27 Oktyabr 2016 16:07
2 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən rahatlıq bilmirəm. Uzaqlarda olan şeylərin həsrətindəyəm. Könlüm tutqun uzaqların kənarına toxunmaq arzusu ilə çırpınır.

Ah, ey o aləm, sənin neyinin o füsunkar çağırışı!

Mən unuduram, həmişə unuduram ki, qanadlarım yoxdur, bura əbədilik bağlanmışam.

Mən yanıram, gözlərimi yuma bilmirəm, mən yad bir ölkədə qəribəm.

…Mən unuduram, daim unuduram ki, tənha yaşadığım evin bütün qapıları bağlıdır”.

Rabindranat Taqorun mənsur şeirlərindən biridir. 14 yaşında anasını itirdikdən sonra tənha və qapalı həyat sürməyə başlayıb Taqor. Ev şəraitində, Kəlküttədəki Şərq seminariyasında və Benqal Akademiyasında təhsil alıb. Benqal dilinin, tariх və mədəniyyətinin mahir bilicilərindən olub. Səkkiz yaşından şeir yazıb, “Səhər nəğmələri”ni, “Axşam nəğmələri”ni yazıb, elə hey yazıb…

Taqor Padma çayı üzərindəki romantik mənzərəli sarayda yaşayır, tez-tez səyahətlərə çıхırmış. Bu, ona benqal kəndlərinin həyatı ilə yaхından tanış olmaq imkanı verirdi. Yerli sakinlər arasında "Zəmindar Babu" kimi məşhurlaşan şair həmvətənlərinin böyük məhəbbətini qazanır. Daim хalq arasında olur, həm məktəbdə dərs deyir, həm tarla işləri görür, həm müəllim və filosof kimi insanlarla təmas qurur, həm də şeirlər, hekayələr, hind tariхi ilə bağlı kitablar, dərsliklər və pedaqogikaya dair məqalələr yazır.

"Poetik təfəkkürünün müstəsna bir ustalıqla əks edildiyi və Qərb ədəbiyyatının bir hissəsinə çevrilən gözəl, orijinal, hissiyyat dərinliyi ilə seçilən şeirlərinə görə" aldığı Nobel mükafatının pul hissəsini bütünlüklə qurucusu olduğu universitetin hesabına köçürür.

Taqor 70 yaşının astanasında özünü rəssam kimi sınamağa başlayır. Bu qədər bacarığa, yüksək keyfiyyətlərə malik nəcib və xeyirxah Taqor darıxırdı, rahatlıq tapa bilmirdi. Bir tərəfdən də, sadə məzmunlu şeirlər yazması, şeirlərində söhbətləşməsi, dərdləşməsi müasirlərinin narazılığına səbəb olurdu.

Şeirlərində uşaqlıqda bir gün axar suya kağız gəmi buraxdığını, öz oyunundan sevindiyini, özünü xoşbəxt sandığını deyən Taqoru qınayırdılar:

“Axar suya kağız gəmi buraxmışdım. Birdən qara buludlar sıxlaşdı, külək əsdi, bərk yağmur başladı.
Bulanıq sular sel kimi axdı, çay daşdı, mənim gəmimi batırdı.

Mən qəm-qüssə içində düşündüm ki, fırtına elə mənim xoşbəxtliyimi əlimdən almaq üçün qopmuşdu.
Onun bütün qəzəbi mənə qarşı idi.

İndi tutqun iyul günü uzanıb gedir, həyatımda oynadığım bütün oyunları, bütün uduzduğum oyunları xatırlayıram.

Mənimlə belə acı-acı əylənmiş taleyimə lənətlər yağdırarkən, birdən, çayda batmış kağız gəmimi xatırladım”.

Onsuz da onun kağız gəmisi çayda batmışdı. Niyə qoymurdular dərdini desin, niyə qınayırdılar onu?! Varmı bu sualın cavabı? Bilmirəm…

***

Taqorla Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandi dost idi. Taqor həmvətənlərini elmə, maaarifə yiyələnməyə, haqlarını başa düşməyə, fikir və ideya ilə fəal mübarizə aparmağa çağırırdı. Qandi isə dinc mübarizənin tərəfdarı idi. Taqor dostuna “Mahatma”, yəni “Ulu ruh” adını vermişdi və Qandi dünyada daha çox bu adla tanınmışdı.

Dindar olan anasının yanında keçirdiyi uşaqlıq illərində Qucaratdakı Caynizmin də təsiri ilə Qandi canlılara zərər verməmək, mənəvi təmizlik üçün oruc tutmaq, müxtəlif dini inanc və kastalardan olanlar arasında qarşılıqlı tolerantlıq kimi vərdişlərə yiyələnmişdi.

O, hər vəziyyətdə pasifizm və realizmi müdafiə edərək bu düşüncələrini həyata keçirir. Özünə sadə bir həyat qurur. Yunəyirənlə toxunan ənənəvi dhoti və örtük kimi paltarlarını da özü hazırlayır. Həm mənəvi təmizlik, həm də etiraz etmək məqsədi ilə bəzən bir aydan da çox davam edən oruclar tutur.

Qandi gənclik illərində Porbandar və Rackotda orta səviyyəli bir şagird idi. Bhavnaqarda yerləşən Samaldas Kollecinin qəbul imtahanından çətinliklə keçə bilmişdi. Ailəsi onun vəkil olmasını istədiyi üçün kollecdə də xoşbəxt deyildi. Onu da xoşbəxt olmağa qoymurdular…

Qandi həyatını həqiqəti tapmağa həsr edir. Bu məqsədinə çatmaq üçün səhvlərindən nəticə çıxarır və öz üzərində sınaqlar həyata keçirir. O, ən önəmli mübarizənin daxilindəki şeytanı, qorxu və güvənsizlikləri məğlub etmək olduğunu deyirdi.

Onu evinin bağçasında gecə gəzintisi edərkən vururlar. Cəvahirləl Nehru radio ilə ölkəyə etdiyi müraciətində belə deyir: “Dostlar, yoldaşlar, işıq bizi tərk etdi və hər yerdə yalnız qaranlıq var. Daha onu görə bilməyəcəyik, məsləhət almaq, ya da təsəlli etməsi üçün onun yanına qaça bilməyəcəyik. Bu, təkcə mənim üçün yox, bu ölkədə yaşayan milyonlar üçün də çox ağır zərbədir”.

Qandini kimin öldürməyinin fərqi yoxdur, sadəcə, insanlar işığı qorumağı deyil, yox etməyi seçmişdilər…

***

“Qandini mən öldürməmişəm” adlı bir hind filmi var, Caxnu Barua çəkib. Filmdə Uttam adlı yaşlı adam özünü Qandinin qatili hesab edir. İnanır ki, uşaq vaxtı oynayanda bilmədən Qandini öldürüb. Bu yaşlı çağında ömrünü içindəki bu “qatil”lə mübarizəyə həsr edir. Yaddaşını itirir, tənhalığa çəkilib qapını kilidləyir, gah yemək yemir, gah od vurub evi yandırır.

Uttamı dəlixanaya da salırlar. Onu heç kim başa düşmür, başa düşmək istəmir. Amma dediyindən dönmür, elə hey deyir Qandini mən öldürmüşəm. Axırda “Qandini öldürdüyünə” görə onu “həbs edirlər”. Bu, yaşlı adamı müalicə etmək istəyən yeganə həkimin ideyası olur. Sonda Qandinin şəklini görən Uttamın yaddaşı oyanır və ağlamağa başlayır. Deyir Qandini mən öldürməmişəm. “Qandini öldürmək bilirsiniz nədir?” deyə üzünü məhkəmə zalındakı adamlara tutur və uzun bir çıxış etməyə başlayır. Onun ürəyi dolu idi, uzun illər başa düşülməməkdən, tənhalıqdan yorulmuşdu, bu yükdən azad olmaq istəyirdi.

Ona görə də ağlayaraq danışır, danışır, danışır. Amma Uttam ancaq və ancaq bunu demək istəyirdi: “Qandini öldürmək işığı qaranlığa həbs etmək, həqiqətə göz yummaqdır, başa düşmək istəmədiyiniz adamlara “dəli” deməkdir”. Deyir bax Qandini siz, bu cəmiyyət öldürüb.

O filmə baxandan elə bilirəm Qandini öldürən mənəm, mənim atamdır, anamdır, qardaşımdır, bacımdır, dostlarımdır, iş yoldaşlarımdır… Bu boyda qatilin arasında yaşamaq çətinləşir. Amma Qandi fəlsəfəsini və həyata baxışını avtobioqrafik kitabında belə açıqlayırdı: “Ümidsizliyə qapananda tarix boyunca düzgünlük və sevginin hər zaman qələbə çaldığını xatırlayıram. Şər və qatillər həmişə olub. Hətta onlar bir müddət məğlubedilməz hesab olunublar, amma sonda hər zaman uduzublar. Hər zaman bunu düşün...”

Və Qandi hər gecə bu duanı edirdi: “Əgər insanlara zərər vursam, üzr istəmək gücü ver mənə və əgər insanlar mənə zərər vursa, bağışlamaq və mərhəmətli olmaq gücü ver mənə. Tanrım, əgər səni unutsam, sən məni unutma”.

Əllərimi Qandinin duasıyla göyə açıram. Sevginin, mərhəmətin, işığın qələbəsi ümidiylə. Bir də kağız gəmilərin çayda batmaması ümidiylə. Bir də vətənində qərib olmamaq, rahatlıq tapmaq ümidiylə. Bir də, bir də, bir də...

Tanrım, məni eşitdin? Tanrım, biz səni unutsaq da, sən bizi unutma!


Müəllif:

Oxşar xəbərlər