Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi festivaldan qayıdıb.
Teatrdan Teleqraf.com-a verilən məlumata görə, 12-20 sentyabr tarixlərində Brest şəhərində keçirilən XIX “Belaya Veja” festivalında Gənc Tamaşaçılar Teatrı S.Bekketin eyniadlı pyesi əsasında hazırlanmış “Sözsüz” mono tamaşası ilə çıxış edib.
Quruluşçu rejissoru İsa Əsədov olan tamaşada ifaçı rolunu Əməkdar Artist Şövqi Hüseynov canlandırıb.
Tamaşa özünün şanslarını əldən vermiş, indi isə bütün varlığı ilə ona çatmaq üçün çabalayan, min bir əziyyətə qatlaşan insanın maddi və mənəvi problemlərindən danışan, dinamika, mim və mürəkkəb fiziki elementlər əsasında qurulub.
Festival haqqında yazan Brestin nüfuzlu qəzetlərindən olan “Брестская газета” festival çərçivəsində seçilən və daha çox tamaşaçı marağına səbəb olan səhnə əsərlərinin siyahısına Şövqi Hüseynovun ifa etdiyi “Sözsüz” tamaşasını da daxil edib.
Qeyd edək ki, festivalda dünyanın 13 ölkəsindən 24 teatr kollektivinin 10 dildə təqdim etdiyi 28 tamaşa izlənilib. Əvvəlcə festivalın dahi dramaturq Uilyam Şekspirin yaradıcılığına həsr olunması qənaitinə gələn təşkilat komitəsi daha sonra festivalın sərbəst şəkildə, heç bir mövzu əsasında olmayacağını qərarlaşdırıb. Ölkəmizlə yanaşı festivalda Belarus, Rusiya, Ukrayna, Estoniya, İtaliya, Latviya, Polşa, Slovakiya, Qazaxıstan, Gürcüstan və dünyanın digər ölkələrinin mono, kukla, meydan, mim teatrları iştirak ediblər.
Nərmin