Türkiyədə yaşayıb, fəaliyət göstərən azərbaycanlı aktrisa Məlahət Abbasovanın səsi batıb. Teleqraf.com xəbər verir ki, bu barədə aktrisa özü bildirib.
Hadisə aktrisanın çəkildiyi – “Sevda kuşun kanadında” serialın çəkilişi zamanı baş verib: “TRT 1 kanalında yayımlanan “Sevda kuşun kanadında” serialı 1960-70-ci illərdə Türkiyədə, İstanbulda yaşanmış tələbə nümayişlərinin olduğu və o zaman baş vermiş gerçək hadisələrdən bəhs edir. Oynadığımız obrazların demək olar ki, çoxu o hadisələri yaşamış insanlardır.
Mən də oğlunu, həyat yoldaşını siyasi hadisələr vaxtı itirmiş acılı gerçək bir qadını –Muberranı canlandırıram. Muberranın yoldaşının ölüm xəbərini aldığı səhnəni oynamaq çox çətin idi. Onu necə oynayacağımı günlərlə düşündüm. Nə yalan deyim, hətta qorxdum da. Amma tam olaraq o səhnəyə köklənərək, qadının yaşadığı faciəni hissedərək oynamaqlar uğur qazanacağımı da bilirdim. Çox ağır və çox məsuliyyətli, eləcə də çətin bir səhnə idi, mənim üçün. Belə səhnələr hər bir aktrisanın oynamaq istədiyi səhnələrdir. Bu səhnənin çəkilişlərini bitirəndə rejissorlar göz-gözə gəldik. Gözlərindəki yaşı görüncə rahat və dərin nəfəs aldım. Əməyi keçən hər kəsə təşəkkür edirəm. Səsimin də bir həftə batmağına dəydi”.
“Sevda kuşun kanadında” serialı 28 mart tarixində yayımlanan son- 31-ci seriyası ilə ekranlara vəda edəcək.
Pərvin