4 İyul 2022 17:24
13 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Akademik Musiqili Teatrda 112-ci mövsümün ən yaxşıları müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, Musiqili Teatrda təntənəli mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri iştirak ediblər.

Teatrın direktoru Əliqismət Lalayev mövsümün bol və uğurlu tamaşalarla yadda qaldığını bildirib: "2015-ci ildən bəri teatrda hər mövsümün sonunda ənənəvi mükafatlandırma mərasimi keçirilir. Hər dəfə bu tədbir keçiriləndə mənim yadıma "Ulduz" filmi düşür. Akademiyanın işçiləri bir yerə yığılıb istirahətə gedirlər. Gülümsərov obrazını yaradan Bəşir Səfəroğlu çıxış edirək hamıya gözəl istirahət arzulayır. Mən də kollektivimizin bütün üzvlərinə xoş istirahət diləyirəm.

Bu il teatrımızda ilk dəfə olaraq “Premyeralar paradı” festivalını keçiririk. Teatr tarixində görülməyən hadisəni biz bu mövsüm yaşadıq. Belə ki, mövsüm ərzində yeddi tamaşa hazırlandı. Məhz buna görə belə bir festival həyata keçirməyə qərar verdik. Tamaşaçılar festival çərçivəsində yeddi tamaşanı izləyə biləcəklər. İyulun 3-dən festivala start verilib".

Daha sonra bu ilki mövsümün qalibləri elan olunub.

"Mövsümün ən yaxşı texniki işçisi" Məhəmməd Məmmədov, "Mövsümün ən işgüzar əməkdaşı" Qabil Gözəlov, "Mövsüm ərzində teatrın dostu" Tural Bədəlov, "Mövsümün ən yaxşı musiqiçisi" Fərrux Günəşov, "Mövsümün ən yaxşı xor artisti" Mehriban Rəcəbova, "Mövsümün ən yaxşı balet artisti" Məhəmməd Abdullayev, "Mövsüm ərzində uşaq rolunun ən yaxşı ifasına görə" Adelya Osmanova seçilib.

“Mövsümün sevilən aktyoru” Pərviz Məmmədrzayev, "Mövsümün sevilən aktrisası” Ülviyyə Əliyeva, "Mövsümün perspektivli aktyoru” Zaur Əliyev, "Mövsümün perspektivli aktrisası” Nigar Qarayeva , "Mövsümün ən məhsuldar aktyoru” 74 dəfə tamaşa oynayan Fərid Rzayev, "Mövsümün ən məhsuldar aktrisası” 51 tamaşa ilə Mehriban Zalıyeva, “Mövsüm ərzində kişi rolunun ən yaxşı ifasına görə” Əliməmməd Novruzov, “Mövsüm ərzində qadın rolunun uğurlu ifasına görə” Gülnarə Abdullayeva, “Mövsümün ən cəsarətli qadın obrazının ifasına görə” Gültac Əlili ("Psix"), "Mövsümün ən cəsarətli kişi obrazının ifasına görə” Nicat Əli ("Psix"), "Mövsümün ən perspektivli aktyoru Zaur Əliyev, "Mövsümün ən prespektivli aktrisası" Nigar Qarayeva, “Mövsümün aktyoru- rus bölməsində” Fərid Əliyev, “Mövsümün aktrisası – rus bölməsində” Nərgiz Kərimova, “Mövsümün aktyoru - Azərbaycan bölməsində” Səməd Xasıyev, “Mövsümün aktrisası - Azərbaycan bölməsində” Elnarə Nağdəliyeva, “Mövsümün ən yaxşı tamaşası” – “Lara Martins Jazz Club”, rejissor İradə Gözəlova, “Teatr tarixində ilk monotamaşa” - "Utancaq qız", aktyor Şövqi Hüseynov mükafatlandırılıblar.

Qaliblərə mükafatlar və hədiyyələr təqdim edilib.

Mərasimdə həmçinin Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi Hüseynağa Sadıqov adına "Büllur alma” mükafatı da təqdim edilib. Bu mükafata aktrisa Nahidə Orucova, rejissor Samir Qulamov layiq görülüb.

Bəzi nominasiyalar üzrə qalibləri elan etmək üçün səhnəyə dəvət olunan xalq artisti Afaq Bəşirqızı dəqiqələrcə alqışlanıb.


Müəllif: Nərmin Muradova, Foto: Rüfət Mikayılov