Əziz Ustad.
Sizin yaradıcılığınızda Güney Azərbaycan mövzusu 30 ilə yaxındır ki, xüsusi xətt üzrə davam edir.
“Tarixin sübh çağı” kitabınızdakı “Mehtər Kirin əhvalatı” adlı hekayənizdə güney azərbaycanlıların hələ 2500 il öncə üzləşdikləri bir faciənin min illər sonra necə dəhşətli şəkildə təkrarlandığını oxuyanda sarsılmışdım.
Mehtər Kirin, sarayı kef məclislərinə dönmüş, əsgərlərinin qılıncı paslanmış Astiaqı necə devirməsi, dünənki qulların ağaya çevrilməsi hadisəsi tarixin ən ibrətamiz olaylardan idi.
Son dönəmlərdə yazdığınız “Rza xan” povestində də eyni ssenarinin güneylilərin başına gətirilməsi, dövləti eynilə Astiaq kimi idarə edən Qacar xanədanlığının devrilməsi da bu qəbildəndir və çox təəssüf ki, 1925-ci ildə başımıza gətirilən bu faciənin acısını hələ də yaşayırıq.
Əlbəttə, Rza xan səltənəti bir nəsildən o tərəfə keçə bilmədi. Səltənətlər heç zaman əbədiyyən qullara nəsib olmadığı kimi, şübhəsiz ki, qulları ağa edənlərin bir gün onları tək-tənha ortada qoyacaqları aşkar idi. Amma digər tərəfdən dünənki qulun səltənət ağuşunda məst olması, mövcud gücün yalnız özünəməxsus olmasını təsəvvür etməsi nəhayətdə faciəni də özü ilə bərabərində gətirəcəkdi.
Rza xan da belə bir faciəylə üzləşdi.
Özünü Rusiyadan, İngiltərədən, Amerikadan üstün hesab edən dünənki qulun sərxoş politikası nəticəsində siyasətdən zərrə qədər də başı çıxmayan oğlu Məhəmmədrzanın taxta gəlməsinə səbəb oldu.
Sizin xüsusi qəhrəmanlarınızdan olan Məhəmmədrza ilə bağlı yazdığınız istər roman, istərsə də yüzlərlə pritça onun kimi bir çox səltənət düşkünlərinin ümumi obrazını əks etdirir və nə qəribədir ki, bu obrazlar əvvəlkilərin taleyini bilsələr də, əsla ibrət götürmürlər. Demək ki, burada bizim də anlamadığımız qəribə bir qanunauyğunluqlar var.
Əziz Ustad.
Bu yaxınlarda polyak Rişard Kapuşinskinin Məhəmmədrzanın necə devrilməsi və Xomeyninin taxt-tacı ələ keçirməsindən bəhs edən “Şahənşah” adlı əsərini oxudum. Bu gün İran adlanan coğrafiyada Midiya dönəmindən bu yana səltənətlərin dəyişməsi təbii bir prosesdir. Sasanilərin devrilməsindən, XI əsrdə Səlcuqların bu əraziyə gəlməsindən sonra ta 1925-ci ilə qədər bölgədəki səltənətləri türk boyları qurmuşdular.
Qacarların devrilməsi tarixi zərurət idi, təəssüf ki, Osmanlının çöküşündən doğan Türkiyə Cümhuriyyəti kimi, bizim milli dövlətlərimiz həm güneydə, həm quzeydə uzun müddət yaşaya bilmədi. Bu da şübhəsiz ki, Xiyabaninin və digərlərinin Mustafa Kamal paşa kimi gerçək bir dühaya malik olmamasından qaynaqlandı. Ona görə də İranda səltənət bu dəfə farsların hegemonluğu ilə ta 1979-cu ilə qədər davam etdi.
Burada mənim üçün maraqlı bir məsələ var, əziz Ustad.
Bir səltənətin mövcudluğu üçün həmin səltənətin şahının başına qoyduğu tacın qızıldan və ya adi parçadan olmasının fərqi varmı? Şübhəsiz ki, qızıl tac bir imperatorluğun, xanədanlığın simgəsidir, həm də gücün rəmzidir və ağır olmasına rəğmən şahlar başlarında daşıyardılar. Amma fars səltənətini formal olaraq aradan qaldıran, prosesi isə davam etdirən ayətullah Xomeyni şahlıq tacından heç də imtina etməmişdi, o sadəcə görüntüdəki qızılı aradan qaldırmış, yoxsul kəndli qiyafəsində öz məqsədini tədricən həyata keçirmişdi.
Şübhəsiz ki, 1925-də türkləri idarəçilikdən devirən farsların 1979-da şahı devirərkən ədalətli bir cəmiyyət quracaqlarına, insan haqlarına dəyər verəcəklərinə, xalqların təməl hüquqlarını qoruyacaqlarına ürəkdən söz verməmişdilər. Xomeyni proseslər tamamlananadək möhtəşəm bir oyun qurmuşdu, Şəriətmədari daxil, güney azərbaycanlılar bu oyunda istifadə edildi və nəticədə ən hüquqsuz qalanlar da elə bizimkilər oldu.
Şahın irqçi siyasətini davam etdirən Xomeyni tədricən İslam dünyasında özünəməxsusluğu ilə seçilən qapalı bir rejim qurdu və hətta İslam xilaskarının da İrandan çıxacağı yönündə bir inanc sistemi formalaşdırdı. Əlbəttə ki, Savak yenə də fərqli formada öz missiyasını davam etdirdi, kütləni proseslərdən uzaqlaşdırmaq üçün İraqla savaşa gedildi, kütləni bir arada tutmaq üçün klassik bir formul olan əbədi düşmən obrazı Amerikanın timsalında formalaşdırıldı. Xomeyni qurduğu bir plan üzrə hərəkət etdikcə, İran ayətullahların idarə etdiyi bir xanədanlığa doğru çevrilməyə başlayırdı.
Bəs farslar, türklər, İranda yaşayan digər xalqlar tacsız şahı niyə hakimiyyətə gətirdilər?
Kapuşinski kitabında yazır:
“Hər kəsin gözü Qumda idi... Xomeyni şahı acımasızcasına tənqid etdi. Belə bağırırdı: “Xalqım, ona inanmayın. O, sizin xilaskarınız deyil. Sizi düşünmür, yalnız özünü və ona əmr verənləri düşünür. Ölkənizi satır və hamınızı aldadır. Şah getməlidir!”.
Əziz Ustad!
Bilirik ki, tarixən şərq imperatorluqlarında din xadimləri önəmli bir rola sahib idilər. İstər Osmanlıda, istər Səfəvilərdə dini təmsil edən şəxslər şaha təsir edə biləcək gücə malik idilər, onların mənafeləri qorunmadığı təqdirdə bəzən hökmdarları da aradan götürürdülər. Təsadüfi deyil ki, Səfəvilər dövlətində II Şah İsmayılın dönəmində başladılan dini islahatlar, mollaların nüfuzunun azaldılması prosesi sonunda onun sui-qəsdlə aradan götürülməsinə səbəb oldu. Mollalarla mübarizədə yeganə uğur qazanan şəxs Nadir şah olmuşdu. Bu da onun saray içərisindən deyil, qılıncı, hərbi dühalığı hesabına iqtidarı ələ keçirməsinə görə idi.
Yəni İran kimi bölgələrdə din xadimləri iqtidarı üzdə təmsil etməsələr də, daim saray içərisində əsas güclərdən biri idilər. XX əsrdə durum dəyişsə də, ayətullahların, digər dərəcəli din xadimlərinin xalq arasında xüsusi çəkisi vardı. Siyasətdən başı çıxan, tarixdən xəbərdar olan şahlar bu molla təbəqəsi ilə məsafəli davranmağın gərəkliliyini bilməli idilər. Onları nə saraydan, nə himayədən tamamilə uzaqlaşdırmaq, nə də ki aşırı yaxına buraxmaq lazım idi.
Amma Məhəmmədrza tamam başqa yollar seçmişdi. Ayətullah Səidi qızmış tavada gördüyü işgəncə ilə öldürülür, ayətullah Azarşari Savak tərəfindən yağ dolu qazana atılır, başqa bir ayətullahın gözü önündə qızına təcavüz edilir.
Şah bir tərəfdən din adamlarını, digər tərəfdən isə xalqı əzməkdə davam edirdi.
Və TARİXİ ZƏRURƏTDƏN doğan bir dönəmdə şah tərəfindən əzilən xalq və molla təbəqəsi bir amal ətrafında birləşdi.
Və Kapuşinski kitabında çox mühüm bir məqama toxunur. İnqilabın qalib gəlməsinin ən önəmli səbəbinin fərdin qorxu hissini yenməsi olduğunu göstərir: “Qorxunun yenilməsi inqilabın başlanğıcı oldu”.
Doğrudur, İrandakı xalqlar bu qorxu hisslərini yendilər, başa düşdülər ki, gerçək qorxaq zülmlə səltənətini qoruyan Məhəmmədrzanın özü imiş. İrandakı xalqların hamısı birlik olub bu qorxunu üzərlərindən atdılar, amma onlar yenə də bir həqiqəti unutmuşdular. İnqilabdan onu həyata keçirənlər heç vaxt yararlana bilmir. İnqilabın keyfini tamam başqaları yaşayır. Necə ki, Kapuşinski əsərində inqilabdan sonra onu həyata keçirənlərin iqtidarda, dövlət işlərində olmadığını yazır.
Əziz Ustad!
Fikrimcə, Xomeyninin timsalında vaxtilə şahları pərdə arxasından idarə edən bir sistem açıq şəkildə bu dəfə taxt-taca oturmağı hədəfləmişdi. Şərq dövlətlərini idarə edən din bu dəfə heç bir gizli bir libasa bürünməyərək, şəffaf bir şəkildə öz hegemonluğunu elan etmişdi. Sistem eyni qalacaqdı: Şah edam edirdisə, mollalar da edam edəcək. Şahın hər şeyi nəzarətdə saxlayan Savakı vardısa, mollaların da vardı. Şah qeyri-farsların hüquqlarını əzirdisə, mollalar da eynisinə davam edəcəkdi. Şah dünyanın beşinci güclü dövləti olmaq üçün silahlanmaya, hərbi gücə önəm verirdisə, mollalar da nüvə gücünün əldə edilməsinə qərar verəcəkdilər.
Tək bir fərq yarandı: Şahın tacı qızıldan idi, İtaliyada gözəl xanımı ilə dağ başında buzda sürüşməkdən zövq alırdı, mollanın isə tacı parçadan idi, xanımları zövqlərdən məhrum etmişdi. Əsas olan o idi ki, İranda fars səltənəti davam edirdi. Necə ki, Konstitusiyada milli məsələlərlə bağlı təsbit edilən hüquqlar əsla qeyri-farslara verilmədi.
Əziz Ustad!
Sizin Güney Azərbaycanlıların bugünkü mübarizəsinə bir az ironiya ilə yanaşdığınızı bilirəm. Bu gün Yaxın Şərqdə sərhədlər qan, silah hesabına dəyişdiyi halda güneylilərin mübarizələrini insan haqları, sivil yol metodları ilə davam etdirməsi qəribə təsir bağışlayır. Bilirik ki, heç bir azadlıq sivil yolla, dialoqla əldə edilmir. Üstəlik, qarşındakı rejim türkə düşmən olan, onu tarakana bənzədən, ana dilində təhsil almaqdan məhrum qoyan, Murtəza Muradpurun timsalında ölüm aclığına başlayanları vecinə almayan bir sistemə qarşı BMT-nin insan haqları bəyannaməsi çərçivəsində mübarizə aparmaq gülməli də görünə bilir.
Belə halda nə edilməlidir?
Elə mənim də suallarım bu yönümdədir Sizə.
Əlbəttə ki, bizlər dünyada savaşlara, insan ölümlərinə qarşıyıq. Suriyada, digər ərəb ölkələrində son 10 ildə yaşanan faciələr yerli xalqlardan başqa hər kəsin işinə yarayıb. Rusiya Xəzərin ortasından bir düymə ilə Suriyaya raket ata bilirsə, Amerika kompüter arxasında əyləşən mütəxəssisləri vasitəsilə İraq, Suriya səmasında insansız təyyarələr uçura bilirsə, silahsız, gücsüz, dəstəksiz güney azərbaycanlıların nüvə silahı istehsal etmək mərhələsinə gəlmiş bir dövlətə qarşı mübarizə aparması imkansızdır. Üstəlik Pişəvəri timsalında bilirik ki, xarici dəstək hesabına qurulan dövlətlər ilk fürsətdəcə elə quranlar tərəfindən dağıdılır. Digər tərəfdən bu gün Yaxın Şərqdə proseslər daha çox kürdlər üzərindən hesablanır.
Belə bir halda Güney Azərbaycanda istər müstəqillik, istərsə də milli haqlar məsələsi olsun, hansı metodlarla mübarizə aparılmalıdır?
1979-da Xomeynini səltənətə daşıyan səbəblərin aradan qalxmağa doğru getdiyi bir mərhələdə İranda yaxın 50 ildə hansı proseslər gözlənilir?
Dilqəm ƏHMƏD
İstanbul,
06 Yanvar, 2017