24 Fevral 2017 11:49
2 941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atasını çox erkən itirir, ona görə işləməyə başlayır. İlk işi Əmircan qəsəbəsinin mədəniyyət evində səhnə fəhləsi olur. Əvvəlcə Teatr Texnikomunu, daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universitetini) bitirir.

Səhnə fəaliyyətinə Bakı Mərkəzi Pionerlər Sarayında başlayır. Öncə Musiqili, daha sonra Gənc Tamaşaçılar, ardınca Akademik Milli Dram Teatrında çalışır. “26 Bakı Komissarları” (indiki Səbael) rayonunun Mədəniyyət Sarayında dram dərnəyinə rəhbərlik edir. 30 ildən sonra dərnəyə Xalq Teatrı statusunu qazandırır. Kinoda ilk işi “Bəxtiyar”, ilk baş rolu isə “Səhər” filmində olur.

O, Azərbaycan incəsənət tarixinə televiziya serialı çəkən ilk rejissor kimi daxil olur.

Aktyor, teatr, televiziya rejissoru, qiraətçi Lütfü Məmmədbəyovun 90 illik yubileyi Akademik Milli Dram Teatrında qeyd edildi. Sənət dostları, tələbələri böyük sənətkarı belə andılar...

“Gündəmdə qalmağı xoşlayırdı”

Mədəniyyət və turizm naziri Ədalət Vəliyev: “Lütfü müəllimlə şəxsi tanışlığım 1980-ci ildən başlayır. Təbiəti etibarı ilə ictimaiyyətçi insan idi. Davamlı olaraq gündəmdə qalmağı xoşlayan, bununla bağlı ətrafındakı insanlara hətta gücü çatmayacağı işlərdə belə, dayaq olmaq üçün gedib qapıları döyməyi bacaran insan idi.

Lütfü müəllimlə zarafatı olanlar onu təbdən çıxarmaq üçün “26-lar” dərnəyi demək kifayət idi. Bu kəlməyə dərhal etirazını bildirir və onu Xalq Teatrı adlandırırdı. Onun yaratdığı teatr qədər Azərbaycan mədəniyyətinə, xüsusilə teatr sənətinə görkəmli sənətkarlar bəxş etmiş ikinci bir sənət müəssisəsi olmayıb. Onun teatrından çıxan gənclər sonralar uğur əldə edib, xalq, əməkdar artist ola bilirdilər. Amma başqa dərnək və teatrlardan gələnlər bir qayda olaraq inkişaf yolu keçə bilmir, yarıda dayanırdılar.

Lütfü müəllim aktyorların mənzil məsələləri ilə bağlı, övladlarının xeyir işlərində şadlıq saraylarının tutulması, aktyorlarımızın rəhmətə getmiş qohumlarının məclislərində çadır probleminin həll edilməsi, o məclislərin kərə yağı ilə təmin edilməsi və bu kimi hər cür problemin həll olunmasında bütün səylərini ortaya qoyurdu.

Son dərəcə emosional, çılğın insan idi. Açıq şəkildə düşmənçilik etdiyi adamla düşmənçilik edirdi, dostu olan insanlarla da simsarlıq etməyi bacarırdı.

Teatra gələn içkili sənət adamlarına qarşı barışmaz mövqeyi vardı. Bizim o vaxtlar bir neçə tanınmış sənət adamları, aktyorları, xalq artistlərin içkili şəkildə səhnəyə çıxdıqları üçün teatrdan uzaqlaşdırdığımız məqamda Lütfü müəllim öz münasibətini bildirib, bizim doğru-düzgün yolda olduğumuzu deyirdi.

Lütfü müəllimin şəxsiyyət kimi formalaşmasında, hər zaman abırlı-sahmanlı geyimi ilə seçilməyində, doğru- dürüst davranışında onun ailəsinin, xüsusilə Sevil xanımın son dərəcə böyük rolu vardı. Sevil xanım Lütfü müəllim üçün həm ailədə övladlarıyla, həm də sənət aləmində Lütfünün zaman-zaman incitdiyi, ağır söz dediyi, cəzalandırdığı insanlarla körpü rolunu oynayırdı.

O, realist insan idi. Bir dəfə o, Siyavuş Aslan, mən kabinetdə oturub söhbət edirdik. Söz Vaqif İbrahimoğludan düşdü. Lütfü müəllim o məktəbi sevmirdi, qəbul etmirdi. Amma deyirdi, bilirəm ki, mən Adil İsgəndərov, hətta Tofiq Kazımov da deyiləm... Hər adam özündə güc tapıb bunu deyə bilmir. Bu, onun böyüklüyü idi”.

“Bağışladığı əşyalar indi də evimdədir”

Xalq artisti Əminə Yusifqızı: “Lütfü müəllim hamıya qayğı göstərməyi xoşlayırdı. İnstitutu bitirən illərdə ailə qurmalı oldum. Lütfü məni tək buraxmadı. İndiyə kimi onun mənə bağışladığı xarici mebel əşyaları evimdə durur. Mən onları atmıram. Lütfü Məmmədbəyov mənim evimdədir...

O həm də bədii qiraət ustasıydı. Teatrda işləyə-işləyə məni televiziyaya, radioya dəvət edirdilər. Bir- iki verilişi Lütfü ilə bərabər apardıq. Sonralar onu oralarda görmədim. Bir gün səbəbini soruşdum, dedi, daha sən gəlmisən, bizim hamımızın yerini tutmusan”.

“Lütfi müəllimin köməyi ilə qonşu otağı öz evimə birləşdirdim”

Xalq artisti Məleykə Əsədova: “Bu gün sənətdə olduğuma görə Lütfü müəllimə borcluyam. Nə qədər istedadlı olursan-ol, kiminsə sənin əlindən tutub səhnəyə gətirməsi böyük şansdır. O həmişə deyirdi ki, mən sizi səhnəyə gətirdim, orda möhkəm dayanmaq özünüzə qalıb.

Məni ilk dəfə “Torpağın da ürəyi var” televiziya tamaşasında katibə roluna çəkdi. O vaxt məni təyinatla rayona göndərmişdilər, amma Lütfü müəllim ora getməyimi istəmirdi. Bir dəfə dedi ki, indi “Azdrama”da yer yoxdur, amma Hüseynağa Atakişiyevin teatrına get, orada işlə. Yadımdadır, Gənclər Teatrında Gültəkin obrazını mənə həvalə edəndə mənə çox kömək oldu.

“Yad qızı” tamaşasında mənə Jalə obrazını verdi. Gecəni səhərə qədər çox narahat yatdım. Səhəri günü İçərişəhərdəki evimdən Gənclər Teatrına piyada getdim, gördüm ki, hər kəs küçədə məni barmaqla göstərir. Bu mənə çox böyük motivasiya oldu. Həmişə deyirdim ki, tamaşaçılar məni qəbul etməsələr, sənətdə qalmayacam.

O vaxtlar birotaqlı evdə qalırdım, ikinci otaqda rus qadın yaşayırdı. O rəhmətə gedəndə Lütfü müəllimin köməyi sayəsində o otağı öz otağıma birləşdirdim. O, insanlara çox dayaq olurdu.

Həmişə deyirdi ki, aş üstündə xuruş ol, özünə qiymət verməyi bacar. Onun çəkdiyi ilk teleserial olan“İtkin gəlin”də Əfsanəni oynadım, sənətdə yaşıl işığımı o yandırdı. Akademik Dram Teatrına gəlməyimdən Lütfü müəllimin böyük rolu olub. 1993-cü ildə teatrda “Əcəb işə düşdük” tamaşasında Dilarə obrazına məni dəvət etdi. Həmin rolla da teatra işə götürüldüm”.

“Suyumuz süzülə-süzülə qayıdıb gəldik”

Xalq artisti İlham Namiq Kamal: “Lütfü müəllim bizə insanlıq öyrətdi. Həmişə deyirdi ki, çalışın gündəmdə qalın. Çünki özü də gündəmdə olan insan idi. Tamaşaya gecikən insanlardan xoşu gəlmirdi. Həmişə kimsə gecikəndə bir qayda olaraq üzr istəyirdi. O da əsəbiləşirdi, deyirdi ki, o sözü çıxardanı mənim yanıma göndər, onunla ayrıca söhbətim olacaq.

Bir gün axşam televiziyada “Leyli və Məcnun” filmi göstəriləcəkdi. Lütfü müəllim həmin filmdə qul obrazında çıxış edirdi. Biz də Yaşar Nuri ilə danışdıq, həmin gün böyük bir buket bağlatdıq, gecə saat 12-in yarısı film qurtaranda, ikimiz də Lütfü müəllimin qapısını döydük. İçəri keçdik, gülə-gülə söhbət etdik, axırda da bizi hörmətlə yola saldı. Amma məsələni başa düşmüşdü. Bu söhbətin üstündən altı ay keçdi, yenə də “Leyli və Məcnun” efirdə göstəriləcəkdi. Yaşarla yenə sözü bir yerə qoyduq, film bitən kimi Lütfü müəllimgilə gəldik. Gəlib nə görsək yaxşıdı? İşıqlar sönülü, evdə də heç kim yox. Suyumuz süzülə-süzülə qayıtdıq. Səhər gəlib, bunu Lütfü müəllimə dedik, üzümüzə baxdı və dedi: “Məni biabır etməyə gəlmişdiniz”.

Uşaq qəlbi kimi saf qəlbə sahib idi. Azərbaycan teatrını da yaşadan bu cür insanlar idi. Xalq Teatrdan çıxıb “Azdrama”ya çatana qədər arxasıyca 20-30 nəfər tələbə gedirdi. Prokuror da, milis rəisi də onun tələbəsi idi. Onu sevməyən insan yox idi. Çünki dost olmağı bacarırdı”.

“Məni teatra gətirmək üçün mücadilə etdi”

Xalq artisti Bəsti Cəfərova: “Yaradıcı bioqrafiyamda mənim teatra gəlişim Tofiq Kazımovun adı ilə bağlıdır. Bu həqiqətdir, amma bunun pərdəarxası məqamları da var. Mən Lüftü Məmmədbəyovu 1974-cü ildə 15 yaşım olanda gördüm. Gənc idim, içim sənət yanğısı ilə dolu idi, üz tutdum məşhur “26-lar” mədəniyyət sarayına... Dərnəkdə bir müddət fəaliyyət göstərdim, daha sonra institutun qəbuluna altı ay qalmış Lüftü müəllim mən və digər uşaqlarla müntəzəm məşğul oldu və nəticədə biz instituta daxil olduq.

Günlərin bir günü mənə dedi “qızı, daha dərnəyə gəlmək lazım deyil, çünki sən professionallığa doğru gedirsən”. Beləcə ayağımızı mədəniyyət sarayından üzdük. Amma biz bilirdik ki, Lüftü müəllimin nəzər-diqqəti üzərimizdədir. 1977-ci ildə məni “Azdrama”nın kollektivinə tanıtmağa başladı. O, sanki tələsirdi və məni teatra gətirmək üçün mücadilə edirdi. Tofiq Kazımov bu teatrda “Müsyo Jordan və Dərvişi Məstəli şah” tamaşasını hazırlayırdı. Lüftü müəllim məni teatra çağırdı, Tofiq müəllimə təqdim etdi.

Tofiq müəllim mənə bir neçə sual verdi. Başa düşdüm ki, məni bəyənmədi. Amma Lüftü müəllim əksini deyirdi. Gözlədim, tamaşadan səs-soraq çıxmadı, başa düşdüm ki, alınmadı. 1978-ci ildə Lüftü müəllim yenə məni çağırdı, bu dəfə əsəri təqdim etdi və dedi ki, Tofiq müəllim Səltənət rolunu sənə həvalə edib. Lütfü müəllim məni kollektivə təqdim etməmişdən öncə on gün sərasər mənimlə məşq etdi. Beləcə, Səlnənət rolu ilə professional səhnəyə addım atdım. Adətən, bu sözü kişilər deyir, amma bu gün mən deyəcəm: mən o kişinin çörəyini yeyirəm”.

“Xeyirxahlıq üçün doğulmuşdu”

Xalq artisti Ramiz Məlik: “Elə insanlar var ki, onlar cismən bizdən ayrılsalar da illərlə qəlbimizdə məskən salırlar. O insanlardan biri də çox ləyaqətli bir insan Lütfü müəllimdir. Onunla bağlı çox xatirələrim var. 67-ci ildə bu teatra ayaq basan gündən ta onun son gününə qədər yaş fərqimizə baxmayaraq biri-birimizə olan münasibət doğma insanın-insana münasibəti idi. O, həmişə mənə ya “Komsomol”, ya da “Gülümoğlan” deyə çağırırdı. Amma elə bir vəziyyət də yaranır ki, mən də ona “Gülümoğlan” deyə bilirdim. O bundan incimirdi. Bu da doğmalıqdan irəli gəlirdi.

O, xeyirxahlıq üçün doğulmuş bir insan idi. Həmişə çalışardı ki, ona müraciət edən insanlara qayğı ilə yanaşsın.

Bizim görkəmli aktyorumuz Rasim Balayevi hamımız tanıyırıq, sevirik. Bilirsiniz ki, Rasim o vaxt unstituta daxil olmuşdu, amma bir hadisə baş verdi və ordan qovuldu. Hətta bir müddət həbsdə də yatdı. Lütfü müəllim bu məsələnin üstünə düşdü, onu həbsdən qurtardı. Qaldı, institut məsələsi. Lütfü müəllim institutun direktoru Rahim müəllimin yanına gəlir və Rasimin yenidən instituta bərpasına çalışır. Rahim müəllim Lüftünün sözündən çıxmayaraq Rasim Balayevi yenidən instituta bərpa etdirir. O bax belə bir insan idi”.
“Evlənəndə mənə zamin oldu”

Xalq artisti Hacı İsmayılov: “Onun yetirmələrindən biri də mən idim. Amma mənim o yetirmələrdən bir fərqim də onun qohumu olmağımdır. Lütfü müəllimin həyat yoldaşı Sevil xanım 18 nömrəli məktəbdə müəllimə işləyirdi. Sevil xanımla mənim qaynanam əmi qızıdır. Mən evlənməyə hazırlaşanda Lüftü müəllimin qapısını döyən mənim qaynatamla qaynanam olub. Onlar məni Lüftü müəllimdən xəbər alıblar. Lütfü müəllim onda mənə zamin oldu, hər şey yaxşı qurtardı, toyumuzda hətta tost dedi, rəqs etdi. Belə insanı unutmaq olmaz”.

Ata kimi...

Lütfü Məmmədbəyovun oğlu İlham Məmmədbəyov: “O sənətdə necə səmimi, xeyirxah idisə, ailədə də elə idi. Ailəncanlı idi. İki dəfə insult keçirdi. Birincisindən qurtuldu, amma ikincisində xilas ola bilmədi. Həyatdan nigaran getmədi. Sadəcə gerçəkləşdirmək üçün əlində bir-iki əsərləri vardı. Qismət... Son dəqiqələrində hamımızla vidalaşdı, heç birimizdən nigaran getmədi”.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər