25 Aprel 2023 18:14
8 755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər mediada, sosial şəbəkələrdə Akademik Milli Dram Teatrının rəhbərliyinə kimin təyin olunacağı məsələsi geniş müzakirələrə səbəb olub.

Xalq artisti Azər Paşa Nemətovun vəfatından sonra teatrda direktor, bədii rəhbər və baş rejissor vəzifəsi boş qalıb. Vaxtaşırı sosial şəbəkələrdə bu postlara namizədlərlə bağlı yazılar paylaşılır, müzakirə açılır.

Ötən həftə mətbuatda Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Mehriban Ələkbərzadənin "Azdrama"nın bədii rəhbəri vəzifəsinə təyin olunması haqqında xəbərlər yayıldı. Rejissor saytımıza açıqlamasında “Ortada rəsmi heç nə yoxdur. Rəsmi qərar verilməyənə qədər bu barədə danışmağı artıq bilirəm” deməsi ilə xəbəri nə təsdiqlədi, nə də inkar etdi.

Teleqraf.com məsələ ilə bağlı teatrın yaradıcı heyətinin fikirlərini öyrənib.

“Onlar ancaq qisas almağa gəlirlər”

“Dramadan bəzi çaqqal səsləri gəlir. Çaqqalın işi ulamaqdır...Unutmayın” paylaşımı ilə gündəm olan Əməkdar artist Füzuli Hüseynov öncə yazdığına aydınlıq gətirdi:

“Bilirsiniz, o fikirləri əsəbləşib yazmışdım. Yaranan mənzərə məni ciddi düşündürür, sanki hamı hazırlaşırdı, yaxud bir plan qurmuşdular ki, Azər Paşa müəllimi öldürüb yerinə gəlsinlər. Cinayət işi açılsa, sonu bura qədər gəlib çıxa bilər. Bu sənətlə məşğul olan insanlarda peşə etikası olmalıdır. Onsuz da rəhbər təyin olunanda sizdən heç kim nəsə soruşmayacaq.

Teatr dövlət qurumudur, dövlət də özünün məsləhət bildiyi insanı rəhbər təyin edəcək. Azər müəllimin vəfatından az müddət keçib və bumüddətdə bu qədər mülahizələrin səslənməsi mənə xoş deyil. Ona görə dözmədim və belə bir status yazdım, yaxşı da etdim, yazdıqlarımın sonuna kimi arxasındayam. Mən paylaşımda ad çəkməmişdim. Amma yavaş-yavaş üzə çıxıb, özlərini büruzə verirlər.

O ki qaldı təyinata, bir daha deyirəm ki, həmin şəxsi dövlət təyin edəcək. Akademik Milli Dram Teatrı statusu olan teatrdır. Hərçənd milli statusu hələ ki yalnız sözdə və addadır, sənəddə rəsmi təsdiqini tapmayıb. Ümid edirəm ki, rəhbər təyin olunan insan bu məsələni də diqqətdə saxlayar.

Mən elə adamın rəhbər olmasını istəyirəm ki, teatrı sevsin, amma teatrın içindən olmayan və ələlxüsus uğursuz aktyor və rejissorlardan olmasın. Çünki onlar ancaq qisas almağa gəlirlər, öz mənafelərini düşünürlər.

Direktorluğa mənim namizədim mədəniyyət nazirinin keçmiş müavini Vaqif Əliyevdir. O, teatr aktyorlarını çox sevən bir insandır və bu sahədən deyil. Elə bir insan gəlsin, həm teatrın içindən, həm də kənar teatr bilicilərindən ibarət Bədii Şura yaratsın, rejissorları dəvət edib, teatrı işlək duruma gətirsin. Mənim istəyim budur.

Əks durumda baş rejissor, üstəlik bədii rəhbər təyin olunan hər hansı rejissorun sevimli aktyoru və aktrisaları olur. O, işini həmin insanlarla quracaq, küsənlər isə yenə qalmaqal yaradacaqlar.

O ki qaldı Mehriban xanıma...Bununla bağlı rəsmi qərar yoxdur, hələlik yalnız sözdədir”.

“Öz komandasını yığmasın, hamıya eyni gözlə baxsın”

Əməkdar artist Mehriban Xanlarova: “Həmişə demişəm və deyirəm, kim gəlir gəlsin, xoş gəlir, amma hər şeyi doğru-dürüst etsin. Ədalətli olsun, vicdanla işləsin, onun rolunu alıb buna, bunun rolunu alıb ona verməsin, öz komandasını yığmasın, hamıya bir gözlə baxsın. Mənim istədiyim budur.

Direktor vəzifəsinə gəlincə, düşünürəm ki, bu bizim kollektivin içərisindən biri olmalıdır. Kollektivdə bütün aktyor və aktrisaları yaxından tanıyan, onların bacarıqlarını bilən direktor müavinləri İlham Əsgərov, Hacıbaba Məmmədovdur. Çox istərdim, onlardan biri olsun”.

“Bu, teatrın inkişafına xidmət etsin”

Aktrisa Rada Nəsibova: “O haqda məlumatım yoxdur. Amma əgər Mehriban xanım teatra bədii rəhbər, rejissor kimi təyin olunursa, bunu ancaq alqışlayıram. Çünki sevdiyim xanımdır. Həm şəxsiyyətinə, həm savadına, həm dünyagörüşünə böyük hörmətim var. Qoyduğu tamaşalar da göz qabağındadır.

Mehriban xanımın “Kod adı VXA -Vətən xainlərinin arvadları” tamaşası çox böyük səs-küyə səbəb oldu. O tamaşaya 4 dəfə baxmışam. Ekran və səhnə həllinin vəhdəti, əsəri özünün yazması və quruluş özü-özlüyündə böyük hadisədir. Nə olursa təki teatrın xeyrinə olsun, teatrın inkişafına xidmət etsin”.


Müəllif: Nərmin Muradova