“Son illər filmlərə çəkilmək təklifi almıram. Ümumiyyətlə, müşahidələrimə əsasən, yeni çəkilən filmlərimizdə qadınlara çox az yer verilir. Və bu, heç də yaxşı hal deyil”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Əməkdar artist Suğra Bağırzadə deyib. Onun sözlərinə görə, “Azərbaycanfilm”də çalışmasına baxmayaraq filmlər çəkilmir. Gələn təkliflər isə seriallardandır: “Bir neçə serial təklifi almışdım. Hətta bir ikisinin çəkilişləri də başladı. Amma bir, iki seriyadan sonra çəkilişlər dayandı. Görünür, maliyyə vəsaiti davam etməyə imkan verməyib. İndi hər şeyin başında maliyyə dayanır”. Hazırda daha çox özünü floristikaya həsr etdiyini deyən aktrisa yaratdığı Floristika Cəmiyyəti və tələbələrindən razılıqla danışıb: “Ötən ilin avqust ayında tələbələrimlə sərgi təşkil etdik. Hesabat xarakterli sərgi çox maraqlı keçdi. Uzun illərdir ki, ”Azərbaycanfilm" kinostudiyasında öz işçi otağım var. Əsərlərim oradadır, işlərimi orda görürəm. Çox təşəkkür edirəm ki, kinostudiyanın direktoru Müşfiq Hətəmov floristika kurslarının təşkili üçün orada mənə geniş şərait yaratdı. “Azərbaycanfilm” heç vaxt mənə ögey münasibət göstərməyib. Amma filmlərə çəkilməklə bağlı nə kinostudiyadan, nə digər istehsalçı şirkətlərdən dəvət almıram. Düşünürəm ki, mənə yaraşan rolları olsaydı, təklif edərdilər. Bir də ki, aktrisalıq sənəti rejissordan asılıdır. Rejissor sənə uyğun rolu tapmalı ki, səni o rola dəvət etsin. Filmlərdə rejissor böyük qüvvədir. Amma məni narahat edən başqa məsələdir, son zamanlar çəkilən filmlərimizdə qadın obrazları çox azdır. Əvvəllər daha çox ailə haqda, eləcə də qadınların taleyi barədə filmlər çəkilirdi. Ailədə də bilirsiniz ki, bir çox qadın obrazları var: ana, xala, qonşu, bibi, nənə... baxın, nə qədər obraz oldu... Bu rollar sayəsində aktrisalarımız daim çəkiliş meydançalarında olurdular, çəkilirdilər".
Nərmin