"Azərbaycan Kinematoqrafçılar İttifaqının bundan sonrakı taleyi çox layiqli əllərdədir. Rüstəm İbrahimbəyovun ruhu şad olsun ki, onun Rasim Balayev kimi davamçısı var".
Teleqraf.com xəbər verir ki, bu sözləri Xalq artisti Həmidə Ömərova Azərbaycan Kinematoqrafçılar İttifaqının bu gün keçirilən konfransında deyib.
O bildirib ki, Rasim Balayev Rüstəm İbrahimbəyovun ən etibarlı adamlarından idi:"Rasim Balayev mənim həyatımda böyük rol oynayıb. O vaxt kinostudiya bağlanandan sonra aktyorlar, rejissorlar üçün çox pis günlər başladı. Rasim həmişə Rüstəm İbrahimbəyovun yanında işləyib və həmişə ona dayaq olub. O, Rüstəm müəllimin ən etibarlı adamlarından idi. Buna özüm şahid olmuşam.
1991, yaxud 1992-ci il idi, Rasim mənə zəng etdi, dedi ki, Kinematoqrafçılar İttifaqına gələrsən, orada Mədəniyyət şöbəsinin müdiri olarsan. Getdim, üç il həmin şöbədə çalışdım. Mən onda gördüm ki, Rüstəm müəllim içəri girəndə gözü birinci Rasimi axtarır. Rüstəm müəllim iclas edəndə birinci Rasimə müraciət edirdi".
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının bu gün keçirilən iclasında Rasim Baleyev yekdilliklə ittifaqın sədri seçilib.