Bu gün Dövlət Musiqili Teatrda Qazaxıstan Respublikasının Qızıl Orda Vilayətinin Azərbaycanda Mədəniyyət Günlərinin açılışı olacaq. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və “TÜRKSOY” Beynəlxalq Təşkilatının dəstəyi ilə baş tutacaq silsilə tədbirlərlə əlaqədar olaraq Qızıl Ordanın incəsənət ustaları aprelin 12-dən 15-nə kimi Azərbaycanda olacaq. Fürsətdən istifadə edib, Musiqili Teatra baş çəkib, qonaqlarımızın məşq prosesinə şahidlik edib, məşqarası söhbət də etdik.
Biz ora gedəndə məşq artıq başlamışdı, səhnədə orkestr üzvləri öz yerlərini tutub, alətlərini “sazlayırdılar”. Qazax deyib, onların xalq çalğı aləti olan - dombranı xatırlamamaq mümkünsüzdür. Hətta qazaxlarda belə bir deyim var: hər iki qazaxdan biri mütləq bir musiqi alətində çalmağı bacarır və bu da əsasən, dombra olur. Orkestdə isə qarşımıza dombra-kontrabas da çıxdı.
Konsert proqramının xanım rejissoru səhnədə təqdim olunan hər bir nömrənin yerini, zamanını müəyyənləşdirməklə məşğul olurdu. Biz də Qızıl Orda Filarmoniyasının direktoru Makaş Talqat Baxbetoviçə yaxınlaşıb həmsöhbət olduq. Onun sözlərinə görə, bu, Bakıya ilk səfəri deyil:
“Bu mənim Bakıya üçüncü gəlişimdir. Amma kollevtiv olaraq ilk dəfədir ki, Azərbaycanda çıxış edəcəyik. Konsertə məsuliyyətlə yanaşmışıq və çox həyəcanlıyıq. Hazırda Musiqili Teatda məşq prosesindəyik. Bura çox gözəldir. Azərbaycan və Qazaxıstan xalqlarının tarixi bağları var. Ən önəmli məqam ikimizin də türk dövləti olmağımızdır. Ona görə adət-ənənələrimizdə də oxşarlıqlar var.
Bizim filarmoniya uzun illərdir ki, fəaliyyət göstərir. Və bu zaman kəsiyində kollektivimiz Amerika, Türkiyə, Çin, Rusiya, Özbəkistanda konsert proqramları ilə çıxış edib. Növbəti səfərimiz isə Azərbaycana oldu. Biz bu səfəri ötən il gerçəkləşdirmək istəyirdik. Amma qismət bu ilə imiş.
Mədəniyyət günlərini keçirməkdə məqsədimiz iki ölkə arasında mədəni əlaqələri gücləndirmək, ikitərəfli layihələrin həyat keçirilməsinə, incəsənət kollektivlərinin, nümayəndələrinin qarşılıqlı mübadiləsinə nail olmaqdır. Onu da deyim ki, Mədəniyyət Günləri ölkələrimiz arasındakı diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr edilib”.
Qızıl Ordada “Sarı gəlin”
Mədəniyyət günlərinin maraqlı proqramı olduğunu bildirən direktor qala konsertdə Azərbaycan mahnıları ifa edəcəklərini etiraf etdi: “Sabah (bu gün) bizim Mədəniyyət Günlərinin açılışı olacaq. Qala konsertimizdə Filarmoniyanın kollektivi tamaşaçılara çox maraqlı proqram vəd edir. Dirijor tanınmış incəsənət xadimi Müslüm Əzmidir. Maraqlı bir fakt deyim, onun adını Müslüm Maqomayevin şərəfinə Müslüm qoyublar. Proqramda milli və klassik musiqilərlə yanaşı yaradıcı kollektivlərin – məsələn, Turmaqambet adına Milli İnstrumental Orkestrinin, “Tomiris” rəqs ansamblının iştirakı da olacaq. Həmçinin tamaşaçılar Azərbaycan musiqilərini dinləyə biləcəklər. Müslüm Əzminin dirijorluğunda əməkdar artist Talqat Musabəyov “Sarı gəlin” mahnısını ifa edəcək. Bundan başqa Üzeyir Hacıbəyovun “Arşın mal alan” operasından Əsgərlə Gülçöhrənin ariyası ifa olunub, Qara Qarayevin “Yeddi gözəl” baletindən vals səslənəcək.
Növbəti gün qazax aktyorların ifasında Rus Dram Teatrında Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” komediyası əsasında hazırlanan “Getməyəcəksən! Vəssalam, getməyəcəksən...” tamaşası nümayiş olunacaq. Tamaşa Qızıl Orda Vilayətinin N. Bekejanov adına Qazax Musiqili Dram Teatrında hazırlanıb. Tamaşanın rejissoru Qazaxıstanın əməkdar artisti Murad Axmanov, məsləhətçi isə Şəki Dövlət Dram teatrının baş rejisoru Mirbala Səlimlidir”.
Direktordan tamaşanın Qazaxıstanda necə qarşılandığını xəbər alıram: “Qazax tamaşaçısı Azərbaycan mədəniyyəti, incəsənəti barədə kifayət qədər məlumata sahibdir. Artıq internet əsrində yaşayırıq, məlumatları rahatlıqla əldə edə bilirik. Biz nəinki indi yaşayan azərbaycanlı həmkarlarımızı tanıyırıq, həmçinin ustad sənətkarlar barədə məlumata sahibiq. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Bülbül...O baxımdan “Getməyəcəksən! Vəssalam, getməyəcəksən...” tamaşası qazax tamaşaçıları tərəfindən çox maraqla qarşılandı.
Bu gəlişimizdə məqsədimiz Azərbaycan tamaşaçısına Qızıl Orda Vilayətinin mədəniyyətini tanıtmaq, incəsənət nümunələrini təqdim etməkdir. Son iki gün isə kollektivimiz Şəki şəhərində olacaq. Orda da eyni proqramla çıxış edəcəyik.
Burda olmaqdan çox şadıq və inanırıq ki, mədəniyyət günlərimiz uğurla davam edib, tamaşaçılara zövq bəxş edəcək”.
Gözəl qazax rəqqasələri
Talqat bəylə söhbətimizi burda başa çatdırıb, səhnədə baş verənlərə tamaşa edirik. Bir neçə dəqiqə sonra gənc qızlardan ibarət rəqs ansamblı səhnəyə çıxır, geyimləri, özünəməxsus gözəllikləri ilə diqqətimizi çəkirlər...
Məşqə bir az ara verəndə yaxınlaşıb həmsöhbət olmağa çalışıram. Kollektivin rus dilində danışan qızını irəli verirlər. Məmnuniyyətlə razılaşır, amma digərləri ona qazax dilində güman ki müsahibə üçün danışa biləcəyi nüansları xatırladırlar:
- Mən “Tomiris” Rəqs Ansamblının üzvi Dinara Yusipovayam. Burda olduğuma görə çox xoşbəxtəm. Bizim ansambl 15 ildən çox fəaliyyət göstərir. Çox müxtəlif ölkələrdə çıxışlarımız olub. Amma ilk dəfədir ki, Bakıya gəlirəm. Təəssüratlarımı sözlə ifa edə bilmirəm. Şəhəriniz özü, havası çox təmiz, gözəl, yamyaşıl və günəşlidir. İlk dəfədir ki, belə bir şəhərdə oluram. Bakını sevməmək mümkün deyil.
-Elə xoş sözlər dediniz ki, görünür şəhərimizi gəzməyə vaxtınız olub.
-Dünən gəlmişik, gəzmək üçün elə də çox vaxtımız olmadı. İçərişəhərə getdik, Dənizkənarı parkda olduq. Hələ Qız Qalasına baş çəkməmişik. Ümid edirəm ki, ora da gedərik. İçərişəhərdə məşhur “Brillant əl” filmin çəkildiyi yerlərdən keçdik. Çox sevindik və elə ordaca şəkil çəkdirdik.
-Deyəsən məşqiniz başlayır, son olaraq geyiminizlə bağlı soruşmaq istəyirəm. Bu milli geyimdir?
-Bəli, bizim milli geyimimizdir. Amma konsertboyu yalnız bu geyimlə səhnəyə çıxmayacağıq. Tamaşaçılar bizi səhnədə bir çox geyimlərdə görə biləcəklər. Bütün bakılı tamaşaçıları konsertimizə dəvət edirik.
Səhnədə məşq davam edir, biz isə yavaş-yavaş məkanı tərk edirik...
Nərmin Muradova
Fotolar Elçin Murad