Vasif Talıbovun siyahısı ilə tanış oldum və təşəbbüsü çox bəyəndim. Məncə, Təhsil Nazirliyi də belə bir siyahı elan etməlidir.
Teleqraf.com xəbər verir ki, bu fikirləri naşir, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oxunması zəruri olan kitablarla bağlı sərəncamını şərh edərkən deyib.
Naşir hesab edir ki, siyahı tam deyil və oraya azı 100 kitab daxil olunmalıdır: “Fikrimcə, siyahı təqribən iki hissəyə bölünməlidir - Azərbaycan klassikası və dünya ədəbiyyatı. Üçdən iki hissənin dünya ədəbiyyatına aid əsərlərin olması daha məqbuldur. Biz də bir nəşriyyat olaraq məktəblilərin oxuması vacib olan bir siyahı üzərində işləyirik. Tamamlanan kimi paylaşacağam”.
Şahbaz Xuduoğlu Naxçıvanda kitab yarmarkası keçirməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Vasif Talıbovun sərəncamına əsasən, gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilib. Buna uyğun olaraq təhsil və mədəniyyət müəssisələrinin kitabxanalarında müvafiq kitab guşələri yaradılmalıdır.
Siyahıya aşağıdakı 30 kitab daxil edilib:
1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti
2. “Kitabi-Dədə Qorqud” dastanı
3. “Atalar sözü” (Azərbaycan xalq ədəbiyyatı)
4. Nizami Gəncəvi. “Sirlər xəzinəsi”. Poema
5. “Nizaminin hikmət və nəsihətləri”
6. Nəsirəddin Tusi. “Əxlaqi-Nasiri”
7. Məhəmməd Tağı Sidqi. “Məktəb hekayələri”
8. Hüseyn Cavid. “Azər”. Poema
9. Cəlil Məmmədquluzadə. “Hekayələr”
10. Məmməd Səid Ordubadi. “Qılınc və qələm”. Roman
11. Qurban Səid. “Əli və Nino”. Roman
12. Məmmədhüseyn Şəhriyar. “Heydərbabaya salam”.Poema
13. “Təmsillər” (uşaq ədəbiyyatı)
14. ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu
15. Faruk Sumer. “Oğuzlar”
16. Rəşidəddin Fəzlullah. “Oğuznamə”
17. Yusif Balasaqunlu. “Qutatqu bilik”
18. Teodor Drayzer. “Dahi”. Roman
19. Cek London. “Həyat eşqi”. Hekayə
20. Ernest Heminquey. “Qoca və dəniz”. Povest
21. Nikolo Makiavelli. “Hökmdar”
22. Gi de Mopassan. “Gombul”
23. Antuan de Sent-Ekzüperi. “Balaca şahzadə”
24. Nikolay Ostrovski. “Polad necə bərkidi”. Bioqrafik roman
25. Moris Meterlink. “Arıların həyatı” və “Göy Quş” əsərləri
26. “Mister Hemferin xatirələri”. (İngilis casusunun etirafları)
27. Seyid Əzim Şirvani. “Seçilmiş əsərləri”. (Təmsillər)
28. “İslamda müdrik kəlamlar”
29. Sədi Şirazi. “Gülüstan”
30. Eynəli bəy Sultanov. “Məqalələr”