Mənsum bəylə müsahibə zamanı "Leyli və Məcnun"dan o qədər danışmışdıq ki, mənə elə gəlirdi, Mənsum İbrahimovun ifasında bu gün ilk dəfə yox, 3-4-cü dəfədir izləməyə gedirəm bu operanı.
4-cü sıra, 20-21-ci yerlər. Salonda nə ki “20-21” yazılan oturacaq vardısa, hərəsində 3 dəqiqə oturub qalxdıq. Sonra saçı buruq buray xanım, boyu uzun suray xanım olan bir qız yaxınlaşdı, bizi aparıb 4-cü sıraya çıxartdı, amma “20-21” dolu idi, “29-30”-da əyləşdik.
Tamaşanın başlamasına dəqiqələr qalır. Qulağımda Mənsum müəllimin tamaşa haqda danışdığı həyəcanlı səsi var. Zalda hamı şəkil çəkdirir. Birini də biz çəkdirdik, dostum tez özünün Feysbuk səhfəsində paylaşdı da. Hələ paylaşmamış artıq rəylər gəlirdi: "Allah xoşbəxt eləsin", "Qoşa qarıyasınız"…
Üzeyir bəyin ecazkar musiqisi dünyanı həmin an “səssiz” rejimə saldı, hər kəsi özünə tabe edib ardınca apardı.
Və pərdə açılır…
Bir də baxırsan ki, zalda yox, səhnədəsən. Tamaşanı onlarla yaşayırsan, tamaşaçı deyil də, tamaşanın bir parçasısan. Saçı buruq buray xanım, boyu uzun suray xanımın səsinə dik atıldım: "Xanum, foto çekmek qadağandur, çekmiyüz…"
Dostuma tərəf çevrilirəm: adam hələ də telefondan çıxa bilməyib. Bayaqki paylaşımın şərhində ciddi-cəhdlə kiməsə başa salmağa çalışır ki, "Leyli və Məcnun" balet deyil və biz dostuq, sevgili yox.
Dostumu "işindən ayırmadan" tamaşaya dönürəm. Musiqi, aktyor oyunu, Qeysin, Leylinin səsindəki yanğı, əzab, ağrı adama o hisləri yaşadır. Qarşımda əyləşən xanımın səsinə yenə ayrılıram o ab-havadan. Xanım burnunu çəkə-çəkə deyir:
- Zalım oğlu yaradır da, öləsən səni, adamı belə məhv etməzlər.
Xanım əməlli-başlı emosiyalarını söyüşnən ifadə edirdi. Sağa çöndüm, gördüm, dostum hələ də şərhdə qaqaşa başa salmağa çalışır ki, "nolsun bura Opera və Balet teatrıdı, amma “Leyli və Məcnun” balet deyil və nolsun biz bura bir gəlmişik, amma biz də sevgili deyilik”.
O qeybdən gələn musiqi səsi yenidən məni öz ahənginə alıb apardı. Səhnələr bir-birini əvəz etdikcə daha çox dərinliyə vara bilirsən. İki dahi şəxsin ərsəyə gətirdiyi bu əsərin dərinliyində batmamaq mümkünsüzdü.
Yaxşı ki, bu saçı buruq buray xanım, boyu uzun suray xanımın hər dəqiqədən bir yaxınlaşıb "xanum, foto çekmek qadağandur, çekmiyüz" deməyi vardı, yoxsa o dərinlikdən çətin ki, çıxa bilərdi adam.
Leyli ölüm yatağında, Qeysin əzab dolu səsi və son səhnə: Qeysin Leylinin məzarı üstündəki o pəsdən, asta-asta, sızıltılı naləsi adamı məhv etməyə bilmir. Və hər kəs ayaq üstə alqışlayır. Alqışların arasında qulağım arxa tərəfdən gələn sözü göydə tutur: "O ifritə qayınanam 19 ildə hər yola əl atdı, amma bir dəfə məni belə ağlada bilmədi ki, bu Məcnun onu son 19 dəqiqənin içində etdi…"
Zal boşalır. Dostuma deyirəm ki, getməliyik. Elə zaldan təzə çıxırıq ki, saçı buruq buray xanım, boyu uzun suray xanım əlimdə fotoaparatı görüb yenə bizə yaxınlaşır: "Xanum, axşamdur, küçədə də foto çekmek qadağandur, çekmiyüz".
Hər kəs tamaşa haqda fikirin bölüşür yanındakılarla. Mən də dostumdan soruşuram:
- Necə idi?
- Əla!
- Guya baxdın da?
- Hə, niyə baxmadım.
- Yaxşı, onda bir neçə çümlə ilə tamaşanın səndə yaratdığı təəssüratı de görüm.
- Məsələn, o dövrdə də kənardan "öyrətmələr", "doldurmalar" varıymış. Məsələn, ordakı topa yığılmış xalalar, dayılar bir ağızdan Qeysi pisləyib, İbn Salamı tərifləməsəydilər, çoxdan xoşbəxt olmuşdu Leyligil. İndi də elədi də: neçə Leylilər, Qeyslər o xalaların, dayıların "nə deyərlər"i ucbatından bədbəxt olub gedirlər.
Sonda başqa bir yazar dostumun dediyi bir cümləni xatırlayıram:
“Əgər bir qızla "Leyli və Məcnuna" baxmağa gediriksə və o mənim ağladığım səhnəyə gülümsəyərək baxırsa, mən heç vaxt onunla sevgili ola bilmərəm”.