"Azərbaycan teatr və kinosu Ramiz Novruzun timsalında böyük sənətkarını itirdi. Onun yeri hər zaman görünəcək"
Teleqraf.com xəbər verir ki, bu sözləri Əməkdar artist Elşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib:
"Tez-tez Azdramanın yanında aktyorların toplaşdığı məkana gələrdi. Sonuncu dəfə onu orda gördüm. Yaxınlaşıb dedim, teatra gedirsinizsə, yolu keçməkdə sizə kömək edim. Dedi, yox, teatra getmirəm. Avtomobilinə sarı getdi. Onda hiss etdim ki, artıq...
Mən, kollektivimiz mütəmadi onunla danışırdıq. Səhhəti, xəstəliyi ilə bağlı çox nikbin idi. Biz ona ürək-dirək verməkdənsə o bizə verirdi. Deyirdi, gələcəm, tamaşalar oynayacam. Ona görə şəxsən mən xəstəliyini yadına salmamağa çalışırdım. Və istəmirdim ki, nə onun, nə də özümün əhvalım pozulsun. Elə mərhələlər olurdu ki, o müalicə alırdı, doğurdan sağalırdı. Bu da bizdə nikbinlik yaradırdı. Sonra yenə xəbər gəlirdi ki, vəziyyəti yaxşı deyil".
Elşən Rüstəmov bildirib ki, Ramiz Novruz həmişə gənclərə qarşı diqqətli olub: "Tamaşalarımıza baxar, fikrini bildirərdi. Kiçik uğurumuza da sevinərdi. Yadımdadır ki, Mən Prezident mükafatına layiq görüləndə birinci zəng edən o oldu. Çox sevinmişdi. Ramiz müəllimlə çox xatirələrimiz var. Çox təəssüf ki, hər şey yarımçıq qaldı. Çox ümid edirdim ki, sağalacaq, gələcək və biz yenidən bərabər oynayacağıq".