8 Fevral 2017 14:20
2 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Mənsum İbrahimov Canəli Əkbərovun mətbuatda onun ünvanına səsləndirdiyi fikirlər və Opera-Balet Teatrında yaşananlarla bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

-Mənsum müəllim, necəsiniz?

-Sağ olun, yaxşıyam. Muğam Müsabiqəsi ilə bağlı seçimlər davam edir. Bölgələrdəki seçimləri başa çatdırıb, Bakıya qayıtmışıq. Gələn həftənin birinci günü Bakı seçmələri başlayacaq.

-Muğam Müsabiqəsi demişkən, bu müsabiqədə yer almayan Canəli Əkbərovun ünvanınıza söylədiyi fikirlərlə yəqin ki, tanışsınız.

-Bəli, tanışam. Biz beş müsabiqə keçirmişik. Bu hər kəsin gözünün qarşısında olub. Hər dəfə yeni səsləri tamaşaçılara təqdim etmişik. Bu adam müsabiqənin münsiflər heyətinə dəvət olunmayıb, sadəcə, özü istəyir ki, orda yer alsın. Onun müsabiqədə iştirak etməməsinə bizim münasibətimizi öyrəniblər. Beş sənətkar münsiflər heyətinin rəyini bildirib, amma biz onu nə təhqir etməmişik, nə də şəxsiyyətinə toxunmuşuq. Sadəcə, fikrimizi bildirmişik. Onun da dediyi sözlər göz qabağındadır. Normal vəziyyətdə olan adam heç kim haqda belə sözlər deməz. Mən fikirləşirəm ki, hər kəsin danışığı onun mənəviyyatının göstəricisidir. Mənim tərbiyəm yol verməz ki, ona artıq-əksik söz deyim. Bu günə qədər görmüsünüzmü ki, mənim adım hansısa qalmaqalda hallansın? Çünki valideynlərim mənə elə tərbiyə verməyiblər.

-Canəli müəllim iddia edir ki, sizi Opera və Balet Teatrında Məcnun obrazına o hazırlayıb.

-Nağıl danışıb. Xahiş edirəm Opera və Balet teatrının mətbuat xidməti Şükufə xanıma zəng edin, sizə bu barədə rəsmi məlumat versin. Mən ona qarşı heç vaxt hörmətsiz hərəkət etməmişəm. Həmişə hörmətlə yanaşmışam. Amma heç kimin heç kimi təhqir eləməyə nə haqqı var, nə ixtiyarı. O yaşlı və əsəbi olduğuna görə dediklərinə əhəmiyyət vermirəm.

-Sizlə və münsiflər heyətinin digər üzvləri ilə olan ədavəti bu müsabiqədənmi başlayıb?

-Axı təşkilatçılar nə mən, nə Arif müəllim, nə Əlibaba müəllim, nə də Səkinə xanım deyil.

-Bəs münsiflər heyətini kim müəyyənləşdirir?

-Bu Heydər Əliyev Fondunun layihəsidir. Münsiflər heyətini də Heydər Əliyev Fondu müəyyənləşdirir.

-Amma o münsiflər heyətini Nadir Axundovun seçdiyini deyir.

-Nadir müəllim ora münsif dəvət etmir. İnsanı gərək bir yerə dəvət etsinlər ki, gedib orda otursun. Niyə ora münsif dəvət etməyiblər sualı mənə aid deyil. Biz, sadəcə, münsif olaraq rəyimizi bildirmişik. Onun sənətinə, özünə bir sözümüz yoxdur. Sadəcə, insan olaraq obyektiv insan deyil. O münsif olsa, obyektivlik olmayacaq.

-Niyə?

-Bütün incəsənət aləmi bilir ki, bu insanın obyektivlik hiss yoxdur. Başqa söz demək istəmirəm. Bu insanın heç kimlə münasibəti yoxdur. Hamı ilə küsülüdür. Qərəzli danışır.

-Mənsum müəllim, işlədiyiniz Opera və Balet Teatrı da son günlər medianın gündəmindədir. Teatrı gənclərə, ümumiyyətlə, yaradıcı insanlara şərait yaratmamaqda ittiham edənlər var. Bu barədə nə deyə bilərsiniz?

-Mən artıq 32 ildir o teatrda çalışıram. Bu günə qədər həmişə orda yaradıcılıq ab-havası görmüşəm. Əksinə, bu gün Opera və Balet teatrında çoxlu sayda gənc Leylilər, Məcnunlar var. Teatrın rəhbərliyi özü onları teatra dəvət edir. Biz də oxuyuruq, gənclər də oxuyur. Hər kəs öz işi ilə məşğuldur. Tamaşaçı problemimiz yoxdur. Mən o kollektivdən və rəhbərlikdən çox razıyam.

-Nəzakət Teymurovanın qərarını necə qarşıladınız?

-Mən istəməzdim ki, Nəzakət xanım teatrdan ayrılsın. Çünki o, çox gözəl sənətkardır və 20 il Leylinin ən yaxşı ifaçılarından olub. Dərs yükü çox olduğuna görə qərar verdi ki, opera sahəsinə nöqtə qoysun. Bu, onun fikridir və biz də bu fikrə hörmətlə yanaşdıq. O teatrın rəhbərliyindən hörmətlə də ayrıldı, artıq söhbət olmadı. Ajiotaja ehtiyac yoxdur. Mənimsə teatrda fəaliyyətim davam edir. Martın 19-da tamaşam var. Tərəf müqabilim Arzu Əliyeva olacaq. Buyurun, gəlin baxın, görün nə qədər tamaşaçı gəlir.

Son olaraq deyim ki, hər bir sənətkarı xalqımız yaxşı tanıyır. Mənə nə iş tapşırılırsa onu edirəm. Muğama, mədəniyyətimizə layiqincə xidmət etməyə çalışıram.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər