23 Avqust 2023 09:23
4 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Oksana Rəsulova “Telefon söhbəti” rubrikasında Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Oksana xanım, bildiyim qədəri ilə hazırda Şəkidəsiniz və prodüseri, baş rol ifaçısı olduğunuz “Sara” serialının çəkilişləri ilə məşğulsunuz. Çəkilişlər necə gedir?

- Artıq iki aya yaxındır burdayıq. Çəkilişlərimiz davam edir. "Sara" “OksiMedia” prodakşının məhsuludur. Rejissoru Pakistandan dəvət olunan Rao Ayaz Şahzaddır. Operatoru Şahmar Səfəroğlu, ssenari müəllifi İlqar Fəhmidir. Serial oktyabr ayında yayımlanacaq.
Tamaşaçılar “Sara”nın simasında maraqlı hekayə ilə qarşılaşacaqlar.

- Rejissorun Pakistandan dəvət olunmasının səbəbi nədir?

- Bu haqda hələlik danışmaq istəmirəm. Bir müddətdən sonra bu suallarınıza ətraflı cavab verəcəm.
Hələlik onu qeyd edə bilərsiniz ki, bu seriala ümidlərim çox böyükdür. “Sara” başqa nəfəsdir, başqa gözdür. Pakistan və Azərbaycan qardaşlığı ilə ərsəyə gələn layihədir.


Serialın yaradıcı qrupunu Azərbaycan, Pakistan və Birləşmiş Ərəb Əmirliklərindən olan heyət təşkil edir. Serialın post istehsalı üçün Pakistanın yerli şirkətləri ilə müqavilə bağlanılıb. Azərbaycanda ilk dəfə beynəlxalq səviyyədə çəkilən serial ARB telekanalında yayımlanacaq. Bizə göstərdiyi dəstəyə görə isə Rəşad Məmmədova xüsusi təşəkkür edirəm.

Onu da deyim ki, serialın aktyor heyətinin böyük hissəsi Şəki Teatrının aktyorlarından ibarətdir.

- Heyətdə daha kimlər var?

- Baş rollarda mən, Ziya Ağa, Ülvi Həşim çəkilir. Digər rollarda Mehriban Xanlarova, Xanlar Həşimzadə, Əbülfət Salahov, Valeh Kərimov, Gülşad Baxşıyeva, Oqtay Mehdiyev və başqaları...

- Sara digər qəhrəmanlarınızdan nə ilə fərqlənir?

- Bununla bağlı danışmaq istədiklərim çoxdur. Amma yenə deyirəm, hələlik bu haqda susaq.

- Azərbaycan Prodüserlər Gildiyasının idarə heyətində siz də yer aldınız. Fəaliyyət hansı istiqamətdə olacaq, prodüserlərin durumunun yaxşılaşdırılması üçün, sizcə, hansı addımlar atılmalıdır?

- Gildiyada idarə heyətinə səsvermə ilə seçildim. Düşünürəm ki, Azərbaycanda fəaliyyət göstərən prodüser şirkətlərinin bir yerdə cəm olması inkişafa xidmət edən mühüm faktordur. Gildiya məhz bunu hədəfləyir. Vahid bir mərkəzdə birləşmək ümumi işimizə müsbət təsir göstərəcək.

Bilirsiniz ki, 2014-cü ildən “OksiMedia” şirkətinin rəhbəriyəm. Planlarımız həddən artıq çoxdur. Xarici ölkələrin prodüser mərkəzləri ilə əlaqələr qurmaq, yerli prodüser mərkəziləri ilə birgə işləmək istəyirik. İşimiz dayanmır. Yerli prodüser şirkətlərinin hər birinə uğur arzu edirəm. Dayanmaq olmaz, irəliləmək, inkişaf etməyə çalışmaq lazımdır.

- Azərbaycanda azsaylı qadın prodüserlər var. Bu işin qadın üçün ağırlığı, ağrılı tərəfi nədir?

- Qadın olaraq ilk addımlarımı atanda çox çətinlik çəkdim. Amma indi püxtələşmişəm. Prodüser bir çox komponentləri yaxşı bilməlidir. Prodüser yaxşı riyaziyyatçı, yaxşı psixoloq, yaxşı idarəçi olmalıdır. Çəkiliş meydançasında 150 -200 insanı idarə etmək lazımdır. Bu təcrübə ilə, oxumaqla, öz üzərində çalışmaqla mümkündür. Təcrübə insanları tanıyaraq, kitabları oxuyaraq, dünyanı gəzərək qazanılır.

- Bir də insanın bu işdə peşəkarlaşmış, məsləhətinə önəm verdiyi yaxşı dostları olmalıdır. O dostlarınız çoxdurmu?

- Əslində yox. İlk addımında heç kimdən məsləhət almamışdım. Qərarlarımı adətən özüm verirəm. Hətta biləndə ki, səhvdir, düşünürəm, səhv mənə aiddir. Və bu səhvin üzərində işləyəcəm, onu düzəltmək üçün çalışacam. Tək prodüserlikdə deyil, bütün sahələrdə səhv addımlar da, uğurlar da olur. Səhvlər bizə yol göstərir və bizi böyüdür.

- Səhviniz, yoxsa uğurlarınız daha çoxdur?

- Səhvlərim də olub, amma o qədər də uğurlarım olub. Səhvlər məni yolumdan döndərməyib. Hər bir çətinlik və məğlubiyyət məni daha da gücləndirib. Mənə motivasiya verib. Bu, yaxşıdır.

Prodüserlik sahəsində bir çox insanlar əllərini qaldırıb məğlub olublar, yaxud küsüb gediblər, amma bir çoxları da bu işi davam etdirirlər. Mən sonunculardanam. Yaxşı düşünmək lazımdır ki, işlərin yaxşı getsin.

- Ən uğurlu layihəniz hansı olub?

- Ən uğurlusu “Mələyim öpüşü” filmi idi. Maddi baxımdan da o filmin geri dönüşü çox yaxşı oldu.

- Söhbət prodüserlikdən düşmüşkən, dünyada son günlərin ən uğurlu prodüser işi “Barbi”dir. Filmə baxmısınız?

- İki aya yaxındır Şəkidəyəm. Baxmaya vaxt, imkan olmayıb. Amma trendə qoşuldum, şəkil çəkib sosial şəbəkədə paylaşdım.

Əslində film marağımda deyil, amma dünyada həqiqətən böyük ajiotaj yaratdı. Ən baxımlı filmlər siyahısına düşdüyünə görə o filmə mütləq baxacam.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər