Noyabr ayının 30-da Dövlət Film Fondunda xalq artisti Nəcibə Məlikovanın 95 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.
Film Fondundan Teleqraf.com-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə baş tutacaq.
Nəcibə Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. İlk təhsilini kənddə və Bakıda alıb. Bakı Teatr Məktəbində xalq artisti Fatma Qədrinin sinfini bitirib. Öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və təzəcə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1951-ci ildə ali məktəbi bitirib. Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən yenə bu teatrda işləyib. Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin, əsasən, dram əsərlərində və bir qədər də komediyalarında rollar oynayıb.
Nəcibə xanım kinoda uğurlu rollar yaradıb. Onların arasında "Ögey ana"da Dilarə, "Aygün"də Aygün, "Arşın mal alan"da Cahan xala, "Əhməd haradadır?"da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir.
Nəcibə Məlikova 1959-cu ildə əməkdar artisti, 1974-cü ildə xalq artisti fəxri adlarını alıb. Bakıda 27 iyul 1992-ci ildə vəfat edən Nəcibə Məlikova ikinci Fəxri xiyabanda dəfn olunub
Nərmin