21 Noyabr 2014 12:19
6 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Söyüş yoxdur, amma...”

Noyabr ayının 28-dən etibarən Nizami Kino Mərkəzində “My name is İntiqam” filminin nümayişinə start veriləcək. Filmin ssenari müəllifləri Fariz Əliyev, Ənvər Abbasov, Samid Ağayevdir. Rollarda Müşviq Şahverdiyev, İlkin Misgərli, Teymur Məmmədov, Aysel Bayramova, Niftulla Əsgərov, Qızılgül Quliyeva, Mələk Kazımova və başqaları çəkilib.

Filmin prodüseri və baş rol ifaçısı Müşfiq Şahverdiyev Teleqraf.com-a açıqlamasında düzlü-məzəli zarafatların, açıq-saçıq səhnələrin yer aldığı “My name is İntiqam”ın Azərbaycanda çox səs-küyə səbəb olacağını bildirib: “Filmin ideya müəllifi Fariz Əliyev, sifarişçisi isə mənəm. İdeya bir il öncə formalaşmışdı, hətta tələb olunan maliyyəni hesablayıb, çox yerlərə müraciət etmişdik. Nəticə olmadı. İdeya olduqca maraqlı və aktualdır. Kəndçi balası, çoban İntiqam nənəsinin köməkliyi ilə qoyunların içərisində çəkdiyi videosunu “Youtube” kanalında yerləşdirir. Baxış sayına görə rekord vuran video ilə məşhurlaşan İntiqamın başına gələn hadisələr filmin süjet xəttini təşkil edir. Doğrusu, ehtiyat edirdik ki, kimsə bizi qabaqlayıb belə ideya əsasında film çəkər. Nəhayət, Moskvada yaşayan iş adamları Camal, Bəxtiyar və Zaman qardaşları ilə tanış olub, ideyanı onlara danışdıq. Onlar bizə inanaraq filmin maliyyə xərclərini öz üzərilərinə götürdülər. Film ilkin hesabladığımız məbləğdən qat-qat baha başa gəldi. Anonslardan da gördüyünüz kimi çəkilişlər çox müxtəlif məkanlarda aparılıb. Əminliklə deyə bilərəm ki, “My name is İntiqam” Azərbaycanda son zamanlar çəkilən ən bahalı komediya filmidir”.

“Heç kim belə risk etməz”

İlk dəfə bu filmdə özünü prodüser kimi sınayan Müşfiq Şahverdiyev bu için çətinliyindən də danışıb: “Təvazökarlıqdan uzaq olsa da deməliyəm, gənc aktyorların içərisində yeganə aktyoram ki, risk edib filmin prodüser işini öz üzərimə götürmüşəm. İnanmıram ki, yoldaşlarım arasından kimsə belə risk etsin. Prodüser filmə, maliyyənin düzgün xərclənməsinə cavabdeh olan şəxsdir. Əlbəttə, işə başlayanda, tərəddüdlər var idi. Montaji yekunlaşdırıb, filmə baxandan sonra qəti qərarımı verdim: iki il ərzində Azərbaycanda bu filmdən daha yaxşı film çəkilməyəcək”.

“Rejissor özünü doğrultdu”

O bildirib ki, ekran əsərini gənc rejissor Emil Abdullayev lentə alıb: “Emil “Bu da bu” verilişində montajor kimi, sonuncu mövsümdə isə rejissor kimi özünü sınadı. Hətta deyərdim ki, Emil “Bu da bu”nun ən uğurlu rejissorlarından biri idi. Bu filmdə də Emil özünü sözün əsl mənasında doğrultdu. Treylərə baxan hər kəs rejissorun işindən ürəkdolusu danışır. Çəkilişlər, filmin stili ilə bağlı məsələlərdə Emilin işinə müdaxilə etməmişəm, ona etibar etmişəm ”.

“Açıq-saçıq səhnələr var”

Onun sözlərinə görə, filmdə açıq-saçıq səhnələr də yer alır: “Bilirəm, filmdən sonra bir neçə jurnalist mənə deyəcək ki, Müşfiq bəy, siz camaatın əxlaqını korlayırsınız. Treylerlər sosial şəkəbədə yayılandan sonra bu sözlər deyilməyə başladı. Bəli, filmdə açıq-saçıq səhnələr var, amma söyüş yoxdur. Hamının təriflədiyi və Azərbaycanda da nümayiş olunan türk komediyalarında söyüş var, amma bununla belə insanlarımız bunu normal qəbul edib, gülürlər. Yenə deyirəm, “My name is İntiqam”da söyüş yoxdur, sadəcə həm ssenariyə uyğun, həm də tamaşaçı marağına səbəb olacaq açıq səhnələr, ikibaşlı zarafatlar var”. Filmin adına gəlincə, Şahverdiyev buna belə aydınlıq gətirib: “İntiqam Lənkəran zonasında çox məşhur addır. İntiqam “Youtube”-a yerləşdirdiyi videoda ingilis dilində sözlər deməsi onun Avropa meylli olduğunu nümayiş etdirir”. O həmçinin qeyd edib ki, filmin ilk təqdimatı 28 noyabrda Nizami Kino Mərkəzində baş tutacaq Qala gecədə olacaq. Gecədə filmin yaradıcı heyəti, həmçinin bir çox məşhur simalar iştirak edəcək.
Teleqraf.com filmin treylerini və çəkilişlərdən fotoları təqdim edir:

Nərmin


Müəllif: