"Mən Təranə ilə dörd filmdə işləmişəm və o, həmyerlilərini dəstəklədiyinə, ədalətsiz hökmlərə qarşı çıxdığına görə indi həbsdədir. Əgər bu cür dəstək cinayətdirsə, o zaman yer üzündə yaşayan on milyonlarla insan cinayətkardır".
Teleqraf.com xəbər verir ki, bunu "Oskar"lı rejissor Əsgər Fərhadi İranda həbs olunan məşhur aktrisa Təranə Əlidusti ilə bağlı sosial media paylaşımında qeyd edib.
"Mən Təranəni dəstəkləyirəm. Onun, kinorejissor həmkarlarım - Cəfər Pənahi, Məhəmməd Rəsulof, həmçinin yeganə günahı daha yaxşı həyat qurmağa can atmaq olan bütün digər məhbusların azadlığa buraxılmasını tələb edirəm".
Qeyd edək ki, iranlı aktrisa yalan məlumat yaymaq və anti-İran hərəkatını dəstəkləmək ittihamı ilə həbs edilib. Bir müddət əvvəl aktrisa İrandakı etirazçılarla həmrəy olaraq əlində “Qadın, həyat, azadlıq” yazısı olan plakatla birgə hicabsız fotosunu İnstaqram hesabında yaymışdı.