“Sərhədsiz incəsənət” beynəlxalq seminarı çərçivəsində noyabrın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində “Aşiq Səttar” layihəsinin təqdimatı oldu. Layihə görkəmli fırça ustası Səttar Bəhlulzadənin 110 illik yubileyinə həsr olunub.
Layihədən əvvəl seminar iştirakçılarına Xalq rəssamı Səttar Bəhlulzadə haqqında məlumat verildi.
Səttar Bəhlulzadənin yaradıcılığı Azərbaycanın müasir rəngkarlıq tarixinin xüsusi və parlaq səhifələrindəndir. Sənətsevərlər onun bir çox əsərlərini yaxşı tanısalar da, rəssamın yaradıcılıq taleyinin başlanğıcı haqqında az məlumatlıdırlar.
Azərbaycan Milli İncəsənət Muzeyi, dünyanın böyük muzeylərinin təcrübəsindən istifadə edərək, Gənc Tamaşaçılar və Pantomima teatrlarının bədii kollektivləri ilə birgə orijinal kompozisiya tərtibatında Səttar Bəhlulzadənin incə ştrixlərlə işlənilmiş portreti, həyatı və yaradıcılığı haqqında canlı hekayə təqdim etdi. Pantomima sənətinin zəngin emosional palitrası, sözsüz dil, hər kəsin anladığı universal dil olaraq təsadüfən seçilməyib. Səttar Bəhlulzadə zahirən dinməz və özünəqapanmış, daxilən isə güclü, romantik, rəhmli, alicənab, ədalətli, həyatı sevən biri idi. Həyat ona min əziyyət yaşatsa da, rəssam yüksək yaradıcılıq ruhu ilə ölümsüz əsərlər yaratmışdır.
Layihənin ideyası Milli İncəsənət Muzeyinə məxsusdur. Kompozisiyanın bədii rəhbəri Gənc Tamaşaçılar teatrının aktyoru, Əməkdar artist Nofəl Vəliyev, ssenari müəllifi və quruluşçu rejissor Dövlət Pantomima Teatrının aktyoru, Əməkdar artist Bəhruz Vaqifoğludur. Rollarda Bəhruz Vaqif oğlu, Hilal Dəmirov, Leyla Atayeva çıxış edirdi.
Tamaşada Qara Qarayev, Fikrət Əmirov, Aqşin Əlizadənin musiqi əsərlərindən və Bəxtiyar Vahabzadə, Mikayıl Müşfiqin poeziya nümunələrindən istifadə edilib. Layihənin məsləhətçisi Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevdir.
Tamaşa seminar iştirakçıları tərəfindən maraqla qarşılandı.