20 Aprel 2022 11:54
3 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Xalq artisti, Dövlət mükafatı laureatı Nəsibə Zeynalovanın doğum günüdür.

Teleqraf.com onunla bağlı məqaləni təqdim edir.

Tacir və aktyor qızı

Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Cahangir Zeynalov tanınmış tacir olub, milli teatrımızın ilk peşəkar aktyorlarından biri, Azərbaycan realist aktyor məktəbinin banisidir. İlk dəfə səhnəyə 1885-ci ildə qız rolunda çıxan Cahangir Zeynalov Azərbaycan səhnəsində həmişə qadın aktrisa görmək istəyirdi. Məhz bu səbəbdən qızının aktrisa olmağını arzulayırmış.

Cahangir Zeynalovun arzusu onun vəfatdan çox sonralar çin olur. Atasını itirəndə balaca Nəsibə üç yaşındaydı. 1918-ci ilin 17 martında erməni daşnakları Bakıda qırğınlar törədəndə Cahangir Zeynalov həyat yoldaşı Hüsniyyə xanımla, körpə qızı Nəsibə ilə İrana gedir. Oktyabrın əvvəllərində ara sakitləşəndə o, ailəsi ilə birgə “Ardahan” gəmisinə minib Bakıya qayıdarkən dənizdə fırtına qopur.

Səkkiz gün dənizdə qalan gəmidə natəmizlikdən yatalaq xəstəliyi yayılır, Cahangir də həmin azara yoluxur. Bakıya çatanda xəstəliklə daha mübarizəyə gücü çatmayan Cahangir dünyasını dəyişir. Nəsibə böyüyür və atasının arzusunu gerçəkləşdirir. O, atasının bünövrəsini qoyduğu realist aktyor məktəbinin layiqli davamçısı olur.

Nəsibə Zeynalovanın oğlu, əməkdar incəsənət xadimi Cahangir Zeynalovun xatirələrindən: “1920-ci ildə sovet hakimiyyəti quruldu. Sovet hakimiyyətində diriləri yerbəyer etdikdən sonra zəngin insanları hökumətin düşməni hesab edirdilər. Cahangir Zeynalov artıq rəhmətə getmişdi. Amma söz yayılır ki, varlı insanların evlərində axtarış aparacaqlar. Məqsəd onların var-dövlətlərini ələ keçirmək idi.

Nənəmin danışdığına görə, evdə Cahangir Zeynalovun proqramları, afişaları, məktubları olan sandıq var imiş. Deyir ki, qohum-əqrəbadan adamlar gəldilər, axşam onları oxuyub yandırdılar. Söydülər. Deyirdilər ki, bunlar ələ düşsə, bizi də Sibirə göndərərlər. Anam Nəsibə xanım danışırdı ki, həmin adamlar siqaret çəkmək üçün çölə çıxanda xalası qızı Leylayla sandıqdan 5-10 proqram götürməyə nail olub. İndi o proqramlar Azərbaycan Teatr Muzeyində saxlanılır.

Kaş ki, Nəsibə xanımın və Leylanın imkanı olaydı, Azərbaycan teatrı üçün mənası böyük, tariximizə faydalı olan və Cahangir Zeynalovun həyatına işıq tuta biləcək başqa kağızlardan da götürəydilər”.

Musiqili Komediya Teatrına gedən yol

Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik edib, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnib. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar göstərirdi.

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatr) truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağında klassik operettaların tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Mütəxəssislər hesab edirlər ki, Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü çağdaş bəstəkarların musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır.

Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib: Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qayınana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha canlı və daha şöhrətlidir.

Aktrisa gözlənilməz, ancaq mənalı və ifadəli, dadlı və şirəli ifadə vasitələrilə cilvələnən improvizənin mahir ustası idi. Rəqs, mahnı və hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda yüksək peşəkarlıqla istifadə edib.

“Evə gələr, yemək bişirər, səliqə-sahman yaradardı”

Görəsən, Nəsibə xanım ailədə necə idi? Nəsibə Zeynalovanın nəvəsi Nəsibə Novruzovanın vaxtilə Teleqraf.com-a müsahibəsində dediklərindən: "Nəsibə xanım ömrünü-gününü, həyatını teatra həsr etməsinə baxmayaraq ailəsini heç vaxt ikinci planda tutmazdı. O, sözün əsl mənasında xanım idi. Ona teatr nə qədər əziz idisə, ailəsi də bir o qədər əziz idi. Bilirsiniz, karyera ilə məşğul olan insanların həyatında bir məhəbbəti, bir eşqi olur. Amma Nəsibə xanımın dahiliyi onda idi ki, ürəyində həm ailəsinə, həm teatra, həm də sənətinə olan sevgisini yanaşı qoruyub saxlaya bilmişdi.

Teatrda məşqlər gün ərzində, tamaşaların nümayişi isə axşamlar olurdu. Nəsibə xanım tamaşadan sonra axşam saat 10-da, 11-də qayıdanda mütləq ev işləri görürdü: yemək bişirirdi, tikiş tikirdi, evi səliqə-sahmana salırdı".

“Həm yoldaşı, həm sirdaşı, həm də ilk tənqidçisi...”

Nəsibə xanımın özünü sənətinə fəda edə bilməsində ona hər zaman dəstək, arxa-dayaq olan bir insanı - Mütəllib müəllimi xüsusi qeyd etmək lazımdı.

Mütəllib bəy Nəsibə xanımın ikinci həyat yoldaşı idi. Onları Daşkənddə qastrol səfəri zamanı Mirzə Babayev tanış edib: “Nənəmlə babamın arasında 11 yaş fərqi vardı. Nəsibə xanım 1916-cı ildə, Mütəllib müəllim isə 1927-ci ildə doğulmuşdu. Aralarında bu qədər yaş fərqi olmasına baxmayaraq, bir-birilərinə çox bağlı idilər. Bir söz var, deyirlər, insan dünyaya cüt gəlir. Doğru sözdü. İnsan öz yarını tapanda yaşın fərqi olmur. 1953-cü ildə ailə qurublar, bir ildən sonra atam dünyaya gəlib.

Mütəllib müəllim onun həm yoldaşı, həm sirdaşı, həm də ilk tənqidçisi idi. Nəsibə xanımın yaratdığı obrazların ilk tamaşaçısı məhz Mütəllib müəllim idi. O, Asəf Zeynallı adına musiqi məktəbində kamança müəllimi işləyirdi.

Mütəllib müəllim nənəmə hər mənada dayaq olub. Biri-birini bir baxışla, bir işarə ilə anlayırdılar. Məndən ideal ailə formulu necə olur soruşsalar, düşünmədən babamla nənəmi misal gətirərdim.

Onların arasında sevgi olmasaydı Nəsibə xanım nə həyatda, nə də sənətdə bu cür zirvəyə ucala bilməzdi”.

1994-cü ildə Mütəllib bəyin həyatdan köçməsi Nəsibə xanıma böyük zərbə oldu: “Onun 40-ı günündə Nəsibə xanım artıq xəstəxanada idi. Beyninə qan sızmışdı. Nəsibə xanım Mütəllib müəllimdən on il sonra dünyasını dəyişməsinə baxmayaraq o illəri çox çətin və ağrılı keçdi. İkisi də eyni ayda-martda rəhmətə getdi. Mütəllib müəllimdən sonra onun qolu-qanadı sındı. Yoldaşının xiffətini çəkə-çəkə yavaş-yavaş əridi".

Bir şəklin tarixçəsi: "Görürsünüz, mənim bir qızım da var"

Nəsibə xanım qız övladının olmasını çox istəyib. Bunu hətta özünəməxsus formalarda da təzahür etdirib. Deyilənə görə, Nəsibə Zeynalova zarafat üçün hələ uşaq ikən oğlu Cahangirin həm oğlan, həm də qız paltarında ayrı-ayrı şəkillərini çəkdiribmiş. Yumoru sevən aktrisa qohum-əqrəbaya bu şəkilləri göstərib, "Görürsünüz mənim bir qızım da var" deyirmiş.

Rejissor Şərif Qurbanəliyev bu şəkilləri görəndən sonra onu “Bala başa bəla” tamaşasında istifadə etmək qərarına gəlir, iki şəkili birləşdirərək dekorda divardan asdırır. İzzət Nəfislinin evində divardan asılan məşhur şəkil belə yaranır.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb.

"Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır.

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib.


Müəllif: Nərmin Muradova