Mədəniyyət və İncəsənət Universitetində "Türk Dünyası Beynəlxalq mədəniyyət konfransı" adlı tədbir baş tutub.
Teleqraf.com xəbər verir ki, tədbirdə Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxış edib:
"Türkiyə-Azərbaycan qardaşlığının ən zirvədə olduğu bir tarixə şahidlik edirik. Türkiyə və Azərbaycan, Türk dünyası və oğuzlar bir çatı altında araya gələrək çalışmağa başlamışıq. Okyabr çox önəmli tarixlərin baş verdiyi aydır.
Bu il Ümummilli Lider Heydər Əliyevin yüz illik yubileyidir. Türkiyə Cümhuriyyətinin də yüz illiyidir. Bu tədbir iki böyük şəxsiyyət Heydər Əliyev və Mustafa Kamal Atatürkün xatirəsinə həsr edilib.
Oktaybr ayı həm də ona görə dəyərlidir ki, müstəqilliyimizi bərpa etmişik. Son iki ildə ölkəmizdə baş verən hadisələrə, böyük bir tarixə şahidlik edirik. Azərbaycan milləti Qarabağ torpağını azad etdi, Xankəndiyə bayrağımız sancıldı. Azərbaycan xalqı böyük bir zəfər qazanmış millətdir.
Bu günlər bizim üçün çox müqəddəsdir. Övladlarımızın çiyinlərinə ağır yük buraxmadan tariximizin ən şərəfli səhifələrini yazırıq. Bu tədbir Türkiyə-Azərbaycan qardaşlığını göstərir".
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı tədbirdə iştirak edən qonaqlara təşəkkür edib: "Türkiyədən ölkəmizə gələn və tədbirdə iştirk edən qonaqlarımıza təşəkkür edirəm. 2023-cü ilin əhəmiyyətini hər kəs bilir, bu il hansı tarixi günləri yaşayırıq. Türkiyə Cümhuriyyətinin 100 illiyi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyidir.
Bu il Azərbaycan üçün həm də ona görə əhəmiyyətlidir ki, 2020-ci ildə başlanan savaşdan sonra 23 saatlıq antiterror əməliyyatı keçirdik. Azərbaycan torpaqlarında yuva qurmaq istəyən terror qruplaşmalarını, erməni vəhşiliyinin kökü kəsildi. Torpaqlarımızda bayrağımız dalğalanır.
Türkiyə və Azərbaycanın bu savaşda yan-yana dayanması ölkəmizə və bütün türk dünyasına yeni bir mərhələ gətirib".
Qeyd edək ki, tədbirdə Milli Məclisin sədr müavini Fəzail İbrahimli, millət vəkilləri Rafael Hüseynov, Arzu Nağıyev, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Türkiyənin “Kızılelma” Qadın Gənclik Uşaq Dərnəyinin rəhbəri Yasemin Meydan və bir çox qonaqlar iştirak ediblər.