Müşfiq Hətəmov: "Yeni layihələrə start veriləcək"
Cəfər Cabbarlı adına "Azərbaycanfilm"kinostudiyasında kadr dəyişikliyi olub. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmrinə əsasən, yazıçı-ssenarist Orxan Fikrətoğlu "Mozalan"studiyasının rəhbəri vəzifəsindən azad olunaraq, "Salnamə"studiyasının baş redaktoru təyin olunub.
"Məsləhət belə olub"
"Mozalan"studiyasının rəhbəri vəzifəsinin icrası isə C.Cabbarlı adına "Azərbaycanfilm"kinostudiyasının direktoru Müşfiq Hətəmova tapşırılıb. Kadr dəyişikliyi ilə əlaqədar suallarımızı cavablandıran M.Hətəmov "Gündəlik Teleqraf"a açıqlamasında məsələyə belə aydınlıq gətirib: "Orxan Fikrətoğlu sənədli film sahəsində olduqca peşəkardır. Məsləhət olundu ki, o "Salnamə"nin baş redaktoru vəzifəsində bu sahəni davam etdirsin. Hələ ki, "Mozalan"studiyasının rəhbər işi mənə həvalə edilib. Bu yaxınlarda rəhbərliklə bağlı məsələlər dəqiqləşib, mətbuata açıqlama veriləcək. Hazırda nazir əmr verib, işi mənə həvalə edib".
O bildirib ki, gələn həftə "Mozalan"ın tədbirlər planı elan olunacaq və bir neçə yeni layihələrə start veriləcək: "Mozalan"öz satirik xəttini yenə də davam etdirəcək, yeni layihələrə start veriləcək və daha da rəngarəng olacaq".
Bir çox kino mütəxəssislərinin fikrincə, artıq "Mozalan"dövrü başa çatıb. Bu fikirlə razılaşmayan M.Hətəmov "Mozalan"bizim ənənəmizdir və biz onu qorumalıyıq", - deyə bildirib: "Satira olan yerdə həmişə inkişaf var. Sağlam satira hər zaman cəmiyyətin inkişafına təkan verir".
"Mozalan"SSRİ-nin dövründə aktual idi"
Qeyd edək ki, 1983-cü ildən kino sahəsində çalışan Orxan Fikrətoğlu "Azərbaycanfilm"kinostudiyasının, dövlət kino komitəsinin, "AzərTelefilm"in baş redaktoru olub. 2007-ci ildə isə o, "Mozalan"studiyasının direktoru vəzifəsinə təyin olunub. Gün ərzində Orxan Fikrətoğlu ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz alındı. Ona görə onun vaxtilə qəzetimizə verdiyi müsahibəsindən "Mozalan"la bağlı fikirlərini təqdim edirik: "SSRİ dağılandan sonra "Mozalan", demək olar ki, yox dərəcəsində idi. Mənə qədər studiyada nə baş verib, nə göstərilib, məlum deyil. Ancaq mən "Mozalan"a gələn kimi birinci nömrəmi çəkdim. Bu layihə üzərində. Xəyyam Abdullayev, Elməddin Alıyevlə birgə işlədim. Bu nömrə İspaniyanın "Aktualidad"jurnalının təsis etdiyi "Keyfiyyət və nüfuz lideri"beynəlxalq mükafatına layiq görülüb. Belə ki, bütün dünya artıq "Mozalan"ı tanıdı. Daha çox gənclərlə çalışıram. Elməddin Alıyevi, Xəyyam Abdullayevi bir çox istedadlı gəncləri bu işə cəlb etmişəm. Fikrimcə, çəkdiyim 5 nömrə içində ən uğurlusu Emin Mirabdullayevin 2 süjetidir. Bilirsiniz, cəmiyyət həminki cəmiyyət deyil. İndi bütün kanallar hər axşam 30 "Mozalan"çəkir və öz sosial xəbər verilişində nümayiş etdirir. Daha mən nə "Mozalan"çəkim? "Mozalan"SSRİ-nin dövründə aktual idi".
Məlumat üçün bildirək ki, "Azərbaycanfilm"kinostudiyasının nəzdində fəaliyyət göstərən sözügedən studiya 1971-ci ildə təsis edilib. Məqsəd ölkədəki neqativ hallara qarşı mübarizə aparmaq, satira diliylə xalqa çatdırmaq və dərs verməkdir. Anidən müxtəlif istehsalat obyektlərində peyda olmaq, oradakı əyri-əskikləri lentə almaq, bütün respublikanı xəbərdar etmək mozalançıların əsas iş üsullarından idi.
Nərmin Muradova