30 Dekabr 2020 13:33
2 880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com ədəbiyyatşünas-tənqidçi İradə Musayevanın "Məhəmməd Hadi “Molla Nəsrəddin”çi kimi" adlı məqalənin II hissəsini təqdim edir.

Birinci məqalə ilə bu linklə tanış ola bilərsiz: https://teleqraf.com/news/art/271241.html

Azərbaycan ədəbiyyatında romantizm tarixə estetik baxış fraqmentləri kimi (əslində dövr kimi qəbul etmək olmaz) düşdü və maraqlıdır ki, bu estetik yaradıcılıq konsepsiyası mədəniyyətin, incəsənətin başqa sahələrində deyil, yalnız ədəbiyyatda və yalnız Türkiyə sosial-siyasi, ədəbi-mədəni mühitində formalaşan müəlliflərin (məsələn, Ə.Hüseynzadə, H.Cavid) yaradıcılığında özünü göstərdi.

Halbuki Qərbdə bütün estetik cərəyanların əks-sədası musiqi, rəssamlıq, teatr, fotoqrafiya, fəlsəfə və başqa yaradıcılıq sahəsində də inikas olunurdu və tarixə bütöv bir dünyagörüş, fəlsəfi-estetik baxış mərhələsi kimi daxil edilirdi. Bu baxımdan romantizm bizim sənət estetikasında, dünyagörüş fəlsəfəsində cərəyanlaşa bilmədi, xüsusi bir mərhələ kimi tarixə düşmədi.

Aydındır ki, ağılın deyil, daha çox hissin və emosiyanın üstünlük təşkil etdiyi, hakim kəsildiyi ideallaşdırılmış aləmə köçürülmüş həyat lövhələri real həyatdan ayrılmış oxucu üçün “başqa bir dünya” rolunu oynayır. Romantizm həmin o “başqa bir dünya”nın təsvir metodologiyasıdır. Belə “dünya”da bəzən oxucu mistik, fantastik obrazların qeyri-müəyyən zaman və qeyri-müəyyən məkan sərhədsizliyində necə yarandığını və necə hiss edilmədən yox olduğunu müşahidə edir. Yazıçının romantik ruhu onun təkcə təbiəti və xarakteri ilə bağlı olmur, dünyagörüşü, formalaşdığı ictimai-siyasi, ədəbi mühit və xüsusən də yaşadığı zamanın inqilabi, intibahi çevirilişləri, yenilikləri ilə də əlaqədar olur.

Romantiklərin xəyallarında təxəyyüllə yaratdığı “gerçəklik”də (bizə doğma və o qədər də uzaq, yad olan bir aləmin kölgəsi kimi təsvir olunan dünyada) nəyin necə baş verməsi obyektiv deyil, daha çox subyektiv səbəblərlə ifadəsini tapır. Obyektiv gerçəkliklə barışmayan, üsyan edən müəllif öz “gerçəkliyini” yaratmağa və onu başqalarına da qəbul etdirməyə çalışır və sanki bundan zövq alır. Bunun üçün çox böyük yaradıcı enerji və qlobal baxış erudisiyası olmalıdır. Məsələn, A.S.Puşkin, M.Y.Lermontov, C.Q.Bayron, R.B.Şelli, E.Hofman, C.Leopardi, A.Mandzoni, Ş.Petefi, Ə.Hüseynzadə, H. Cavid kimi.

XIX əsrdə bütün yeni estetik yaradıcılıq kateqoriyaları, cərəyanlar kimi romantizm də yüz illərlə mövcud olan dəyişməz, daşlaşmış nəsnələr haqqında fərqli və yeni baxış metodu kimi yarandı. Romantiklər özlərindən əvvəlki müəlliflərin obyektinə yenidən və başqa rakursdan baxmalı oldu. Hər şey haqqında (azadlıq, əxlaq, din, məhəbbət, elm, fəlsəfə, hətta rənglər və səslər haqqında) yenidən düşünmək, onları yenidın izah etmək, yeni bəşəriyyət və yeni dünya xəyallarının obrazını, portretini yaratmaq zərurəti meydana çıxmışdı. Amma bunların hamısı Qərbdə və Qərb həyatının bütün sahələrində baş verirdi.

Aydın məsələdir ki, bütün dövrlərdə bütün estetik yaradıcılıq (klassizm, sentimentalizm, realizm, tənqidii realizm, romantizm və s) kateqoriyaları xalq və hakimiyyət, ictimai-siyasi problemlər, bəşəri faciələr haqqında bu və ya digər şəkildə baxış və nəzəri görüşlərini sərgiləyib. Romantizm prinsiplərində fərqlilik və üstünlük ondan ibarət idi ki, romantiklər arzulanan yeni dünyanın maketini, formul və düsturunu təxəyyüllə də olsa göstərə bilir, incanları, cəmiyyətləri həmin ideal dünya quruculuğuna həvəsləndirirdilər. Və mövzu seçimində daha çox qlobal düşüncəli olurdular. Onların təqdim etdiyi dünya bəlkə bütün estetik baxış prinsiplərində “ideal gələcək” kimi hədəfdə saxlanılırdı. Qeyri-ixtiyari olaraq realistlər də gerçək dünyanın şəklini çəkə-çəkə şüuraltında, ikinci qatda həmin arzulanan dünyadan – romantiklərin dünyasından yazırdılar həm də...

Bəzən ədəbiyyatşünaslar, xüsusən də Qərb və Şərq romantizminin spesifikasını, fərqini unudanlar öz arzularına uyğun olaraq bizim ədəbiyyatda romantizmin tarixini və nümayəndə siyahısını təhrif edir, bütün bunları dünya romantizm cərəyanı ilə tarazlaşdırmaq istəyir. Məsələn, bu hərəkat dünyada XIX əsrdə başlanıbsa, bizdə də romantizmin cərəyan kimi mövcudluğunu sübut etməyə çalışır və tarixini də çəkib həmin dövrlə, A.Bakıxanov, M.F.Axundov, İ.Qutqaşınlı yaradıcılığı ilə əlaqələndirirlər. İntonasiya isə belədir: Niyə də yox?!

Romantik ruhlu, romantik ideyalı müəlliflər real dünyadan, bəşəriyyətdəki çaxnaşmalardan, dünyanın gedişatından narazı olan və ideallaşdırılmış dünya modeli arzusu ilə yeni bir yola üz tutmuş adamlardır. Onların düşüncə inqilabı əslində çox hallarda yeni deyil, hətta bəşəriyyətin yaradılışı prosesində baş verən ziddiyyətli məqamlarla, xeyirlə şərin nifaqı, İblis adlı mələyin şeytana çevrilməsi zamanı ilə əlaqəli fəlsəfi görüş estetikasını da əks etdirir. H.Cavidin Şeyx Sənanı və ya İblisi də sanki ilk insanın tarixi, taleyi və faciəsi haqqında yazılmış hekayənin obrazlarıdır. İlk baxışda elə görünür ki, ziddiyyətlərlə dolu bir dünyanı düşüncəsi, arzuları və qələmi ilə düzəltmək istəyən romantiklər üçün məişət mövzuları, cəmiyyət həyatının problemləri, hətta konkret ölkələrdə mövcud olan real həyatdakı ictimai-siyasi, sosial-mədəni yaşam tərzi maraqlı deyil.

Onların bütün qəhrəmanları sanki ruhlar aləmində mövcuddur və birmənalı şəkildə azaddır. Romantizmin sadalanan xüsusiyyətlərini nəzərə alaraq M.Hadi yaradıcılığını gözdən keçirəndə görürük ki, onun poeziyasının və publisistikasının ana mövzusu XX əsrin ilk iyirmi ilinin real Azərbaycan həyatı, Azərbaycan cəmiyyətinin konkret problemləri və azərbaycanlı obrazının problemli düşüncələri ilə bağlıdır. Hadi həqiqi, real nəticələri ola biləcək arzular uğrunda mübarizə aparırdı və bu cür tezislərini az qala hər şeirində açıq şəkildə bəyan edirdi. Aşağıdakı misalda –“Amali-tərəqqi” şeirində də “Həqiqi arzumuz”, “Məsaimiz” (çalışma və səylərimiz), “Əsasi-fikrimiz”, “Ürəkdə bəslənən amalımız”, “Yeganə nöqteyi-mətlub” kimi ifadələr həmin anlamı əks etdirir:

Həqiqi arzumuz intizami-hali-millətdir,
Məsaimiz bütün məsrufi-istikmali-millətdir,
Əsasi-fikrimiz təmini-istiqbali-millətdir,
Ürəkdə bəslənən amalımız iqbali-millətdir,
Yeganə nöqteyi-mətlub istiqlali-millətdir.

“Arzuyi-dil” şeirində də konkret bir millətin, xalqın halını, fəryadını ifadə edir, xalqı əzaba düçar olmuş millətlər sırasında təsvir edir, naləsi, ahı dünyanı atəşə bürüyəcək olan bir cəmiyyətin dərdinə biganəliyi göstərir:

Olmarızmı həqqi-insaniyyədən biz zövqyab,
Yoxsa dünyada nəsibi-millət olmuşdur əzab?

Kimsəyə olmur əsərbəxşa fəğanü dadımız,
Aləmi yandırmayır bilməm neçin fəryadımız?

Sanma atəşdir ki, rövzənlərdən olmuş şölədar,
Ahi-cangahi-fəqirandır könüllərdən çıxar.

Ah! Əmniyyətlə olmazmı vətən cənnətmisal,
Etmərizmi yari-ümmidi dərağuşi-vüsal?

Hadi ixtiyar, imtiyaz sahiblərinə üzünü tutub onlardan xahiş edirdi ki, “Vətən”, “millət” kəlmələrini dil lövhəsinə, kitabına yazsın. Həqiqətən də bir xalqın var olması üçün ilk növbədə önun “Vətən” və “millət” anlayışını qavraması, dərk etməsi lazımdır:

Sizlərə təslim olunmuş xidməti təqdir edin,
Bir “Vətən”, bir “millət”i lövhi-dilə təhrir edin.

Azərbaycan ədəbiyyatında XX əsrin əvvəllərində romantizm üçün milli zəmin və ənənə yox idi. Klassik romantizm, məsələn, M.Füzuli yaradıcılığı ilə arada olan məsafənin nə az, nə çox, düz 400 il yaşı vardı. XX əsrin əvvəllərində isə dünya başqa dünya idi. 1905-1907-ci il inqilabı, erməni-azərbaycanlı münaqişələri, Birinci Dünya Müharibəsi, Sosialist inqilabları, Azərbaycanda Cümhuriyyət quruculuğu, Qafqaz xalqları arasındakı elmi-mədəni, sosial-siyasi inteqrasiyalar və münaqişələr və s. bu kimi proseslər ədəbiyyatda və ümumən fəlsəfi-siyasi, ədəbi-bədii görüşlərdə təlatüm yaratdı. Bunun nəticəsi idi ki, mətbu orqanların və partiyaların sayı durmadan artırdı. Siyasi, sosial, ictimai və ədəbi mübarizələrin hamısı reallıq tələb edirdi. Romantikaya, sentimental düşüncəyə ram olmaq zamanı deyildi. Praktik olaraq həyat mənzərələri sürətlə dəyişir, yenisini əvəz edirdi. Azərbaycan uğrunda Rusiya, İran, Türkiyə maraqları siyasi müstəvidə öz işini görürdü. Bu ayrıntılar mətbuatda və partiyaların fəaliyyətində açıqca sezilirdi.

Rus bolşevizmini daha çox realistlər (məsələn, “İskra”, “Hümmət”, “Bakinski raboçi”, “Şərqi-rus”, “Dəvət-Qoç” kimi mətbu orqanlar vasitəsilə), Türkiyə maraqlarını isə romantiklər (məsələn, “Füyuzat” və Ə.Hüseynzadə) ifadə edirdi. Romantik üslub modeli və təsirlər kənardan, konkret olaraq Türkiyədən gəlirdi.

Örnək üçün ortada yalnız müasirlərin Türkiyə təcrübəsindən qaynaqlanan təşəbbüsü (Ə.Hüseynzadə və “Fyüzat”) və Türkiyə ədəbiyyatı nümunələri vardı. Qərb romantizmini də çox hallarda yenə Türkiyə və ya Rusiya vasitəsilə mənimsəyirdilər. İnqilablar, fəhlə tətilləri, mücadilələr şəhəri Bakıda və digər iri şəhərlərdə hadisələrin siyasi, mədəni-mənəvi və sosial-ictimai mahiyyətinə vararaq yazmaq tələbi qaçılmaz idi. Onlarla mətbu orqan və yüzlərlə şair-publisist bu mübarizənin nəbzini tutaraq yazırdı. Elə Hadi də... elə “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin” kimi mətbu orqanlar da...

XIX əsrdə Avropa dövlətlərinin Türkiyəyə təsiri nəticəsində “tənzimat islahatı”nın qəbul edilməsi cəmiyyət həyatının bir çox sahələrində inqilabi dəyişikliyə gətirib çıxardı. Avropanı ədəbiyyatda da təqlid və təbliğ etmək zərurəti yaranmışdı. Türk ziyalıları modern sənət və ədəbiyyat vasitəsilə yeni dünyagörüş formalaşdırmaq ideyasını irəli sürür və bu yöndə praktik fəaliyyət göstərirdi. Bu ədəbi islahatların mahiyyətində isə siyasi hərəkatı tənzimləyən tezislər dayanırdı. Avropa təhsili və mədəniyyətini əxz etmək, yaymaq, özününküləşdirmək kimi vəzifələr vardı. Bu ədəbiyyatda vətən, millət, azadlıq, bəşər tarixinə qlobal yanaşma tendensiyası əsas mövzu istiqamətləri idi. Təkcə romantizm deyil, həm də realizm ədəbi məktəblərindən təsirlənmələr özünü göstərirdi.

“Tənzimat dönəmində Qərbin daha böyük təsiri poeziyada hiss olunurdu. İlk növbədə nəzərə almalıyıq ki, Şərqdə poeziyanın həm tarixi qədim idi, həm də ənənələri güclü idi. XIX əsrə qədər Şərq-türk poeziyası keçdiyi çoxəsrlik tarixi yolda Nizami, Xaqani, C.Rumi, Y.İmrə, Nəsimi, Füzuli, Fəraqi və s. şəxsiyyətləri ilə fəxr etmişdir. Lakin divan şeir ənənəsinin Avropa şeir ənənəsi ilə əvəzlənməsini şərtləndirən Tənzimat dönəmində böyük ənənəsi olan bu poeziya istər-istəməz Qərb şeirindən çox şeyləri əxz etmək məcburiyyətində qaldı. Şinasi ilə başlayan, Ziya Paşa ilə möhkəmlənən, N.Kamal ilə dərinləşən Qərb şeir ənənəsi Türkiyə poeziyasında yeni forma və yeni mövzuların tətbiqini zəruri etdi. Tənzimat dönəmində əski şeirlə yeni şeirə münasibət daxilində mübahisələr genişlənir”. (Elman Quliyev. XIX əsrin sonu – XX əsrin əvvəllərində Türkiyədə ictimai-siyasi dəyişikliklərin ədəbi prosesə təsiri və yeni ədəbiyyatın əsas mərhələləri. “Şərq araşdırmaları” jurnalı, 2019, №1 s.11)

Professor Vüqar Sultanzadə “Hadinin dili və üslubu haqqında” məqaləsində yazırdı: “Hadinin ədəbi portretinə və dünyagörüşünə xüsusilə Tənzimat ədəbiyyatının ən görkəmli nümayəndəsi Əbdülhaq Hamidinin böyük təsiri olmuşdur. Hadi onu “şairi-əzəm” deyə adlandırmış, özünə “ustadi-mühtərəm” olaraq qəbul etmişdir. Ədəbi fəaliyyətinin 1912-ci ilinə qədər olan ilk dönəmində Hadinin öz şeirlərinə yazdığı açıqlamalarında belə Hamidinin təsiri aydınca görünməkdədir. “Hadi” və “Hanid” kəlmələri arasındakı yaxınlıq təsadifi deyil. Şərqdə mövcud olan ənənəyə görə gənc Məhəmməd özünə ustadının adına uyğun təxəllüs seçmişdir. Hadinin şeirlərində xüsusən Namiq Kamal, Rəcaizadə Mahmud Əkrəm, Tofiq Fikrət kimi türk şair və yazarların da təsiri görünməkdədir”.

Əlbəttə, Hadinin yaradıcılığına türk ədəbiyyatının təsiri danılmazdır. Namiq Kamalın bir çox şeirinə nəzirə yazan şair “Nəğməyi-əhraranə” (1906-cı il) şeirinin sonunda N.Kamalın adını çəkir və misrasını xatırladır:

Kamalın bu kəlamilə xitam et nəğməni, Hadi:
“Nə əfsunkar imişsən, ah, ey didari-hürriyyət!”.

Amma M.Ə.Sabirin hürriyyət istəyi və yanğısı ilə daha çox tən gələn “Hadi hürriyəti”nin mahiyyətini anlamaq lazım. Hadi hürrəyyəti o qədər arzulayır, o qədər çağırır və sevir, əzizləyir ki, onun portreti, obrazı ədəbiyyatda məhz “Hadi hürriyyəti” kimi əbədiləşir. “Didari-hürriyyət”, “dilbəri-səhhari-hürriyyət”, “dildari-hürriyyət”, “güli-gülzari-hürriyyət” kimi ifadələr sanki məğzini hamının anladığı “azadlıq” anlayışına deyil, ilahiləşdirilmiş, ilahi, sufiyanə eşq hədəfi olan əlçatmaz bir hürriyyət sevdasına ünvanlanıb. (Mücəssəm bir xəyalət, ya həqiqətsənmi sən cana? İnanmaq istəməm ənzarə, ey didari-hürriyyət!)

Baxın, bu müraciəti ancaq sevgili üçün etmək olar, lakin Hadi çox səmimi istəklə hürriyyətə ünvanlayır hərarətli sevgisini. “Üzünü bizə göstər, niqabı at, dünyaya gülümsə, görənlər desin ki, necə sehrli bir dilbərdir hürriyyət, gülşəndəki fidanla (rnövnihal), cənnətdəki huri balaları (hurizad) kimi hüsnünü görənlər məftun olsun.

Niqabi sal üzündən, ərzi-nıyi-ibtisam eylə.
Görənlər söyləsinlər dilbəri-səhhari-hürriyyət!

Nə gülşən növnihalı, hansı cənnət hurizadisən?
Görənlər hüsnünü məftundur, ey dildari-hürriyyət.

Nə könülovlayan (dilsəyyad) ahusan, naz etdikcə aşiqlərin “Ənəlhəqq” nəğməsini söylər, hürriyyət barını, bəhrəsini verər. Elə ürəkaçan hurisən ki, nuruyun təzahürünü görənlər canını həmin odun, işığın ətrafında pərvanəyə çevirər.

Nə dilsəyyad ahusən! Xuram etdikdə, üşşaqın -
“Ənəlhəqq nəğməsin söylər, olur bərdar hürriyyət.

Nə huri-dilrübasən kim, görən nurun təcəllasın
Edər pərvaneyi-canın fədayi-nari-hürriyyət.

Sən azadlıqsevərlər ölkəsinin qəmçəkənlərini azad etdin, sənə azad adamların şükürləri aşıb-daşır, əsarət günəşin bərq vurması ilə məhv oldu, sənin eşq şərabınla qəlblər məst oldu, fikir gülşənindən səhər mehi əsdikcə həqiqət gülləri, çiçəkləri oyanır, ayılır, ey hürriyyət!

Sən azad eylədin qəmdidə hürriyyətpərəstanı,
Sənə ləbrizi şükrandır bütün əһгаг, hürriyyət!

Əsarət bərqi-xurşidi-ziyadannla məhv oldu.
Meyi-eşqinlə olmuş qəlblər sərşar, hürriyyət!

Nəsimin ehtizaz etdikcə gülşənzari-əfkarə,
Həqiqət gülləri yer-yer olur bidar, hürriyyət!

Ey hürriyyət, sənin parıltına cahillər nifrət edirsə əcəb deyilmi? Korlar dünyasına işıq, nur şöləsi kimi axarsan, yelbeyinlər ucalıqından xəbərsiz olduğu üçün qədr-qiymətini bilməz, elə hey inkar edərlər. Bu o məna cənnətidir ki, zehinlərin işığı, rəngi sönməz, hürriyyət gülzarını daima gözəlləşdirər.

Əcəbmi şə’şəatından tənəffiir etsə cahillər?
Gələr ə’mayə naxoş şöleyi-ənvari-hürriyyət.

Səbükməğzan həp ülviyyətindən kəmşüurandır,
Onunçün eyləyirlər qədrini inkar, hürriyyət!

Bu ol firdövsi-mə’nadır ki, solmaz rəngi-əzhan,
Lətafətbəxşdir daim güli-gülzari-hürriyyət.

Sabir də hürriyyəti amal, əqidə, məslək işi kimi düşünür və “Ruhum” şeirində yazırdı:

Mən gedərsəm, var olsun amalım!
Yaşasın-şəhriayi-hürriyyət!
Yaşasın-şəhriayi-hürriyyət!
Mən gedərsəm, var olsun amalım!..

Biz M.Hadiyə və H.Cavidə ədəbiyyatşünaslığın eyni cərəyan estetikası prinsiplərilə yanaşıb, onları təhlil edir və sonda eyni qənaətə gəliriksə (hər ikisini romantizm məktəbinin nümayəndəsi kimi elan etmək), deməli, yanılırıq. H.Cavidin qəhrəmanlarının çox hallarda məkanı və zamanı, milli qiyafəsi, milli problemi yoxdur. Onlar bəşəri ağrılarla yaşayır və sanki ayaqları yerdən üzülüdür. Romantizmi real olmayan, irreal, ideallaşdırılan və təxəyyül məhsulu olan həyatdan, dünyadan yazma estetikası kimi izah ediriksə, konkret zaman və konkret məkan reallığında konkret və dövrü üçün aktual olan problemlərdən yazan Hadini necə romantik adlandırmaq olar? Dünyanı dərk və analiz məntiqini yaşadığı həyat hadisələri, mənzərələri fonunda, praktik misallara əsaslanaraq yazmaq metodunu “romantizm” adlandırırıqsa, bəs realizmi necə izah etməliyik?

Hadinin qəhrəmanları isə M.Ə.Sabirin qəhrəmanları ilə eyni real cəmiyyətin üzvləri idi. Hadi İslam dinini təhrif edənlərə, onu yalnız sözdə, minbərdə şüara çevirənlərə, həqiqətdə isə dinin fəlsəfə və mahiyyətindən xəbərsizlərə “Sofiyə-zahidə” şeirində üzünü tutub deyirdi:

Mə’niyi-Qur’ani düşünmək gərək,
Boş-boşuna ləfzini bilmək deyil.

M.Ə.Sabir isə “Ürəfa marşı” şeirində –

Əfsus, səd əfsus sənə, ey gözəl islam!
Kimlər sənə gör indi tərəfdar olacaqdır!

Baş saçlı, ayaq çəkməli, mırt-mırt danışanlar!
Din qədri bilib mömini dindar olacaqdır!

– deyə yazırdı.

İslam dini mövzusu ilə bağlı hər iki şairin yaradıcılığında onlarla belə paralellər göstərmək olar.

Sabirin “Tərpənmə amandır, bala, qəflətdən ayılma” şeirindəki kədərini Hadi bir başqa dil, başqa tərzdə dilə gətirirdi. Sabir satirik üslub və inkar şəklində ayılma, yat – deyirdi, Hadi isə “Ey bəradər, aç gözün” nidası ilə haray qoparırdı. Hər iki şairin mətləb və məramı eyni idi.

Sabir bidarlığı, dünyadan xəbərdarlığı, ayıqlığı, elmliliyi, düşüncəni rahat və həzz dolu həyata qənim kimi təsvir edir, “oyaqlıq yox, yuxu gözün nuru, işığıdır, ona görə də elə bərk yat ki, sanki ölmüsən, özündən gedib bayılmısan” (Göz nurudur uyqu, onu dur etmə gözündən, Yol vermə məbada çıxa bir ləhzə sözündən, Amma elə bərk yuxula ki, hətta get özündən, Afaqı tutan şurü qiyamətdən ayılma!) – antitezası ilə elə Hadi yanğısına cavab verirdi.
Hadi də fikrini satirik məna ifadə edən anlayışlarla anladaraq bildirirdi ki, özünə insan deyən kəs elmdən, ürfandan bibəhr, bixəbər olmamalıdır. Aşağıdakı şeirdə “heyvan” sözü klassik ədəbiyyatda işlənən “dirilik suyu” mənasında yox, məhz digər canlı növü olan “heyvan” mənasında işlənib. Elmsiz insan heyvandan da aşağıdır, hətta heyvan belə öz azadlığını təmin edə bilir. Azadlığına qovuşan heyvan yelbeyin, axmaq (səbükməğzandən) insandan daha əfzəl, daha irəlidədir. Adəm övladı idrak, dərrakə ilə hörmətli olar, əks halda heyvanlar onu üstələyər. Və Hadi həmdininə, həmvətəninə yana-yana “Ey bəradər, aç gözün!” müraciətilə anladır ki,sən cahil və elmsiz qaldıqca özünü quldurlar, yolkəsənlərlə dolu səhrada yalqız hiss edəcəksən:

Sofi! Gəl öyrən həyatın tərzini heyvandən.
Dersən insanəm, fəqət bibəhrəsən ürfandən.

İştə, heyvan eyləyir təmin istiqbalını,
Böylə heyvan məncə əbzəldir səbükməğzandən.

Adəmizadə mükərrəmdir fəqət idrak ilə,
Əfzəl olmazmı bəhaim dərksiz insandən?

Ey bəradər, aç gözün, qorxunc bir səhradəsən.
Hifz qıl əmvalını bu yol kəsən düzdandən. (“Sofiyə-zahidə”)

Sabir də həmin adamlara üzünü tuturdu:

Tərpənmə amandır bala, qəflətdən ayılma!
Açma gözünü, xabi-cəhalətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!

Aldanma ayıqlıqda fəraqət ola, heyhat!
Qəflətdə keçənlər kimi ləzzət ola, heyhat!
Bidar olanın başı səlamət ola, heyhat!
At başını yat, bəstəri-rahətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!

Açsan gözünü rəngü məşəqqət görəcəksən,
Millətdə qəm ümmətdə, küdurət görəcəksən,
Qıldıqca nəzər millətə heyrat görəcəksən,
Çək başına yorğanını, nikbətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!

Bir ləhzə ayıldınsa, qutar canın yuxla,
At tiryakını, meyl elə qəlyanını, yuxla,
İncinsə sağın, ver yerə sol yanın, yuxla,
İllərcə şüar etdiyin adətən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!

Hadi yaradıcılığında sezilən romantizm real dünyadan qaçış motivləri üzərində qurulmamışdır, yerin dərdini göylərdən soran şair “Etmişmidir o yerlərə də seyli-qəm hücum?” – deyərək başqa planetlərdə də qəddar bəşəriyyət, qan tökməyə həris zülmkar varmı, qədərin, taleyin əli sizləri də mi oyuncağa çevirib? –sualını ulduzlardan (əxtərlər) soruşurdu:

Kövkəblər! Ey səmanı müzəyyən qılan nücum,
Etmişmidir o yerlərə də seyli-qəm hücum?
Sizlərdə də bəşər kimi qəddar varmıdır,
Qan tökməyə həris, sitəmkar varmıdır?

...Əxtərlər! Ey ziyaları titrək sitarələr,
Baziçə eyləmişmidir sizi də pənceyi-qədər?

Bu qəbildən olan şeirlərə görə Hadiyə “romantik şair” deyiriksə, Sabirin də eyni ruhlu xeyli şeiri olduğunu vurğulamalıyıq. Məsələn, “Ruhum” şeirində Sabir sıxıntı içərisində (təngnay) olan bədənini dar qəfəs, xiffət evi kimi təsvir edir, onu yüksəkliklərdə uçan, arzusu, niyyətitək fəzada pərvaz edən tərlana bənzədir və ruhunu səmanın ənginliklərinə, ən yüksək zirvələrə göndərir.

Narahat bədəndə (şiyani-bədəndə) qərar etmə, sən də odlara yanarsan, bezginliyimə, kədərimə çarə tapmayıb sıxılacaqsan, çox zərifsən, amandır!”- deyir:

Ruhum, ey şahbazi-ülviyyət,
Himmətimtək fəzadə pərvaz et!
Uç! Uç! Övci-səmadə pərvaz et!
Təngnayi-bədəndə var xiffət.

Şiyani-bədəndə etmə qərar,
Yanma sən də mənim kimi narə!
Bulamazsan məlalimə çarə!
Sıxılırsan, lətifsən, zinhar!

Ruhu ilə birləşib bədənini tərk etməyi tövsiyə edir. Bədəndən ayrılığın çətinliyini xatırladıb onunla canbir qəlbdə olacağına söz verir:

Boşla bu cismi, cism mən deyiləm;
Sana müşkül olursa hicranım -
Mən sənin, sən mənim dilü canım,
Mən sənin kəndinəm, bədən deyiləm!

Hara getsən səninlə mən də varam,
Şu bədəndə fəqət əsirsiz, zar,
Ölməyimlə sevinməsin əğyar, -
Aləm olduqca mən dəxi duraram!

Və Sabir “Mənim ölməyimə düşmən sevinməsin, dünya durduqca mən də var olacam” – deməklə ruhun əbədiyyətinə inandığını vurğulayır. “Bir ovuc xaki xakə tərk edəlim”- yəni bir ovuc torpağı (bədənimizi) torpağa təhvil verək. Ruhu ilə birləşib bədəni tərk etmək qərarına gəlirlər.”Verək” – ona görə cəmdə işlədib... Ruh ilə əlbir olub bədəni rahatca tərk etmək, atmaq, torpağa təhvil vermək fəlsəfəsi nə gözəldir:

Bir səfa bulmadıq bu aləmdə,
Başqa bir aləmə varıb gedəlim;
Bir ovuc xaki xakə tərk edəlim
Mədfəni-şumi-ali aləmdə!

Ardı var.


Müəllif: İradə Musayeva

Oxşar xəbərlər