16 Oktyabr 2018 09:14
2 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində ilk olan heç vaxt unudulmur. İlklər o zaman daha yaxşı yadda qalır ki, öz keyfiyyəti və təsiri ilə iz qoya bilsin. Bu dəfə bəhs edəcəyimiz ilk iş isə Azərbaycanda əlilliyi olan və olmayanların birgə yaratdığı “ƏSA” Teatrıdır.

Təkcə birinci addım olduğu üçün yox, həm də qısa müddət ərzində haqqında yaxşı mənada söz etdirdiyi, həyatda hər şeyin mümkünlüyünü göstərdiyi, əzmin və sevginin aciz qaldığı bir şeyin olmadığını sübut etdiyi üçün ora yollanıram.

Əgər binada qapının üzərindəki yazını oxumasaydım, gülüş səsləri gələn məkanın “ƏSA” Teatrı olduğundan xəbərsiz hələ də ünvan axtarışına davam edəcəkdim.

Fotoqrafımızla məni gülərüz, pozitiv, mehriban bir komanda qarşılayır. Daha doğrusu, tamaşa məşqinə hazırlıq gedərkən, biz də o mühitə qəbul edilirik.

Hələ ki məşqə mane olmadan teatrın multimedia meneceri Elxan Xanəlizadəyə yaxınlaşıram. Pıçıltı ilə söhbətə başlayırıq. Onu da qeyd edim ki, bütün söhbətləri pıçıltı ilə aparmalı oldum...

Elxan Xanəlizadə deyir ki, teatr yaranandan burda işləyir və teatr artıq 2 yaşından 3-ə adlayıb: “Yarandığı vaxtdan bu günə qədər Azərbaycanın ən böyük səhnələrində tamaşa təqdim edib. “ƏSA” həm də sübut edir ki, teatr sadəcə boş səhnəyə yox, dolu auditoriyalara oynamaq deməkdir. Bizim bütün tamaşalarımız alqışlarla keçib, səhnəsində ən şedevr əsərlər oynanılıb”.

Məşqinə təsadüf etdiyimiz tamaşa Nobel mükafatçısı, yazıçı Moris Meterlinkin “Göy quş” əsəridir.

Multimedia meneceri deyir ki, yazıçı şərqi görməsə də, tənqidçilərin dediyinə görə, Moris Meterlink şərq təfəkküründə olan qərb insanıdır və bu onun əsərlərində özünü göstərir: “Bu, sanki məxsusi şərq xalqları üçün yazılmış əsərdir. Tamaşanın rejissoru Nihad Qulamzadə sırf mənəvi dəyərlərə – insanlığa mərhəmət, nəcib hisslərə görə bu əsəri seçib. Böyük əsər olduğundan bu dəfə heyət də böyükdür. Tamaşada ilk dəfə peşəkar aktyor, xalq artistləri inklüziv teatr heyətilə birlikdə səhnəyə çıxacaqlar.

Tamaşanın xüsusi bəstəkarı var, bütün heyət üçün ayrıca geyim tikilib və hər şey tamaşa üçün hazırlanıb”.

Tamaşada yeni aktyorlar da var. Onlardan biri mənə təbəssümlə baxan gözəl-göyçək Cəmilə Məmmədlidir. Tamaşada pişik rolunu oynayan Cəmilə 15 gündür məşqlərə gəlir, ondan çətin olub-olmadığını soruşuram.

Deyir, buradakıların bir qismini əvvəldən tanıyırmış: “Düzü, ”ƏSA” əvvəldən izlədiyim, bəyəndiyim teatr idi, ona görə də mühitə öyrəşmək çətin olmadı. İlk günlər çox danlanırdım, əslində mətni əzbərləmək işin ən əsas qismidir, çətin olan əzbərlədiyin cümlələrə hisslərini qatmaq, duyğularını əlavə etməkdir. Bəzən şişirtməyə yol verirsən, bəzən isə həddindən artıq şişirtdiyin üçün sənə irad tuturlar”.

Cəmilənin bura necə gəldiyi ilə maraqlanıram. Deyir ki, teatra çoxdan maraq göstərirmiş: “Rayonda yaşayardım, bu yaxınlarda Bakıya köçdüm və dostlarımdan biri tövsiyə etdi ki, bu heyətə qatılım. Artıq burdayam... İş mühiti həddindən artıq əyləncəli, xoş və öyrədicidir. Təkcə könüllülər deyil, professional heyət də bizə yol göstərir, səhvlərimizi tuturlar. Məktəb, iş və əyləncə – hamısı bir yerdədir”.

Məşqdə hamı aktivlik göstərir, amma biri də var, xüsusi fəallığı diqqətimi cəlb edir, olduqca rahat və sərbəstdir. Yaxınlaşanda yanılmadığımı anlayıram, çünki o həm də jurnalistdir. Söhbət aktyor Orxan Əliyevdən gedir.

Sual verməmiş deyir: “Mən anadangəlmə fiziki məhdudiyyətliyəm, buna baxmayaraq aktiv həyat tərzi sürürəm, buna görə ilk növbədə valideynlərimə borcluyam”.

Bu barədə əlavə bir şey danışmaq istəmədiyini bildirəndə dərhal razılaşıb tamaşadakı rolundan söhbət açırıq. Onun rolu alovun ruhunu canlandırmaqdır: “Görmədiyim, bilmədiyim bir şeyi canlandırmaq çətindir, amma tariximiz oda gedib çıxır, öhdəsindən gəlməyə çalışıram. Hələ ki məndən razı qalırlar, çox kömək olurlar. Burda ab-hava çox xoşdur, ortam rahatdır, sevgi, doğmalıq var”.

Burdakı üzlər də alışdığımız tanış üzlərdir, İmran Lalayev kimi. Bir ildən çoxdur “ƏSA”nın aktyoru olan İmranın məşqini izlədikcə artıq kifayət qədər yetişdiyini duymaq çətin olmur. Teatra gəlişi ilə maraqlanıram: “Bura dostum dəvət etmişdi, ilk olaraq “ƏSA” teatrının tamaşasına gəldim, cəlb elədi, sonra rəhbərliklə danışaraq kollektivə qoşuldum. Biz burda xoşbəxt ailəyik . Nə müdir var, nə rəhbər... Heç bir çətinlik olmadan rahat gəlib-gedirik. Düşünürəm, aktyor kimi məsuliyyətli olmaq lazımdır ki, tamaşaçılar keyfiyyətli alınsın. Burda hər kəsin xətrini istəyirəm, bir-birimizə həmişə dəstək oluruq”.

Onun dostlarından biri də bayaqdan aktivlik edən, indi isə kənara çəkilib nədənsə yorğun şəkildə məşqi izləyən aktyor Elşən Əsgərovdur. Elşən “ƏSA”nın peşəkar aktyorlarındandır. “Yuxum”, “Adamlar və siçanlar”, “Paris partladı” kimi tamaşalarda rol alıb.

Deyir ki, hər işin öz çətinliyi var: “Mühit yaxşı olanda işin keyfiyyətinə də müsbət təsir edir. Gələcək tamaşalarda iştirak etmək istəyirəm, əgər burda olsam və yaşasam....”

Məşq getdiyi üçün rejissorla söhbəti sona saxlamışdım. Bir də deyəsən, ondan bir az çəkinirdim. Ona görə yox ki, Nihat sərt rejissordur, ona görə ki, işinə o qədər aludə olub, məşqə qapılıb ki, onu işindən ayırmaq istəmirəm. Nəhayət, 5 dəqiqəsini mənə ayırır, amma yenə də məşqi dayandırmadan, kənarda söhbətləşirik.

“ƏSA” Teatrının təsisçisi, rəhbəri, eyni zamanda hazırda məşqi gedən “Göy quş” tamaşasının rejissoru Nihad Qulamzadə ilə söhbətimiz nə üçün bu əsəri seçməsindən başlayır.

Deyir, daha çox heyətli əsər axtarırdıq ki, bu dəfə tamaşamızda ən azı 15 nəfər aktyor oynasın: “Buna görə də bizim üçün baxımlı, zövqlü əsər lazım idi. Haradasa 30- 40 əsərə baxış keçirdik, nəhayət, bu əsəri seçdik. Əsər imkan verir ki, tamaşa inklüziv olsun. Əlliliyi olan aktyorların bu tamaşada obraz canlandırması daha unikal və idealdır. Çünki əsər mistikdir, reallığı yox, yuxunu əks elətdirir. Biz də ona istədiyimiz kimi dəyişikliklər edir, üzərində rahat şəkildə işləyir və ideyamızı ortaya qoya bilirik.

Mən düşünürəm ki, bütün teatrlarda əsərlər elə seçilməldir ki, mənəvi zövqdən əlavə, tamaşaçıda təmizlənmə, yenilənmə getsin, düşüncələrində baxış bucağı dəyişsin. Müasir tamaşaçı belə səhnə əsəri istəyir...”

Rejissor deyir ki, 30 aktyorun iştirak edəcəyi tamaşa ümumilikdə 60 nəfərin əziyyəti hesabına başa gələcək: “Bu tamaşa “ƏSA” Teatrının ən böyük və ən peşəkar tamaşası olacaq. Mənim üzərimə böyük məsuliyyət düşür, bu səbəbdən biz dayanmadan məşq edirik”.

Nihad Qulamzadə teatrın keçdiyi yola da qısa nəzər salır. “ƏSA” Azərbaycanın peşəkar teatr mühitində hələ çox gəncdir: “Biz artıq peşəkarlığa doğru gedirik. “ƏSA”nın iki yaşı var, ciddi uğursuzluqlarımız olmayıb. Əlbəttə, çətinliklərimiz az deyil, bütün bunlara rəğmən uğur qazanmağımız böyük şeydir. Mən düşünürəm ki, “ƏSA” 2 ildən sonra daha böyük yerlərdə olacaq”.

Adətən, teatrlarda paxıllıq, dedi-qodu olur, burda isə ən gözəl şey komandanın biri-birinə bağlılığı, səmimiyyətidir. Görünür, rəhbərlikdən də çox şey asılıdır. Teatrın rəhbərinin fikrincə, kollektivdə rəqabət var, amma bu, qısqanclıq və ya paxıllıq deyil: “Mən özüm səmimi insanam, zarafatı, deyib-gülməyi sevirəm, gərgin iş prosesini xoşlamıram . Ona görə də teatra dəvət olunan insanlarda istedaddan çox, kompleksin olmamasına, rahatlıq və səmimiyyətin bolluğuna diqqət edirəm, onda istəyimizə daha tez nail oluruq.

Avqust ayından teatrımıza 65-70 nəfər müraciət edib. Seçim zamanı özünü başqalarından əskik tutmayanlara üstünlük veririk. İnsanın özünə yazığı gəlməyi pis şeydir. Əlilliyi olmayan insanları dəvət edəndə də çalışırıq ki, əlilə yazığı gəlməsin. Biz hamımız bərabərik, insanlar isə sadəcə xaraktercə bir-birindən fərqlənir”.

Söhbət etdiyimiz otaq məşq üçün çox balaca idi, kirayə tutulmuş bu yer balaca olduğu üçün məşqlər də yarı-yarı keçirilir.

Nihad Qulamzadə deyir ki, bu binada bir ildən çoxdur məşq edirlər, qapıları yoxdur deyə qışda soyuq olur: “Aktyorlara mənəvi qidadan əlavə maaş da lazımdı, amma istədiyimiz maaşı verə bilmirik, sponsor, dəstəkçi qurum tapmaq çətindir. Ancaq düşünürəm harada problem varsa, yaradıcılıq oradan qabarmağa başlayır”.

Daha məşqlərə mane olmamaq üçün sakitcə oranı tərk edirik. İnsanların əzmi çox şeyə qadirdir: Daş qaldırmağa da, maneəni dəf etməyə də, ƏSA-dan yapışıb tamaşa göstərməyə də...

Foto: Elnur Muxtar


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər