Məktəblilərin qala konserti və mükafatlandırma mərasimi keçiriləcək.
Oktyabrın 31-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan qəsəbəsindəki Mədəniyyət evi Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində yerləşən tam orta məktəblərin şagirdləri arasında “İstedad sorağında” adlı musiqi alətlərində ifa üzrə müsabiqənin 3-cü yekun turunu keçirib.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, 15 noyabr saat 15:00-da Şüvəlan qəsəbə Mədəniyyət evində 17 noyabr - Milli Dirçəliş gününə həsr olunmuş müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi və qala konsert keçiriləcək.
Qeyd edək ki, müsabiqəyə oktyabr ayının əvvəlində start verilib. 3 turdan ibarət müsabiqədə məktəblilər fortepiano, skripka, tar, qanun, nağara, qarmon və digər musiqi alətlərində öz məharətlərini nümayiş etdiriblər.
Yekun turda münsiflər heyəti 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərini müəyyənləşdiriblər.