Azərbaycan Dövlət Yuğ Teatrı Türkiyənin Konya şəhərində XIV “Min nəfəs, bir səs” Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Teatr festivalda ölkəmizi “Kloun Z” tamaşası ilə təmsil edəcək.
Teatrdan Teleqraf.com-a verilən məlumata görə, kollektiv may ayının 23-də Konya Dövlət Teatrının səhnəsində çıxış edəcək.
Matey Vişnekin “Qoca kloun tələb olunur” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.
Feeriya-makabr janrında hazırlanmış tamaşada pyesdən fərqli olaraq, vakansiya üçün müraciət edən klounlar qadınlardır. Səhnə əsərində teatrın sənətçiləri Natəvan Qeybani (Sarı), Zümrüd Qasımova (Qırmızı) və Təranə Ocaqverdiyeva (Yaşıl) çıxış edirlər.
Tamaşa kiminsə verdiyi elana görə iş tapmaq ümidi ilə gəlmiş üç kloun haqqındadır. İş axtaran üç qoca kloun müsahibəyə gəldikləri gözləmə otağında rastlaşırlar. Onlar keçmişi yada salır, zarafatlaşır, kədərlənir, arzularla ovunurlar. Görüşün sevinci uzun sürmür. Çünki qoca kloun rolu üçün yalnız bir vakansiya təkif olunur.
Tədricən üç köhnə dost müasir dövrün faciəvi döyüşçülərinə çevrilirlər. Hər biri var qüvvəsi ilə sağ qalmağa çalışır və özləri üçün illüziya yaradırlar ki, onları “böyük klounada sənətindən” qalan dəyərləri xilas etmək üçün çağırıblar.
Qoca klounlar sübut etməyə çalışır ki, hələ hər şey bitməyib, hələ də bu dünyada kiməsə gərəkdirlər.
“Min nəfəs, bir səs” Türkiyənin nüfuzlu teatr festivallarındandır. Artıq 14-cü dəfə keçirilən festival bu il 20-30 may tarixlərinə təsadüf edir.