Tanınmış yazar Murad Köhnəqala saytımıza müsahibəsində Azad Yazarlar Ocağının (AYO) sədri Rasim Qaraca haqqında sərt ittihamlar səsləndirib. Yazarın sözlərinə görə, onun və digərlərinin AYO-dan getməyinə Rasim Qaracanın cılız eqoizmi, kaprizləri səbəb olub: “Uşaqların içində onun AYO-nun sədrliyinin tərk etməməsi ilə bağlı narazılıqlar olsa da hamının üz-gözü Rasimin sədrliyinə öyrəşmişdi. Amma o, yenə özbaşınalığını davam etdirir, jurnalda gedəcək materialları özü seçir, uşaqların yazılarını kəsib-doğrayır, bizimlə hesablaşmırdı. Bu kimi naqislikləri neçə dəfə irad tutsaq da, nəticəsi olmadı. Artıq onun liliput diktatorluğundan boğaza yığılmışdım”.
Maraqlıdır, doğrudanmı, AYO-da bu kimi hadisələr baş verib? Qurumun keçmiş və indiki üzvləri tarixi necə xatırlayır?
AYO-nun keçmiş üzvü Aqşin Yenisey Teleqraf.com-a açıqlamasında Murad Köhnəqalaya haqq verdiyini dedi: “Mən Murada haqq verirəm. Rasim şəxsi münasibətlərə həmişə ədəbi münasibətlərdən daha çox dəyər verib, bunu AYO-da hamı bilir. Yetər ki, Anarı tənqid elə, səni Mirzə Cəlilə, Haqverdiyevə, Axundova tay tutacaq. Bu cür işlərinə görə o, AYO-nun ən milli yazarıdır”.
Hazırda AYO üzvü olan Mirmehdi Ağaoğlu isə intriqalardan uzaq olduğunu bildirdi: “Mən rayonda işləyirdim deyə AYO-nun tədbilərində çox az-az olurdum. Açığı, AYO daxili intirqalarından xəbərim yoxdur. Amma Rasim bəyin hər zaman AYO üçün çalışdığını görmüşəm. “Alatoran” jurnalını min bir əziyyətlə çıxarırdı. Uşaqları bir yerə yığmaq insitativi də ən çox ondan gəlirdi”.
Sevinc