Türkiyədə yaşayan xalq artisti Azərin Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Azərin xanım, qardaş ölkədə yaşayan bir sənətçi kimi Türkiyəyə dəstəyinizi eşitmək istərdik.
- Mən Azərbaycanın qardaş ölkəyə dəstəyini, yardımlarını üç gündə öz sosial media hesablarımda da paylaşıram. Bu gün Azərbaycan Türkiyə ilə yardımlaşır. Sanki dəhşətli zəlzələ Azərbaycanda baş verib. Mən ancaq bir şeyi deyirəm, bizim xalqımız böyük ürəyə sahibdir. Doğrudan da ilk gündən qardaşlığımızı dünyaya göstərdik.
- Siz də qardaş ölkədə zəlzələdən zərərçəkənlərə dəstəyinizi göstərirsiniz...
- Bəli, yardımımızı Ankarada bələdiyyəyə təqdim edirik. Hazırda Ankardayıq. Rəsmi şəxslər də deyir ki, zəlzələ baş verən bölgələrə özbaşınıza gəlməyin. Çünki o yolları bağlamaq olmaz. Yollarda da vəziyyət pisdir, çatlar əmələ gəlib. Dövlətə imkan yaradılmalıdır. Yaralıların zəlzələ bölgəsindən təxliyəsi həm təyyarə ilə, həm də quru yollarla həyata keçirilir. Ona görə də harasa getmək düzgün deyil. Bizim Ankaradakı bir çox bələdiyyələrlə yaxşı əlaqələrimiz var. Həmin bələdiyyələrlə yardımlaşırıq, köməklik edirik. Hazırda Ankarda Keçiörən Bələdiyyəsinə gedirik. Oranın rəhbəri Turqut Altınokla daim təmasdayıq. Onlar hər gün zəlzələ bölgələrinə böyük yük maşınlar dolu yardımlar göndərirlər. Bu gün də oraya yardım aparırıq. Bizim yardımımızı da bələdiyyə zəlzələ baş verən bölgələrə göndərir.
- Zəlzələ baş verən günü Kahramanmaraşda konsertiniz olmalı idi, elədirmi?
- Bəli, fevralın 6-da zəlzələnin baş verdiyi gün Kahramanmaraşda konsertimiz olmalı idi. Konsert təşkilatçıları Kahramanmaraşa fevralın 5-də getməyimizi istədilər. Onlar bildirdilər ki, yollar çətin, buzlu olacaq, gəlin burada dincəlin, qarlı qışda havada əziyyət çəkməyin. Bir gün tez gəlib istirahət edin ki, sabahı gün rahat konsert verəsiniz. Biz də Ankarada işimiz olduğuna görə təşkilatçılara fevralın 5-də deyil, 6-da səhər saatlarına gedəcəyimizi bildirdik. Təsəvvür edin ki, soyuğu düşünən insanlar belə bir fəlakətlə üz-üzədirlər. Biz də ayın 5-də orada ola bilərdik. Allah bacı-qardaşlarımızı qurtarsın. Böyük bir faciədir, böyük bir dərd yaşanır. Təkcə zəlzələ bölgəsindəki insanları düşünürük ki, onlara necə kömək edə bilərik. Hər kəs əlindən gələni etməyə çalışır. Zəlzələ baş verən günü Kahramanmaraşla telefon vasitəsiylə əlaqə saxladıq. Çünki Ankarada yaşadığımız ərazidə də zəlzələ hiss edildi, bina silkələndi. Başa düşdük ki, hardasa güclü zəlzələ olub. Tez xəbər saytlarını oxudum, Kahramanmaraşda zəlzələ olduğunu gördüm. Heç ağlımıza gəlməzdi ki, zəlzələ tək Kahramanmaraşda deyil, on şəhərdə baş verə bilər. Həmin dəqiqə Kahramanmaraşla əlaqə saxladıq. Bizi dəvət edənlər orada vəziyyətin çox acınacaqlı olduğunu dedilər. Şok vəziyyətində idilər, hər şey dağılıb.
- Hazırda Ankarada vəziyyət necədir?
- Bu gün Ankarda bütün insanlar bir yumruq kimi birləşiblər. Yardım etmək üçün alış-verişə gedirik. Sizi inandırım ki, getdiyimiz bütün mağazalarda görürük ki, insanlar ancaq zəlzələ bölgəsi üçün bazarlıq edirlər. Ankarada alış-veriş mərkəzləri boşdur. Millət ancaq səfərbər olub, mağazlara gedib yardım göndərirlər. Vəziyyət belədir.
- Azərbaycanda da bütün insanlar qardaş ölkə üçün əlindən gələni edir.
- Sizi inandırım ki, hamı Azərbaycana məəttəl qalıb. Tanışlar, ümumiyyətlə, ünsiyyətdə olduğum hər kəs deyir ki, həyatımızda belə bir hal görməmişik. Sanki bu dəhşətli zəlzələni Azərbaycan yaşayır. İnsan deməyə söz tapmır. Mən Azərbaycanımla, ana vətənimlə qürur duyuram. Hər insan qardaşlarımıza kömək edir, əlindən gələni edirlər. Qardaş ölkəyə başsağlığı verirəm. Başımız sağ olsun! Yalnız onu deyə bilərəm ki, Türkiyə bütün türk dünyasının ümid yeridir. Bu coğrafiyada söz sahibi olan bir ölkədir. Ona görə ayaq üstə dayanmalıdır. Necə ki, İkinci Qarabağ Müharibəsində Türkiyə Azərbaycana dəstək vermişdi, eləcə də 1918-ci ildə Qafqaz İslam Ordusu ölkəmizə dəstək üçün gəlmişdilər, bu gün də Azərbaycan xalqı qardaş Türkiyəyə dəstək olmaq üçün əlindən gələni edir. Bu, böyük qardaşlıqdır!