29 İyun 2018 09:10
5 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Cəmilə Piriyeva ilə müsahibəni təqdim edir.

- Cəmilə xanım, xoreoqrafiya nədir, nə sənətidir? Gəlin bu sualdan başlayaq...

- Xoreoqrafiya sözünün hərfi mənası rəqs və yazıram deməkdir. Bu, rəqs və pantomima sənətidir. Pantomima hissi, mənanı müəyyən hərəkətlərlə tamaşaçıya çatdırır. Xoreoqrafiyada çatdırılma üsulu rəqsdir. Musiqi sədaları altında əli sadəcə yuxarı qaldırırsansa, bu, artıq rəqs deməkdir. Bir sözlə, xoreoqrafiya bədən üzvləri ilə yanaşı hansısa bir təbəssüm, gülümsəmə, baxış, baş döndürmə hərəkətindən yaranan rəqsdir.

Xoreoqrafiya çox çətin sənətdir. Kənardan asan görünə bilər, amma təhsil almağa başlayanda anlayırsan ki, bu, həqiqətən mürəkkəb sahədir. Azərbaycanda xoreoqrafiya sənəti XX əsrin 20-ci illərində inkişaf etməyə başlayıb. O vaxt Rusiya və digər ölkələrdən kiçik rəqs truppaları Bakıya qastrol səfərinə gəlir və öz sənətlərini nümayiş etdirirdilər. İlk vaxtlar bu truppaların çox az izləyiciləri olub, zaman-zaman bizdə də bu sənətə maraq yaranıb.

Hələ 1920-ci illərdə Üzeyir Hacıbəyov xoreoqrafiya studiyası açmaq istəyirmiş. Eləcə də Müslüm Maqomayev, Hüseyn Ərəblinskinin bu işdə xidmətləri böyük olub. Azərbaycan xoreoqrafiyasının ilk böyük şəxsiyyəti 1915-ci doğulmuş Qəmər xanım Almazzadədir. O, özəl balet studiyasında rəqs öyrənir və həmin studiya sonradan Azərbaycan Xoreoqrafiya Məktəbinə çevrilir. 1937-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının əsasını qoyur.

Üzeyir Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan əyalətlərinə səyahət təşkil edir, ilk mənbədən xalq rəqsləri haqqında məlumat toplayır. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini deyir. Daha sonra həmin məktəbin direktoru olur. Ötən əsrin 30-cu illərində Qəmər xanım rayon-rayon gəzib milli rəqs ansamblı yaratmaq üçün uşaq toplayır.

Qəmər xanımın ilk tamaşaları çox uğurlu alınıb. Opera və Balet teatrında ilk dəfə Qəmər Almazzadənin quruluşu əsasında “Tərlan” baleti tamaşaya qoyulub. 1940-cı illərdə “Qız qalası” baleti yaranıb və orada da Qəmər xanım ifaçı kimi çıxış edib.

- Vaxtilə “Leyli və Məcnun” operasında xoreoqrafiya, balet elementləri vardımı?

- İlkin dövrlərdə operada balet elementləri olmayıb. Sonradan yaranıb. Bilirsiniz ki, ilk vaxtlar Leyli obrazını Hüseyn Ərəblinski canlandırıb, qadınlar səhnəyə çıxmırdı.

- Ümumiyyətlə, operalarda xoreoqrafik rəqslər olur?

- Bəli, olur. Məsələn, təzəlikcə Sərdar Fərəcovun “Cavadxan” baletində Opera və Balet teatrının aktyorları da iştirak edir. Eləcə də “Koroğlu” operasında rəqqaslar öz istedadlarını nümayiş etdirir.

- Balerina musiqinin ahəngi ilə hansısa süjeti ifadə etməlidir. Bu, elə də asan deyil...

- Əlbəttə, hər bir baletin öz dramatik süjeti olur, bu zaman hər hərəkətin, hər elementin bir mənası var. Zənnimcə, ən çətin iş xoreoqrafın üzərinə düşür. O, həm rejissordur, səhnəni qurur, həm bəstəkarla birgə işləyir, musiqi, dekor hər şey ondan asılıdır...

- Bizim milli rəqslərimizin də süjeti var?

- Əlbəttə. Məsələn, “Vağzalı”nı qız ata evindən gəlin köçəndə ifa edilir, sanballı bir əsərdir. Digər rəqslərin də emosiyaya əsaslanan daxili süjeti var. Bayaq “Qız qalası” baletinin adını çəkdim, orada milli rəqslərdən istifadə olunub. Qəmər Almazzadə həyat yoldaşı Əfrasiyab Bədəlbəylinin dəstəyi ilə Şamaxı, Şəki və digər rayonlarda qastrollarda olub, yerli əhalinin mədəniyyəti, dünyagörüşü səhnəyə gətirilib.

- Xoreoqrafik rəqslə milli rəqsin fərqi nədədir?

- Fərqlər çoxdur, bədən və əl hərəkətləri tamamilə fərqlidir. Milli rəqsdə xarakterimizi nümayiş etdiririk, “Qaçaq”, “Yallı” kimi rəqslərdə tullanma hərəkətlərindən də istifadə edilir. Klassik rəqslər olduqca sakit tərzdə ifa olunmalıdır. Milli baletlərimizdə milli rəqslərimizdən də istifadə olunur.

Klassik rəqsdə əllər yumulursa, milli rəqslərdə düz olmalıdır. Bu cür kiçik nüanslar var.

- Xoreoqrafiya Akademiyasında klassik rəqslərlə müqayisədə milli rəqslərə daha yuxarı yaşda tələbə qəbul olunur. Bu nə ilə əlaqədardır?

- Dünyada bütün rəqslər klassikadan yaranıb. İlk dəfə balet İtaliyada Filip Talyoni tərəfindən yaranıb. Hətta puante üzərinə onun qızı Mariya çıxıb.

- Puante nədir?

- Rəqqasın barmaq üzərində durmasına imkan verən xüsusi geyimdir. Hərdən soruşurlar ki, baletdə barmaq üzərində necə dayanırlar? O ayaqqabının içərisinə xüsusi taxta var ki, barmaq üzərində dayanmağa imkan verir. Bir dəfəyə puante üzərində dayanmaq mümkün deyil, uzun müddət məşq eləməlisən. Müəyyən zədə və ağrıları olur. Bir sözlə, klassikanın elə metodikası var ki, həmin ayaqqabı üzərində dayana biləsən.

Xoreoqrafiya Akademiyasında klassikadan əvvəl rəqsin əsasları öyrədilir, uşağın musiqi duyumuna, adicə addımına diqqət yetirilir. Addım üzərində işlənir, başın düzgün tutulması və digər məqamlar 5-ci sinfə qədər öyrədilir. Sonra klassikaya başlanılır, bədən duruşu, baxışlar üzərində iş aparılır.

8-ci sinifdən isə milli rəqslərə başlanılır. “Tərəkəmə” və ya “Vağzalı” dərhal öyrəndilmir, Azərbaycan yerişi, düzgün qamət öyrədilir. Sonra “Naz eləmə”, “Arşın mal alan”dakı tək dəsmalla rəqslər və sair ifa olunur.

- Azərbaycanda tələbələr arasında baletə maraq hansı səviyyədədir?

- 1995-2000-ci illərdə oğlan tələbələr baletə çox meyl edirdi. İndi isə azalma var. Elə istedadlı uşaq olur, istəyirik baletə yönəldək, klassik bölməyə keçirək. Lakin valideynləri etiraz edir, milli rəqsdə qalmasını istəyirlər. Bizdə balet birmənalı qarşılanmır. Buna görə balet sahəsində oğlan çatışmazlığı var.

- Əslində qız rəqqasların baletə maraq göstərməyəcəyini düşünürdük. Oğlanların baletə meyl etməməsi nə ilə izah olunur?

- Əsasən geyimə görə istəmirlər. Adətən, valideynlər düşünürlər ki, övladı təhsilini xoreoqrafiyada, milli rəqsdə davam eləməlidir. Nəzərə almırlar ki, klassikanı, balet rəqslərini öyrənməsələr, o biri rəqslərin ifasında çətinliklə qarşılaşacaqlar. Mən tələbələrə başa salıram ki, klassikanı bilməsən, ifanda həmişə hansısa bir qüsur ortaya çıxacaq. Adicə əl elementini misal çəkirəm, əlimizi düzgün tutmasaq, gövdəmizi düz saxlaya bilməyəcəyik, ayaqlarımız da zəif işləyəcək. Əlləri, ayaqaları, başı düzgün saxlamaq lazımdır. Bir sözlə, hamısı bir-biri ilə bağlıdır. Bunları klassikada öyrənəndə milli rəqsləri ifa etmək asan olur.

- Rəqs əllərdən başlayır?

- Mənim düşüncəmə görə bəli...

- Elə rəqslər var, bədənin müxtəlif hissələri daha çox hərəkət edir. Məsələn, bəzi xarici rəqslərdə qurşaq qollardan, ayaqlardan daha aparıcı olur. Bizdəsə adətən, qollar, bir də ayaqlar əsas götürülür. Bunun izahı nədir?

- Mən müəllim kimi əllərin və gövdənin düzgün duruşunu əsas götürürəm, onlar düz tutulsa, ayaqlar da həmişə düzgün işləyəcək. Türklər üstünlüyü ayağa verirlər, ona görə də gövdə düzgün dayanmır. Tamaşaçı həmişə ayaqlara baxmayacaq axı, artistin üzünü də, gövdəsini də görmək istəcəyək. Məncə, gövdənin duruşu daha önəmlidir.

- Üz cizgiləri də rəsq üçün mühüm elementdir?

- Bəli, çox vacibdir. Bizim lirik rəqslərimiz var, məsələn, “Vağzalı”nı gülə-gülə oynamaq olmaz, orada kövrək mimika olmalıdır. “Şənlik”, “Üzüm” rəqslərində kövrək ola bilərsən, istər-istəməz yay rəqsidir, gülümsəyəcəksən. “Qaytağı” rəqsində isə qışqırmaq lzımdı, “Bəy” rəqsi sanballıdır, orada ağır duruş olur.

- Xoreoqrafiya üçün yaş nə deməkdir?

- Rəqqas bu sahəyə kiçik yaşdan başlamalıdır. Eləsi var 16 yaşda gəlir ki, rəqs eləmək istəyirəm. O, hansısa hərəkəti öyrənəcək, nəzəri bilik qazanacaq. Amma rəqqas kimi səhnədə özünü göstərməyi bacarmayacaq.

Bakı Xoreoqrafiya Akademiyasına 8 və ya 9-cu sinif şagirdi qəbul olunmur. 16 yaşında sümük bərkiyəndə, ayaqlar formalaşanda klassikanı öyrənmək xüsusilə çətinləşir. Rəqqas erkən yaşlarda həm gimnastikanı, həm də klassikanı öyrənir deyə yaş ötdükcə hazır vəziyyətə gəlib çıxır.

Məzun Bakı Xoreoqrafiya Akademiyasını ifaçı kimi bitirdikdən sonra bakalavra qəbul ola bilər. Bakalavrda bütün hərəkətləri artıq özü xereoqraf kimi qurur. Məsələn, bizdə “Klassikanın metodikası” adlı fənn var, vaxtilə ifaçı olan indi özü quruluş verməlidir.

Adicə ayaq vəziyyətinin o qədər qaydası var ki... Çiyinlər, baş düzgün tutulmalıdır, barmaqların beşi də yerdə olmalıdır. Müəllim də uşağa hərəkətləri necə çatdırmağı bilməlidir. Klassika həssas fəndir, düzgün izah verməsək, uşaq travma ala bilər.

- Fiziki travma?

- Bəli. Şükür, bizdə elə hadisə olmayıb. Məsələn, ayaq burxula bilər. Puanteyə qalxmaq üçün nə qədər metodika var. Rəqqas pəncə üzərinə tədricən qalxmağı öyrənir. Birdən qalxsa travma alar. Barmaq sıxmaq da önəmli rol oynayır, xüsusi incəlikləri var.

- Bəs rəqqas üçün ən çətin hərəkət hansıdır?

- Rəqsdə adicə duruş da önəmlidir. Elə tələbəm olub, düzgün dayanmaq üçün o qədər tər töküb. Xoreoqrafiyada hər bir hərəkətin öz çətinliyi var. Ayaq çox işləyir. Oğlanların toyda etdikləri rəqsini tez-tez sosial şəbəkələrədə paylaşırlar. Həmişə deyirəm ki, özfəaliyyətlə bizim tələbələrin rəqsləri bir-birindən yerlə-göy qədər fərqlidir.

- Ciddi dərs keçməyən gənclərin toylarda oynaması düzgündürmü? Onlarda əsas qüsur nərdir?

- Təbii ki, düzgün deyil. Düzdür, milli rəqslər səhnəyə qoyulmazdan öncə toylarda, saraylarda ifa edilib. Mən indiki dövrə görə səhnələşmiş rəqslərin toyda ifasına pis baxıram. Məsələn, “Naz eləmə”ni toyda oynayırlar, buna qarşıyam. Onu xoreoqraf qurmalı və yalnız səhnədə oynanmalıdır. İndi nağara-şounu, aş gətirmə səhnəsini də fərqli təqdim edirlər, müasirləşdiriblər. Toylarda geyim də doğru seçilmir.

Ümumilikdə, məclisə aş gətirmə adət-ənənəmizdir, olmalıdır. Amma bütün rəqslər peşəkarlıqla ifa edilməlidir.

- Rəqqas üçün yuxarı yaş həddi varmı?

- Mənim düşüncəmə görə, bəli, rəqqas 30 yaşdan yuxarı səhnəyə çıxmamalıdır. Necə ki futbolçu üçün yaş həddi var, eləcə də rəqqas üçün var.

- Rəqqasın ailə qurması, dünyaya övlad gətirməsi də problem sayılır...

- Dünyada bir çox balerinalar ailə həyatı da qurur, dünyaya uşaq da gətirirlər. Sadəcə formanı saxlayasan. Bu, qadına da, kişiyə də aiddir. Azərbaycan Dövlət Rəqs Ansamblının ifaçılarının yarısı ailəlidir, səhnəyə çıxırlar. Eləcə də Opera və Balet Teatrında Makar və Yuliya Ferştandt cütlüyü səhnədə oynayır. Anar Mikayılov Elmira adlı balerina ilə ailə həyatı qurub, hətta onların oğlu bizim akademiyada oxuyur.

- Rəqsdə bədən hərəkətləri ruha necə təsir edir?

- Adətən, musiqini duyursansa, gözəl rəqs edərsən. Amma elə tələbələr var ki, rəqs talantı yoxdur, amma musiqini elə gözəl hiss edir... Üzünə baxırsan, görürsən ki, musiqinin içindədir, artıq zəif talantı gözə çarpmır.

- Xoreoqrafiya Akademiyası Azərbaycanda balerina hazırlayan yeganə məktəb sayılır, elə deyilmi?

- Bəli. Əvvəl 12 illik məktəb idi, bu müddət ərzində həm attestat, həm də diplom alırdıq. Həmin diplomla özfəaliyyət məktəblərində dərs demək ixtiyarımız vardı, Akademiyada dərs demək üçün Mədəniyyət və İncəsənət Univeristetini bitirmək lazım idi. Ancaq 3 ildir ki, Akademiyanı bitirib bakalavra qəbul olmaq olar.

- Akademiyada ildə nə qədər məzun olur?

- Təxminən 20-30 məzun, çoxu da qızlardır.

- Böyük əksəriyyəti Opera və Balet teatrında çalışır?

- Bizdə 8-ci sinifdən tələbələr klassik və xalq bölməsinə bölünür. Klassik bölməni bitirənlər Opera və Balet teatrında işləyir, xalq bölməsini bitirənlər Dövlət Filarmoniyasında, müxtəlif rəqs ansamblında çalışa bilərlər. Ona görə xalq səhnə rəqsləri ilə bağlı dövlət imtahanı olanda ansamblın rəhbərləri gəlir, seçim edib işçi götürürlər.

- Belə çıxır, Xoreoqrafiya Akademiyasının məzunları işsiz qalmır.

- Bəli. Mən özüm Akademiyanı əlaçı kimi bitirsəm də, ifaçılığı davam eləmədim.

- Niyə?

- Uşaqlıqdan müəllimliyi sevirdim. Mədəniyyət və İncəsənət Universitetində metodikanı keçəndən sonra müəllimliyi daha çox xoşladım.

- Xoreoqrafiyanı necə oldu seçdiniz?

- Əvvəl-əvvəl rəqslərə könülsüz gedirdim. Akademiyaya ən yüksək qiymətlə qəbul oldum, artıq, rəqsi çox sevirdim. Əvvəllər “Cücələrim” özfəaliyyət məktəbinə getmişdim. Akademiyada öncə klassika bölməsində oxudum, sonra 8-ci sinifdə xalq bölməsinə keçdim, əməkdar artist Səbinə xanım Qasımova və həyat yoldaşı Yusif Qasımov müəllimimiz olub. Nəyi qazanmışamsa, bu iki müəllim sayəsində qazanmışam.

- Toylarda oynayırsız yəqin...

- Bilirlər ki, oynamağı bacarıram, hamı məni rəqsə dəvət edir. Rəqsim də istər-istəməz başqalarından seçilir. Hər bir valideynə tövsiyə edərdim ki, övladlarını xoreoqrafiyaya yönəltsin. Uşaq elmlə yanaşı rəqs sənətinə də sahib ola bilər. Bu, elə sənətdir ki, müəllim kimi də, böyük səhnələrdə ifaçı olaraq da fəaliyyət göstərə bilərsən. Bizdə klassik bölməni bitirib xarici teatrlarda ifaçı kimi çalışan gənclər var. Bir yerdə qalmaq olmaz, bu, elə sənətdir ki, daim inkişaf lazımdır.

Yutubda izləyirəm, xaricdə yeni bir metodla bağlı videolar varsa, mən də tətbiq etməyə çalışıram. Bizim çox güclü baletmeyestrimiz var, Fərhad Vəliyev, o deyirdi ki, yolda gedəndə gül qarşınıza çıxırsa, ona baxıb fantaziyanızı işlətməlisiniz, hansısa rəqsin strukturunu beyninizdə canlandırıb onunla yaşamalısınız. Evində 1-2 dəfə olmuşduq, elə bil teatr idi, ətraf disklərlə, kitablarla dolu idi. Yarım saat onunla oturanda zəngin məlumat əldə edirdik.

İndi bizdə dünya xalq rəqsləri fənni tədris olunur. Klassik elementlərdən götürülmə ispan, Azərbaycan rəqsləri və başqaları öyrədilir.

Azərbaycanda lirikada kövrək olmalısan, ispan rəqsində emosiyanı bildirməlisən

- Görkəmli ifaçılardan kimlərin adını sadalamaq olar? Klassika sahəsində...

- Bu sənəti Azərbaycanda mübarizə nəticəsində yaradan Qəmər Almazzadənin adı öndə çəkilir. Ona hətta güllə də atıblar. Xoşbəxtlikdən sağ-salamat qurtulub. Çətinliklərə baxmayaraq, Azərbaycanda xoreoqrafiya məktəbini qurub. Görkəmli ifaçılarımız çox olub, Dövlət Rəqs Ansamblının rəhbəri Afaq Məlikova, bundan başqa, Knanoviç, Pavlova, Vatasov, Boqdanov, Roza Cəlilova, Əminə Dilbazi, Təranə Muradova, Cəmilə Bayramova, Əlibaba Abdullayev çox güclü müəllimlərdir.

- Xanlar Bəşirov necə?

- Onun ifasında “Bəy” rəqsi var , hər konsertdə o, səhnəyə çıxanda ağlayıram. Heç nə etmir ha, onun bir duruşu var, baxanda heyran olursan. Məncə, rəqqas elə ifa etməlidir ki, onun bir duruşuna heyran qalmalısan. Xanlar Bəşirovdan sonra çox adam o rəqsi ifa edib, amma onun rəqsi tam başqadır, sanki səhnədə təkdir... Cəmilə Bayramova ilə “Xəyal” rəqsi də möhtəşəmdir.

Kamran və Məlik Həsənov qardaşlarının da rəqsini çox bəyənirəm.

Qadınlarımızdan Sevinc Hüseynlinin ifası xüsusi seçilir. Hazırda təəssüflər olsun ki, çox oynamır, Dövlət Filarmoniyasında çalışır. “Turacı”nı ilk o oynayıb, sonrakı ifaçılar hələ ki ona çata bilməyiblər.


Müəllif: Qurban Yaquboğlu, Nərgiz Ehlamqızı

Oxşar xəbərlər