27 Noyabr 2014 12:11
3 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gündəlik Teleqraf”ın kiçik araşdırması son illərin səs-küylü tamaşaları barədədir. Bu səs-küy bəzən tamaşaların keyfiyyəti, bəzən isə ətrafında yaranan problemlərlə yadda qalıb. Beləliklə, kiçik araşdırmamızın ortalığa çıxan maraqlı məqamları ilə tanış olun.

Üç aktyor imtina edib

“Qadın məhəbbəti”, “Şah Qacar” tamaşaları aktyor və aktrisalar baxımından imtinalarla yaddaqalan tamaşalar olub. Daha doğrusu, bu rolların, qovğaların səs-küyüdür desək, yanılmarıq. Belə ki, Viktor Hüqonun “Mariya Tüdor” pyesi əsasında Gümrah Ömərin quruluşunda hazırlanan “Qadın məhəbbəti” tamaşası hazırlanan ərəfədə teatrın üç aktyoru - Ramiz Novruzov, Ramiz Məlik və Nurəddin Mehdixanlı orada oynamaqdan imtina edib. Sonradan həmin rolları Telman Əliyev, Cəfər Namiq Kamal oynayıb.

Xilaskar rol


“Napoleon” tamaşasındakı Maneval rolu uzun illər teatrda çalışan aktyor Sərdar Rüstəmovun səhnədə qalma səbəbidir: “Mən Akademik Milli Dram Teatrında 2011-ci il yanvarın 24-nə kimi əsas heyətin aktyoru olmuşam. Yeni rəhbərlik teatrda lazımsız attestasiya keçirdi, ondan sonra işlər qarışdı. Attestasiyadan sonra mənimlə ikinci heyətə xidməti müqavilə bağlanıldı. 2012-ci ildə iki hadisəni mənə səbəb gətirərək müqavilə bağlamaqdan imtina etdilər. Rejissor Namiq Ağayev ”Napoleon" tamaşasında mənə Maneval rolunu həvalə etməsəydi, müqavilə bağlanmayacaqdı".

Əvvəl aktyor, sonra...

Aktyor İlyas Əhmədov “Qatil” tamaşasından uzaqlaşdırılan şəxsdir: “Mən əmrlə ”Qatil" tamaşasında baş rola təsdiqlənmişdim. Məşqlərə də böyük həvəslə gedirdim. Çünki “Azdrama”ya gələn gündən “Qatil” tamaşasında oynamaq istəyirdim. Bu, mənim arzum idi. Hətta bu tamaşaya görə 4 serial təklifini qəbul etməmişdim. Yəni, çörəyimdən olmuşdum ki, “Qatil”i məşq edirəm. Artıq dördüncü məşqdə pyesin mətnini kənara qoymuşdum. Çünki bütün yazılanları əzbər bilirdim. Bütün yayı məşqlərə gəldim, rejissorun da bir narazılığı yox idi. Lakin sonra qəribə hadisələr baş verməyə başladı. Məni məşqlərə çağırmırdılar. Səbəbini öyrənməyə cəhd etdim. Truppa müdirinin yanına getdim, məsələni danışdım. O da müxtəlif bahənələrlə - guya Mehriban xanımı görməyib, yadından çıxıb və s. deyib günü-günə satdı. Sonda dözmədim, direktor İsrafil İsrafilovun yanına getdim və məsələni ona açıqladım. İsrafil İsrafilov mənə məsələdən xəbərinin olmadığını dedi. O rejissordan izahat yazmasını istədi. Hətta truppa müdirinə dedi ki, Mehriban xanıma deyin, əhvali-ruhiyyə ilə aktyor seçmirlər. İndi bilmirəm, onlar aktyorun qabağında aktyorluq etdilər, yoxsa nə məsələ idi, başa düşmədim. Fakt odur ki, mən o tamaşada oynamadım. Mənə təsir edən odur ki, rolumdan kənarlaşdırılıram, amma səbəbini bilmirəm. Bu mənə qarşı böyük hörmətsizlikdir. Əgər mən rejissoru qane etməmişəmsə, mənə bunu açıq-aşkar deyə bilərdi: “İlyas, filan səbəblərə görə səni kənarlaşdırmışam. Səndə bu rol alınmır”. Bütün məşq ərzində bir dəfə də olsun Mehriban xanımın dilindən bunu eşitməmişəm. Bəs niyə belə hərəkət etdilər? Gözlədim, açıqlama veriləcəyinə ümid etdim, amma nəticə olmadı və ərizəmi yazdım".

Sözügedən tamaşa ətrafında qalmaqal bununla bitmədi. Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyovun Alim Qasımovun tamaşa barədə fikrini mətbuatda səsləndirməsi çox səs-küyə səbəb oldu. Bu barədə ilk dəfə qəzetimizə açıqlama verən rejissor açıq səhnələrə görə tamaşanı tərk etdiklərini demişdi: “Bu yaxınlarda Akademik Milli Dram Teatrında Mehriban Ələkbərzadənin quruluş verdiyi bir tamaşaya baxdım. Hətta buna görə mənimlə bərabər ora dəvət olunan Alim Qasımovla birgə tamaşanı yarıdan tərk etməli olduq. Soruşmaq lazımdır, Azərbaycan xalqının məbədgahı - Akademik Dram Teatrı belə eksperimentlər üçündürmü? Getsinlər, başqa teatrlarda bunu etsinlər. Bu məsələlərə nəzarət olunmasa, daha eybəcər səhnələrin şahidi olacağıq”.

Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə tamaşa haqqında xoşagəlməz sözlər danışanları nadan adlandırmışdı: “Bizim cəmiyyət artıq bütün əxlaqi normaları ifrat dərəcədə keçib. Əxlaqsızlığın əxlaq normalarına keçdiyi bir zamanda yaşayırıq, amma filmlərdə, tamaşalarda mühafizəkarcasına nəyi qorumaq istəyirik, mən anlamıram. İnsanlar özlərini orda görüb qəbul etmək istəmirlər, yaxud özlərini tanıyırlar, ya onların natamamlıq kompleksləri var, bunu başa düşə bilmirəm. Bu gün ən məsum bildiyiniz adamların internetdə istənilən formada şəkillərini yayırlar. Bəlli olur ki, o adamlar hansı həyat tərzi sürürlər. Azərbaycan filmlərində aşırı açıq-saçıq səhnələr yoxdur. Əgər sabah olarsa, mən bunun əleyhinə çıxmayacam. Əgər bu məntiqlə lazımdırsa, sonucda onun tərbiyəvi əhəmiyyəti varsa, mən də buna gedəcəm. Çünki hər bir şeyin məntiqi sonucu olmalıdır. ”Qatil" tamaşamdakı səhnə tərbiyəvi xarakter daşıyırdı və mütləq olmalı idi. Birinci hissəyə baxmadan ikinci hissəni açıq-saçıqlıqda ittiham edən adam mənim üçün nadandır".

“Azər Paşa onu tamaşadan uzaqlaşdırdı”

“Şah Qacar” tamaşası dramaturq Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən Ağa Məhəmməd şah Qacar” pyesi əsasında hazırlanıb. Quruluşçu rejissor Azərpaşa Nemətovdur. Tamaşa hazırlanan ərəfədə aktyorların etirazına səbəb rejissorun Şah Qacarın öldüyü səhnənin canlandıra bilməməsi olub. Aktyorlar tərəfindən əsərin müəllifinin diqqətinə çatdırılıb ki, Şah Qacarın Çar Rusiyasının kəşfiyyatı tərəfindən öldürülməsi olduğu kimi canlandırılmalıdır. Əsərin müəllifi Əli Əmirli o günləri belə xatırlayır: “Əli Nur məşqlərdə ikinci dərəcəli rollardan birini oynayırdı. Elə oldu ki, Azər Paşa onu tamaşadan uzaqlaşdırdı. Deməli, bu adam 6 aydan sonra jurnalistin cənginə düşüb. O da necə olubsa deyib ki, guya aktyorlar tamaşadan imtina ediblər. Əsərin ilk oxunuşunda Əli Nur mənə yaxınlaşdı ki, Əli müəllim Qacar tarixdə belə olub, belə edib və s. Ona qısaca dedim ki, mən tarixi bilmirəm, pyes yazıram. Pyesi yazmaq üçün mənə lazım olan şeyləri öyrənmişəm, çox dərinliklərə getmirəm. Pyes elə bir şeydir ki, əvvəldən sonadək bir süjet getməlidir və hər şey də onun ətrafında olmalıdır. O xəbəri oxuyanda bildim ki, o sözləri deyən Əli Nurdur. Deməli, xəbərdə yazıldığına görə, müəllif deyib ki, mən tarixi bilmirəm, biz də dedik, sən tarixi bilmirsənsə, niyə tarixi mövzuya müraciət edirsən. Şərhlər də getmişdi ki, afərin aktyorlarımıza, siz qeyrətlisiniz, filan (gülür). Yəni, biz olduq heç nə. Təbii ki, mən buna reaksiya vermədim. Belə şeylər teatrda olur. Resenziyaların çoxunda yazılırdı ki, biz Adil İsgəndərovun teatr ruhunu yenidən zala gətirdik. Zal belə alqışlar görməmişdi. Bir il içərisində tamaşa 25 dəfə oynanıldı. Bu, rekord göstərici idi. İndiki zamanda bir əsər bir mövsümdə 25 dəfə oynanılmayıb”.

İki xalq artistini üz-üzə gətirən tamaşa

“Xanuma” tamaşası da mətbuatda xeyli müzakirə mövzusu oldu: xalq artistləri Zemfira Nərimanova və Bəsti Cəfərovanın qarşılıqlı ittihamları ilə... Qalmaqal Zemfira Nərimanovanın teatr rəhbəri İsrafil İsrafilova ünvanladığı müraciətlə başladı. Müraciətdə Zemfira Nərimanova ona qarşı olan haqsızlıqlara qarşı çıxıb və mətbuata açıqlama verib: “Siz Akademik Milli Dram Teatrına direktor təyin olunduqdan sonra mənə cəmi bir rol - Saqarellinin ”Xanuma" tamaşasında Teklə rolu həvalə olunub. Lakin təəssüflər olsun ki, bu tamaşanın ilk məşqlərindən tutmuş daxili baxışa qədər bütün məşqlərində iştirak etsəm də, premyera və daxili baxış zamanı mən cəmiyyətdəki nüfuzuma, 32 illik səhnə fəaliyyətimə, fəxri adlarıma uyğun olmayan hadisə ilə rastlaşdım. Nə daxili baxışda, nə premyerada mənə səhnəyə çıxmağa imkan verilmədi. Bu haqsızlıq mənim səhhətimə çox pis təsir etdi".

O bildirib ki, İsrafil İsrafilov tamaşanın birinci hissəsinə baxıb, onun oyununu bəyənib: “O hətta Bəstini də çağırıb dedi ki, ”Yaşlı qadının gəlişi"ni də Zemfiraya vermək istəyirəm". Bunu Bəstiyə də, Firəngizə də dedi. Sentyabr ayından sonra Bəsti tərəfindən mənə qarşı konfliktlər yaranmağa başladı. Tamaşanın daxili baxışında İsrafil İsrafilov yenidən gəlib baxdı. Onda tamaşanın rejissoru Mikayıl Mikayılov məndən xahiş etdi ki, “qoy dublyorun məşq etsin, çünki ora fransız sözləri əlavə etmişəm”. Amma mən bilmədim o sözləri nə vaxt əlavə etmişdi. Mən oturub məşqə baxdım. Gördüm rola heç bir fransız sözü əlavə olunmayıb. Deməli, bunu demək üçün rejissoru öyrədiblər. Biz zalda yığışanda İsrafil müəllim məndən soruşdu ki, “sizdə yaxşı alınırdı axı, bəs siz niyə bu gün məşq etmədiniz?” Dedim belə lazım bildilər. Yenə də əlavə heç bir açıqlama vermədim. Mikayıl elə bir şərait yaratdı ki, mən nə ictimai baxışda, nə də premyerada iştirak etdim. Ondan sonra da subordinasiya pozuldu. Xalq artistini 3-cü, 4-cü premyeraya çağırdılar. Mən də bundan küsdüm".

Nərmin Muradova


Müəllif: