Teleqraf.com tanınmış yazıçı-publisist Həmid Hersiçiylə son Azad Yazarlar Ocağının ətrafında baş verən qalmaqal barədə söhbətləşib. Müsahibəni təqdim edirik:
Həmid bəy, gəlin əvvəlcə AYO-nun yaranma tarixçəsindən başlayaq. Necə oldu ki, bu təşkilatı yaratmaq qərarına gəldiniz?
– Bunun cavabını Qənimət Zahiddən soruşun.
– Qənimət Zahid niyə, o jurnalist deyil? Axı AYO ədəbiyyatçıların təşkilatı idi...
– Məhz Qənimət AYO-nun ilk sənədlərini yazıb “Azadlıq” qəzetində çap elədi. Elan etdi ki, belə bir qurum yaradılır.
– Murad Köhnəqala müsahibəsində deyib ki, Rasim AYO-çuların yazılarını kəsib-doğrayırdı, jurnalı bizdən xəbərsiz çıxarırdı, uşaqlar Rasimdən bezmişdilər. Sizin münasibətiniz necədir bu sözlərə?
– AYO-çular sonralar dönük çıxdılar mənə. Bu səbəbdən mənim üçün AYO keçmişdə qalıb. Xainlərin kitablarını, əsərlərini yandırmışam öz həyətimdə. Bir-iki kitab qalıb, onları da oda yaxacam bir gün, inşallah!
– Niyə belə qəzəblisiniz, belə çıxır ki, Murad bəy düz deyir...
– Dostların xəyanətini gördük. Bundan ağır nə ola bilər yazar üçün, hə, sizdən soruşuram?
– Nədən ibarət idi o xəyanət. Siz də Rasim bəydən narazısınız?
– Bütün AYO-çulardan narazıyam.
– Səbəb?
– Solaxay olsam da, o vaxtlar sağ əlimlə də yazırdım. Yaradıcılığımın o sağ əlli dövrü uzaq keçmişdə qalıb. İndi solaxay yazıram. Sağ əlimə bir daha qələm götürməyəcəm, əttövbə!
– “Azərbaycan” jurnalında dərc olunursunuz, Anarın yaradıcılığına yazı həsr edirsiniz... Sizin də AYB-yə qayıtmaq ehtimalınız ola bilərmi?
– Əvvəlcə Anar məndən yazdı. Sonra qərara gəldim ki, bu, qarşılıqlı olmalıdır. Son “Göz muncuğu” romanı barədə maraqlı bir rəyimi yazdım.
Yazıçı Anarın ”Göz muncuğu” povestinin qəhrəmanı Əhliman, əslinə qalsa, mənim prototipimdir. O, qeyri-adi istedad sahibidir – uzaq məsafələrdəki hədəflərini bircə baxışıyla vurub öldürür. O, mənfi enerji ilə yüklüdür. Anar bunun səbəbini metafizik deyil, sosial sahədə axtarır. Qərara gəlir ki, səbəb bəsitdir – mənbəyi paxıllıqdır. Anar bu qəhrəmanına Əhliman adını verməklə onu şər tanrısı Əhrimanla eyniləşdirir.
Vaxtiylə Anarla aramızda ciddi ədəbi toqquşmalar olub. Əsəri oxuduqca gözlərimə inanmırdım. Əhlimanın bioqrafiyası mənimkiylə demək olar ki, eyniydi. Qəhrəman Akademiyada işləyir (mən də vaxtiylə Akademiyada işəlmişəm). Okkult elmlərlə məşğuldu (folklor şöbəsində çalışmışam), Pirlərə-filana gedib-gəlir. Mərəzədə Diri Baba ocağını, Naxçıvanda Əshabü-kəhfi öyrənir ( ANS-dəki “Gizli azərbaycan” verilişimdə bu ünvanları qarış-qarış gəzmişəm). 8-ci mikrorayonda yaşayır ( ünvanım dəqiqdi). Elmi rəhbərinin adı Qafarzadədir (atamın adı Qafardı). Əhliman bu alimin guya sehirli Təbriz xalçasını yandırıb məhv etməlidir (biz təbrizliyik, xalçaçıyıq, bu cür sehirli kodlu xalçalar da biz də az deyil). Anara görə mənim bu istedadımdan məxfi qurumlar məharətlə istifadə edib öz rəqiblərini sıradan çıxarırlar (vaxtiylə məni Rafiq Tağını bax bu cür mistik yolla qətlə yetirməkdə ittiham etmişdilər). Anara görə Əhlimanda uzaq söhbətləri eşitmək məharəti da mövcuddur. Povestin axırındakı cümlələr isə lap qorxuludu. Anar qeyd edirdi ki, məxfi qurumlar bu məharətlərimdən istifadə edib axırda məni qətlə yetirəcəklər. MTN zabitinin dilindən barəmdə povestdə görün bir nə deyilir: "Məncə, hə. İşini görsün, sonra özünü aradan qaldırmaq asandı. Bax belə. Şimali Azərbaycan ədəbi cameəsi gizli də olsa, qiymətimi verib. Povest yazıb barəmdə. Məni bax bu cür dəyərləndirib.
Əsərdə növbəti istedadım barədə bax bu sözlər özünə yer tapıb: “Əhlimanın özü də çox uzaqda edilən söhbətləri belə aydın eşitməsinə mat qalırdı. Bunu izah da edə bilmirdi, amma düşünürdü ki, əgər biz telefon, radio vasitəsiylə ən uzaq məsafələrdən səsləri eşidə biliriksə, nədən insan qulağının da belə imkanları olmasın. Hər halda, bəzi insanların belə qabiliyyəti ola bilər. Güman ki, mən özüm də elə nadir insanlardanam. Hər halda, gözümün təsir gücünə inanan tək bir özüm deyiləm, bunu bilən və bundan istifadə etmək istəyənlər də varmış. Qoy onlar öz oyunlarını oynasınlar, mən də öz oyunumu oynayacam. Görək kim kimə kələk gələcək. Bu işdə məni cəlb edən məsələ başqadır. Məni arxadan bıçaqlayanların çoxusu cəzalarına çatdı, indi növbə Qafarzadənindir. Fürsəti fövtə vermək olmaz".
Qafarzadənin qətli səhnəsi, Anarın nəqlində Rafiq Tağının qətlini yada salır. Ancaq azca fərqli şəkildə. Povest buna gizli şəkildə ehkam vurur: “Dünən gecə məşhur alim Hüsü Zəlim oğlu Qafarzadənin mənzilində elektrik naqillərinin qovuşması nəticəsində yanğın törənmişdir. Yanğında mənzilin bütün avadanlığı, o cümlədən çox bahalı qədim xalça yanıb kül olmuşdur. Ciddi xəsarət almış alim hazırda reanimasiyadadır. Həkimlər onun yaşaması uğrunda əlləşirlər”.
Xülasə, mən Şimali Azərbaycanda Əhriman elan edilmişəm. Yazıçı əsərində məni xortdan da elan edir. Yazır ki, bəs mən dəfələrlə ölüb basdırılmışam .Bir dəfə hətta qəbirdən xortlamışam. Bu, təkcə Anarın mövqeyi deyil. Çoxlarının mövqeyidir. Hadisələri izləyin. Hər halda, Anar müəllim mənim ölümümü bax bu cür görür. Qeyd edir ki, məxfi qurumlar məndən istifadə edib axır məni qətlə yetirəcəklər. Gələcəkdə, yaxud sabah-zad başıma bir iş gəlsə, bunları unutmayın..
– AYB-yə qaytıtmaq ehtimalınızdan danışmadınız…
– Bu haqda heç vaxt düşünməmişəm. Gündəmdə belə bir hədəfim yoxdu.
– Sizcə, AYO-nun Azərbaycan ədəbiyyatına xeyri nədən ibarət oldu?
– Xainlər barədə əlavə heç nə demək istəmirəm. 2010-cu ildə AYO özünə təzə sahib tapdı. O da AYO-çuları öz oyunlarına qatdı.
– Kimdir o sahib?
– Özünüz bilirsiniz kimi deyirəm. Məhz o, Rafiq Tağını öyrətdi ki, mənə qarşı nəsə yazsın.
Yadıma gəlir, hərdən Murad mənə zəng edib deyirdi Həmid, indi burda səni söysəm, əlli manat qoyacaqlar cibimə. Deyirdim söy. Beş manat ver bir kasıba, qalanlarını gətir xərcləyək. Bir müddət belə davam elədi, xeyli qabağa düşdük. Yemək-içmək xərclərini AYO bax bu cür qazanardı.
– Rafiq Tağının sizi kiminsə sifarişiylə tənqid etdiyini dediniz. Axı o, fətvaya gedən adam deyildi.
– Getmişdi. Buna görə də axırı çox pis oldu. AYO-nun başına kontrol atəşini şəxsən özüm vuracam.
– Həmid bəy, açığı, bir yazıçının başqa bir yazıçı barədə belə danışmasını anlaya bilmirik.
– Xainləri sevmirəm, heç vaxt bağışlamıram. Peyğəmbərə dönük çıxan dostlarına da xain çıxdı. Mən onu xain kimi tanıyıram.
– Ölən adam haqqında…
Xainin ölüsü-dirisi olmur, mənim üçün xaindir o.
Sevinc Fədai