18 Noyabr 2023 09:38
1 691
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çapar" yayınlarının baş redaktoru Dilqəm Əhməd Teleqraf.com-un suallarını cavablabdırıb.

Onunla müsahibəni təqdim edirik:

- Dilqəm bəy, Azərbaycanda vaxtaşırı kitab sərgiləri təşkil olunur. "Çapar" nəşriyyatı olaraq sərgilərin təşkil qrafiki haqda nə deyərsiniz? Sizcə, bu sərgilər ildə neçə dəfə təşkil olunsa kifayət edər?

- Mən həm oxucu, həm yazar, həm də "Çapar" nəşrlərinin baş redaktoru kimi artıq bir neçə dəfədir kitab sərgisinə qatılıram. Səmimi deyim ki, hər ötən il sərginin daha ehtişamlı keçdiyini görürəm, buna sevinirəm. Çünki sərgilər oxucu-yazıçı münasibətlərinə, nəşriyyat bazarına böyük təsir edir.

Mədəniyyət Nazirliyi bu səpkidə ildə bir dəfə 5 gün müddət olmaqla sərgi keçirir və düşünürəm ki, bu doğrudur. Çünki belə geniş sərgilərə nəşriyyatlar ildə bir dəfə tam hazır ola bilirlər. Yəni nəşriyyatlar növbəti sərgiyə qədər yeni kitablar çap etməli, xarici müəllifləri varsa, onların əsərlərini tərcümə etməli, hüquqlarını almalı, sərgiyə gəlişlərini planlamalıdırlar. Oxucu sərgiyə ötən il gördüyü kitablar üçün deyil, yeni nəşrlərlə tanış olmaq, almaq üçün gəlir.

Digər tərəfdən naşirlərin birliyi var, onlar da mütəmadi həm paytaxtda, həm də bölgələrdə sərgilər keçirirlər. "Qanun" nəşriyyatı ayrıca sərgilər təşkil edir. Biz də "Çapar" olaraq bu ilin yanvarında I Turan Kitab Festivalını keçirmişdik. Bu baxımdan ilboyu çoxlu sərgilər olur.

Onu da bildirim ki, Mədəniyyət naziri, hörmətli Adil Kərimli stendimizi ziyarət etdi. Bu sərgidə biz iki mühüm tədbir keçirdik. İstanbul Ticarət Universitetinin rektoru, professor Əbdülhəmid Avşarın Qafqaz İslam Ordusu ilə bağlı kitabını nəşr etmişdik. Müəllifimizi nazirlik Bakıya dəvət etdi, ona imza günü keçirdik.

Eləcə də professor, görkəmli diplomat Vilayət Quliyevin Bəkir Çobanzadənim Budapeşt həyatı ilə bağlı yazdığı kitabını nəşr etmişdik, bu kitabı da müəllifin iştirakı ilə tanıtım və imza mərasimlərini keçirdik.

- Gəlin, təşkilati işin müsbət və mənfi cəhətləri, üstünlükləri və əyər-əskiklikləri barədə də danışaq və bircə-bircə sadalayaq...

- Təşkilati işi ümumi olaraq bəyəndim. Baku Ekspo Mərkəzi bu kimi sərgilər üçün ideal yerdir. Uzaqlıq problem olsa da, şəhərin bir neçə məntəqəsindən pulsuz avtobusların təşkil edilməsi müsbət sayılmalıdır. Bu, xüsusən, tələbələrin, gənclərin sərgiyə gəlişinə xidmət göstərirdi.

Sərgi ilə bağlı öncədən elan verilir, şərtlər irəli sürülür, nəşriyyatlar da buna müvafiq davranırlar. Bilirsiniz ki, müəyyən ölçüdə yer pulsuz verilir, əlavə yer istənilərsə, nəşriyyatlar ödəniş etməlidirlər. Düşünürəm ki, bu ödənişin məbləği azaldılsa yaxşı olar.

Sərgidə mənim xoşuma gəlməyən universitetlərin, institutların, dövlət qurumlarının, kitabxanalarının təmsili formasıdır. Bilirsiniz ki, bu qurumların çap etdikləri kitabları, adətən, kitab mağazalarında tapmaq olmur. Sərgidə isə bu kitabların sadəcə varlığı göstərilir. Yaxşı olar ki, qurumlar həm də çap etdikləri kitabları sərgidə satsınlar.

Məsələn, mən Pişəvəri dönəminin "Azərbaycan" qəzetinin transliterasiya edilmiş birinci cildini sərgidə görsəm də, ala bilmədim. Ümumi təşkilati işlə bağlı narazılığım yoxdur.

- Sərgiyə kimlərin maraq göstərməsi sualı da aktualdı. Sırf oxucu kimi gələnlər, dost yazarların çağırışıyla gələnlər, rəsmi qurumun təşkilatçılığıyla gələnlər... Bu təsnifata əlavəniz varmı? Sizcə, hansı kateqoriya daha daha həvəslə kitab alırdı?

- Müstəqil gələn şəxslər daha çox kitab alırdılar. Düzü, məktəblilərin toplu şəkildə gətirilməsinin işə bir faydası yoxdur. Çünki açıq desək, nəşriyyatlar sərgiyə ona görə qatılırlar ki, kitab satsınlar. Təbii ki, tanıtım, maarifləndirmə işi də var, amma ana məqsəd məhsulların satılmasıdır. Bu baxımdan məktəbliləri gətirən müəllimlər uşaqlara kitab almırdılar. Almalı da deyillər.

Hər halda valideynlər nəzərə almalıdırlar ki, nəşriyyatların onlara kitab, dəftər hədiyyə etmək imkanları yoxdur. Məktəblilər isə hər stenddə hədiyyə istəyirdilər. Mən özüm sadəcə sosial mediada elanlar verdim. Heç kimi dəvət etmədim, çünki dost-tanışa məcburi kitab satmaq olmaz.

Amma bizim stendimizi daha çox oxucular ziyarət edirdilər. Xaricdəki oxucuların sifarişlərini təmin edənlər də vardı. Bəzi qurumlar təqdimat zonalarında edəcəkləri tədbirlərə görə əməkdaşlarını könüllü və ya məcburi gətirmişdilər. Onlar da nadirən kitab alırdılar.

- Sosial şəbəkələrdə "kitab oğurluqları" barədə də fikirlərə rast gəldik, bu, düşünülümüş "piar" işi deyildi ki? Yəni doğrudanmı kitab oğruları vardı?

- Şəxsən bizim stenddən oğurluq olub-olmadığını bilmirəm. Amma eşitdiyim qədər, bəzi müəllimlər məktəbliləri yaxşı təlimatlandırmamışdılar. Onlar elə zənn edirdilər ki, stenddə gördüklərini götürə bilərlər. Belə hallar eşitmişəm.

Amma həmkar kitabçılar statuslarında kitab oğrusu tutduqlarını yazmışdılar. Oxuculara fürsətdən istifadə edib səslənirəm ki, "kitab oğurluğu oğurluq deyil" deyimini ciddi qəbul etməsinlər. Bu, oğurluqdur.

Yeri gəlmişkən, məni ən çox narahat edən hədiyyə istəyənlər idi. Elə bilirlər ki, sərgidə çoxlu kitab, dəftər varsa, deməki, naşir üçün sıxıntı olmayacaq. Halbuki bir neçə nəşriyyatı çıxmaqla qalanı çətin şərtlər altında fəaliyyər göstərirlər. Əlində "Ayfon" telefonu tutan qadın şəxsən məndən kitab hədiyyə istədi. Bu, naşirə, kitaba hörmətsizlikdir.

- Alıcıların sərgiylə, kitabla, kitabın qiymətləri və təşkilati işlə bağlı hansı fikir, rəy və mülahizələriylə qarşılaşdınız?

- Məni ən çox narahat edən kitabların təbii səbəblərdən baha olmasıdır. İnanın ki, arxasında 10 manat yazılan kitabdan nəşriyyata uzağı bir manat qalır. Oxucu elə bilir ki, nəşriyyat hər kitabdan 10 manat qazanır. İnsanların maddi vəziyyətləri də bəllidir.

Bu baxımdan qiymət məsələsində həm naşirlər, həm də oxucular haqlıdırlar. Kitab nəşri ölkəmizdə bahalı işdir. Vaxt məsələsi ilə bağlı şikayətlər olurdu. Amma bunun çarəsi yoxdur. Hər il kitab sərgisinə iki gün həftəsonu olmaqla vaxt müəyyənləşdirilir. İşləyən insanlara iki gün, məncə, yaxşı təklifdir.

Sərgi salonu saat 20-də bağlandığı üçün işdən çıxıb gələnlər çatmırdılar. Bununla bağlı şikayətləri vardı.

- Sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də müəllifin kitab satmasına münasibətdə fərqli yanaşmalarla bağlıydı. Praktik iş hansı mövqeyə üstünlük verirdi: alıcı kitabı satıcıdan almağı xoşlayar, müəllifdən, yoxsa fərqi yoxdur?

- Bizim stendimizdə müəllif masası qoyulmuşdu. Mən daxil, heç bir müəllif kitab satmırdı. Satıcı əməkdaşlarımız vardı. Şübhəsiz ki, müəllifin oxucuya kitab satması, pul qalığı qaytarması etik deyil. Müəllifi oxucunun gözündən salar.

Amma kitabını özü satana da heç nə deyə bilmərik. Bu da bir yoldur. Bəzi müəlliflər həm də ona görə kitabı özləri satır ki, mağazalar hər kitabdan 30-40 faiz haqq alır. Bu, heç kimə sərf etmir. Ona görə kitabını özü satanları da anlayırıq.

- Sizcə, Azərbaycan oxucusu hansı məzmunlu kitabları almağa daha meyllidi? Müşahidələr nəyi göstərdi?

- Müşahidələr göstərir ki, hələ ki ənənəvi romana, şeirə maraq güclüdür. Klassiklərin əsərləri çox satılır. Biz tarix mövzusunda kitablar təklif edirik, ildən-ilə buna da rəğbət çoxalır. Məsələn, bizdə bir neçə kitabın tirajı tam bitib. Xüsusən də, Cümhuriyyət dövrü ilə bağlı çap etdiyimiz kitablar böyük maraq doğurur.


Müəllif: Teleqraf.com