Tədbirdə çıxış edən Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyev görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs edib.
O bildirib ki, Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri olan Şamaxı şəhərində dünyaya göz açan şair 20 min misranı əhatə edən ədəbi irsinin əsas hissəsini ana dilində qələmə alıb: "Nəsimi öz yaradıcılığında Azərbaycan xalqının arzu və istəklərini, ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edib. Lakin Nəsimi istedadının miqyası o qədər geniş idi ki, o, öz yaradıcılığı ilə yalnız Azərbaycan xalqına məxsus deyildi. Fransua Rable yalnız fransız xalqına məxsus olmadığı kimi və ya Uilyam Şekspir ingilis xalqına, Migel de Servantes təkcə ispan xalqına məxsus olmadığı kimi və eyni zamanda, bütün bəşəriyyətə məxsus olduqları kimi, Nəsimi də öz yaradıcılığı ilə bütün bəşəriyyəti öz əsərlərində ifadə edib".
E.Əfəndiyev vurğulayıb ki, mənəvi azadlığa, bəşəri dəyərlərə, insana sevgiyə, azadlıq və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının himni idi: "Despotizmin, nadanlığın və cahilliyin daim təqib etdiyi İ.Nəsimi müxtəlif ölkələrdə sığınacaq axtarsa da, həmin ölkələrdə də təqib və təhdidlərdən xilas ola bilmir. Hələb şəhərində isə şairin həyatında ən böyük faciə baş verir, dərisi soyulmaqla edam edilir. Edama məhkum olunan Nəsimi dünyadan köçmədi, o, əsrlərdən bəri insanların qəlbində yaşamaqda davam edir, dünya poeziyası, ədəbi və fəlsəfi fikrində öz abidəsini ucaltmağa müvəffəq olub”,- deyə Baş nazirin müavini vurğulayıb..
O qeyd edib ki, İ.Nəsiminin adı Azərbaycanda əbədiləşdirilib, elm və təhsil ocaqlarına, rayon, küçə, meydanlara onun adı verilib, abidəsi ucaldılıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüs və səyləri ilə hələ SSRİ dövründə Bakının mərkəzində şairin abidəsi ucaldılıb, onun adının əbədiləşdirilməsi üçün çox işlər görülüb. Şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümünün qeyd edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq Sərəncamın verilməsi bu gün ölkəmizdə şairə verilən yüksək dəyərin göstəricisidir. Bu gün UNESCO səviyyəsində görkəmli şairə həsr olunmuş tədbirin keçirilməsi də onun bəşəriyyət üçün görkəmli şəxsiyyət olmasından xəbər verir.
Baş nazirin müavini bildirib ki, Azərbaycan müstəqilliyə qovuşduqdan sonra UNESCO ilə rəsmi Bakı arasında işgüzar, qarşılıqlı hörmətə söykənən əlaqələr qurulub: "Bu il 25-ci ili tamam olan həmin münasibətlərin inkişaf etməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi xidmətləri var".
Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov tədbir iştirakçılarına Nəsimi poeziyasının Azərbaycan poetik dilinin inkişafına göstərdiyi böyük təsir barədə danışıb. Qeyd edilib ki, Nəsimi sufilik cərəyanına yaxın olsa da, sonradan hürufiliyin aparıcı simalarından olub. Onun ustadı Nəimi edam edilsə də, Nəsimi öz yolundan, hürufilik təlimini təbliğ etməkdən dönməyib. Nəsimi poeziyası vasitəsi ilə sülhü, tolerantlığı və multikulturalizmi müdafiə edib. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə edam olunan Nəsiminin sərdabəsi Suriyanın Hələb şəhərindədir. Səfir qeyd edib ki, Nəsiminin ölümündən 600 il sonra UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmiş Hələb şəhərinin qədim mərkəzi terrorçu və ekstremist qüvvələr tərəfindən xarabazara çevrilib, şairin sərdabəsi dağıntılara məruz qalıb. Simvolik səslənsə də, sanki ekstremistlər 600 il sonra Nəsimini ikinci dəfə qətlə yetiriblər. Lakin bununla belə Nəsiminin yaddaşlarda yaşayan ideyaları və poeziyası, onun tolerantlıq və sülh naminə çağırışları heç zaman məhv edilə bilməzlər.
Sonra bu ilin yanvarında Hələb şəhəri terrorçulardan azad edildikdən sonra İmadəddin Nəsiminin dağıntılara məruz qalmış sərdabəsinin çəkilmiş fotoları nümayiş olunub. Səfir A.Kərimov Suriyanın UNESCO yanında daimi nümayəndəliyinə fotoların əldə edilməsində göstərdiyi yardıma görə təşəkkür edib.
UNESCO baş direktorunun ictimai informasiya və xarici əlaqələr üzrə müavini Erik Falt çıxışında bildirib ki, İmadəddin Nəsimi tolerant və humanist mövqeyi ilə tarixə düşən şair, rəssam, yazıçı və digər incəsənət xadimləri üçün ilham mənbəyi olub. Onun ideya və fəlsəfi fikirləri insanların ortaq dəyərlər ətrafında birləşməsini və sülhü təşviq edir, bu, müasir dövrümüzdə də öz təsir gücünü itirməyib.
UNESCO-nun baş direktoru vəzifəsinə namizəd, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında bildirib ki, 600 il bundan əvvəl İmadəddin Nəsimi barbarcasına edam olunsa da, müasir dövrümüzdə də barbarlıq, ekstremizm və terrorun kökünü kəsmək mümkün olmayıb. Bu gün bəşəriyyət 600 il bundan əvvəl Nəsiminin təbliğ etdiyi və uğrunda ölümdən belə çəkinmədiyi bəşəri dəyərlər ətrafında birləşməlidir.
Tədbirin bədii hissəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin Nəsiminin xatirəsinə bəstələdiyi balet konserti nümayiş olunub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin rol aldığı xoreoqrafik səhnələr milli-folklor və klassik musiqinin sintezi ilə təqdim olunub. Qərb və Şərq musiqisinin sintezindən ibarət baletdə tamaşaçılara Nəsiminin mistik və sirli aləmi, onun şər qüvvələrə qarşı mübarizəsi nümayiş etdirilib.
Konsert zalının qarşısındakı foyedə şair İmadəddin Nəsimiyə həsr olunan sərgi nümayiş olunub. Sərgidə dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsiminin zəngin irsini əks etdirən kitablar, müxtəlif rəssamlar tərəfindən çəkilmiş rəsmlər təqdim olunub.