qalibini zorlamaq, gecə barlarında nəzarətçiləri vurub aşırmaq, kokaindan asılılıq, menecerini döymək, arvadına, hətta qayınanasına əl qaldırmaq:
“Birinci arvadım aktrisa idi. Onu çox sevirdim. Ancaq bir gün ayıldım ki, mənə məhəbbəti yoxdur, sadəcə, anası ilə birləşib pullarımı xərcləyirlər. İkisini də döydüm”.
Taysonun meneceri ilə münasibətləri Koroğlu ilə Keçəl Həmzənin “dostluğ”unu xatırladır. Koroğlu Keçəl Həmzənin namərdlik edəcəyini ağlının ucundan belə keçirmirdi. Ona görə də Həmzə Qıratı qaçırıb, kitabında namərdlik yazmayan Koroğlunu aldada bilmişdi: “Menecerimin pulu öz adına keçirmək istədiyini eşidəndə dəli oldum. Bunu heç vaxt ağlıma gətirməzdim. Axı biz uzun illər idi birlikdə işləyirdik. Məsələni öyrənən kimi ofisə gedib, onu döydüm”.
Bu əhvalatı eşidənlər Maykın başını itirdiyini, işlərini aparan adama əl qaldırdığını deyirdilər.
1997-ci ildə döyüş zamanı rəqibi Evander Hollifildin qulağını dişlədiyinə görə diskvalifikasiya edilir. Dəfələrlə rinqə qayıdıb, əvvəlki nüfuzunu qaytarmaq istəsə də, heç nə alınmır. Dəmir Mayk Lennoks Lyuisə, Denni Vilyamsa, axırda Mak Bredə məğlub olur.
Sonuncu məğlubiyyəti barədə mətbuata deyirdi: “Daha döyüşmək istəmirəm. Rinqə çıxmağımın səbəbi borclarımdır. Çoxlu borcum var. Ona görə döyüşməyə razı oldum. Bu gün boksla vidalaşıram…”
Mayk Tayson erası bitir. Yalan dünya Dəmir Mayka da qalib gəlir.
Qızı Eksodusun müsibəti də onun həyatının dönüş nöqtəsidir:
“Dörd yaşında evimizdəki məftillərin içində dolaşıb, boğulmuşdu. Həkimlər heç nə edə bilmədilər. Bu hadisədən sonra iki yolum vardı. Ya küçəyə çıxıb kimisə öldürməli, ya da yeni həyata başlamalı idim. Mən ikincini seçdim. Çünki yerdə qalan səkkiz uşağım mənimlə nəfəs alır. Qızımın ruhunu şad etmək üçün yaşamalı idim”.
Onun barəsində bir sənədli film var. Filmin sonunda indiki ailəsi ilə birlikdə dəniz kənarına çıxır. Pələng Mayk qızı ilə oynayanda pişiyə dönür. Cuppulu, qapqara Liza zərif əllərini düyünləyib, atasına yumruqcuq vurur. Pah! Qəhrəmanımız bir teatr açır ki, gəl görəsən. Arxası üstə yerə yıxılır, kor-kobud səsi ilə guya qışqırır:
– Liza çempioooon! Liza çempioooon! Liza çempioooon!
O nəhəngliyində adamı – atasını yerlərdə sürünən görən Liza uğunur, böyük sevinclə atılıb-düşür.
Filmin sonunda Mayk dənizə baxır. Lap bizim şairlər kimi. “Kimdir şair?” – düşünürəm. Qələm yoldaşının səsini diktofona yazan bizimkilər, yoxsa aldanışların adamı, zəmanəmizin “Don Kixot”u Dəmir Mayk?
Taysonun səsi gəlir:
“Səkkiz uşağım var. Lakin düşünürəm ki, heç vaxt yaxşı ata olmamışam. Duman içində yaşamışam. “Dəmir Mayk” olan vaxtlarımda xoşbəxtliyin nə olduğunu bilmirdim. İndi ailəmi xoşbəxt etmək istəyirəm. Mən sizin tanıdığınız Mayk deyiləm. Şübhəsiz, mən daha yaxşı adamam”.
Etimad Başkeçiddəndir, deyir:
– Dostum, tüm dünyanın qaranlıqları,
Yığılsa, bir mumun vecinə gəlməz.
Yüz türlü söz söylər yüz türlü xiyar,
Yenilən pəhləvan savaşa doymaz.
Biz bu savaşda səninləyik, Mayk!