6 İyun 2022 19:51
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrında əməkdar artist Kəmalə Müzəffərin 55 illiyinə həsr olunmuş “Cəza” mono tamaşası nümayiş olunub.

Teleqraf.com xəbər verir ki, tamaşa Tamara Vəliyevanın əsəri əsasında 2017-ci ildə rejissor Mehriban Ələkbərzadənin quruluşunda hazırlanıb.

Tamaşadan sonra teatrın baş rejissoru Mehriban Ələkbərzadə bildirib ki, hər bir rejissorun arzusu onun yanında əlini tuta biləcək aktrisanın olmasıdır.

“Bundan sonra Kəmalə ən azı gəldiyi yol qədər də yol qət eləsin. İstəyirəm ki, Kəmalənin bu ruh halı, enerjisi onu heç vaxt tərk etməsin”.

Əməkdar artist Nicat Kazımov Kəmalə Müzəffərlə işləməyin əsl zövq olduğunu qeyd edib: “Kəmalə xanımda olan enerjinin heç olmasa 50 faizinin gənc aktyorlarda olmasını arzu edirəm. O zaman səhnədə heç vaxt tükənməzlər.

Kəmalə xanımı mən tələbəlik illərindən tanıyıram. O oxuyurdu, mən isə universitetə qəbul olunmaq istəyirdim. O zaman fikirləşirdim ki, görəsən Kəmalə xanıma yaxın düşmək olar? İş elə gətirdi ki, mən teatra gələndə Kəmalə xanım analıq məzuniyyətində idi. Bir müddət onsuz çalışmaq məcburiyyətində olduq. Kəmalə xanım qayıdanda mən artıq rejissor kimi tamaşalara quruluş verməyə başladım. Və “Ana qaz” Kəmalə xanımla ilk işimiz oldu. O tamaşa həm mənə, həm Kəmaləyə böyük uğur gətirdi. Ardınca “Pəri cadu” və bu yaxınlarda təqdim etdiyimiz “Qağayı” tamaşaları gəldi. İnanıram ki, bizim işlərimiz hələ qarşıdadır.

Kəmalə ilə işləmək həqiqətən böyük zövqdür. O sözün əsl mənasında adı böyük hərflərlə yazılacaq aktrisadır. Bunun fəxri ada heç bir aidiyyatı yoxdur. Əsas odur ki, o səhnəyə yaraşır, o səhnəni sevir. Səhnə də Kəmaləni sevir”.

Sonda aktrisa Gənc Tamaşaçılar Teatrının fəxri diplomu təltif olunub.

Kəmalə Müzəffər qızı Hüseynova 29 may 1967-ci ildə Şəki şəhərində anadan olub. 1986-1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində təhsil alıb. İnstitutda oxuduğu illərdə filmlərə çəkilməyə başlayıb. Onun filmoqrafiyasında "Kişi sözü", "Sahilsiz gecə", "Məhkumlar", "Ölüm növbəsi" və digər filmlərə rast gəlmək mümkündür.

1990-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Hələ dördüncü kursda oxuyan gənc Kəmalə Gənc Tamaşaçılar Teatrına dəvət olunub. Və birbaşa baş rolda, Əli Əmirlinin “Ərizə” tamaşasındakı Reyhan rolunda çıxış edib. Teatrın səhnəsində "Ana qaz", "Pəri cadu", "Mən gəldim, qızlar", "Ünvansız qatar", "Cəza" tamaşalarında rol alıb.

2011-ci ilin avqust ayında Əməkdar Artist fəxri adına, müxtəlif illərdə Prezident Mükafatına layiq görülüb. 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilib.

Aktrisa geniş tamaşaçı kütləsinə "Vicdan haqqı", "Ögey ana", "Yad gəlin" seriallarından tanışdır.


Müəllif: Nərmin Muradova