Bu gün Bakı Dövlət Sirkində yeni mövsümün açılışına dair görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, görüşdə Bakı Sirkinin direktor əvəzi Nahid Ağayev yeniliklərdən söz açıb.
Bildirib ki, Bakı Dövlət Sirkinə “Beynəlxalq Sirk: Festival Qalibləri” adlı beynəlxalq sirk proqramı gəlir. “Beynəlxalq Sirk: Festival Qalibləri” adlı sirk proqramının təşkilatçısı dünya şöhrətli azərbaycanlı sirk ustası, Ümumdünya Sirk Sənəti Festivalının ali mükafatları laureatı Allahverdi İsrafilovdur.
O, qeyd edib ki, beynəlxalq sirk proqramı 2022-ci il 14 oktyabrdan başlayaraq 27 noyabra kimi davam edəcək:
"Restavrasiya işləri çərçivəsində sirkin oturacaqları əsaslı şəkildə yeniləri ilə əvəz olunub. Təmir işləri zamanı sirk zalının döşəmələri tamamilə yenilənib. Bakı Dövlət Sirkində yeni mövsümdə heyvanlarla, xüsusən atlarla bağlı şou nümayiş olunacağı üçün onların saxlanılacağı ərazilər dünya standartlarına uyğun şəkildə təmir edilib.
Bakı Dövlət Sirkində restavrasiya işləri mərhələli şəkildə davam edəcək. Gələcəkdə Avropa və MDB -nın maraqlı sirk proqramlarını Bakıya gətirəcəyik".
Allahverdi İsrafilov isə bildirib ki, Bakı sirki ilin bütün fəsillərində fəaliyyət göstərəcək: "Sirkin gələcək fəaliyyəti ilə bağlı planlarımız çoxdur. Arzu edirik k, Bakı Sirkində beynəlxalq festivallar keçirilsin. O cümlədən Monakonun şahzadəsini də Azərbaycana dəvət etmək istəyirik".